28 gün/həftə sonra - 28 days/weeks later

Diqqət! Yazıda müəyyən qədər spoyler ola bilər. Bu məqam sizi narahat edirsə, xahiş edirəm oxumağa davam etməyin!

"Yoluxmuş" şimpanzelərdən insanlara keçən dəhşətli virus insanları iki növə ayırır: yoluxmuş və yoluxmamış. Heyvan aktivistlərinin laboratoriyalarda azad buraxdıqları şimpanzelər vasitəsi ilə İngiltərə boyu yayılmış dəhşətli virus insanları yeriyən ölüyə çevirir. 28 gün sonra protaqonistimiz Cim atılmış hospitalda komadan oyanır. Gəzişərkən görür ki, şəhərdə heç kim yoxdur və kilsədə onun üstünə qəribə davranan "insanlar" hücum etdi. Selena ilə Mark onu xilas etsə də, sonradan Cim də onları xilas edir...

28 həftə sonra isə virus Londonda səngiyib və ölkəyə ABŞ ordusu daxil olub. Amerika ordusu ciddi nəzarət altında şəhər əhalisini yenidən məskunlaşdırmaq və artırmaq missiyası ilə məşğul olsa da, təhlükəsiz zonaya virus daşıyıcısının daxil olması nəticəsində bu dəhşətli bəla yenidən təkrarlanır. Gözlənilən özünü doğruldur, hər şey yenidən başlayır...

Hər şeydən öncə onu vurğulamalıyam ki, mən əsla dəhşət janrının həvəskarı deyiləm. Görünüş cəhətdən iyrənc şeylərə baxmaq, axmaq hadisələrə əsasən adrenalin ifrazını stimullaşdırmaq və bundan zövq almaq mənlik deyil. Dəhşət janrının həvəskarı olan bir xeyli dost-tanışım olsa da, heç vaxt bu marağı onlarla bölüşməmişəm. Sözün düzünü desəm, "28 gün sonra" filmini izləməzdən öncə oxuduğum film təsviri mənə tam olaraq film haqqında təsəvvür sahibi olmaqda uğurlu olmamışdı və mən yalnızca müəyyən bir müddət sonra xəbərdar oldum ki, film dəhşət janrının nümayəndəsidir. Təbii ki, "28 həftə sonra" filmində artıq mənim nə gözlədiyini bilirdim və birinci filmin süjetinin davamı kimi bu filmi izləmək mənim üçün maraqlı idi. Yekun nəticədə başa düşdüm ki, "28 gün sonra" başda olmaqla bu filmlər heç də adi dəhşət janrı filmləri deyil, insan təbiətinin özəllikləri, onun mahiyyəti və görünməyən tərəflərindən bəhs edən olduqca düşündürücü və həyəcanlı filmlərdir. 

"127 saat" və "Zibillkikdən çıxan milyoner" kimi sevimli filmlərimin rejissoru Denni Boyl "28 gün sonra" filmini çəkməklə, həm də mənim sevimli rejissorum oldu. "28 gün sonra" filmində simvolika çox güclüdür. Cim kilsəyə daxil olandan sonra səs-küy salıb "müqəddəs atanı"nın diqqətini cəlb edir və o da onun üstünə hücum edir. Daha sonra filmin sonlarında Cimin tək başına ordu ilə mübarizə aparması onun saxta sistemlə olan mübarizəsini simvolizə edir. Başqa sözlə, örtülü olaraq dinin, cəmiyyətin və ordunun sıradan çıxdığını göstərən bir filmlə qarşı-qarşıyayıq. 

Hadisələrin cərəyanetmə sürəti çox itidir. Qanlı, qəddar, amansız səhnələr kifayət qədər çoxdur. Bunun əksinə bəzən minimalizm üslubunda səssiz, bomboş küçələri təsvir edən, emosional və həssas səhnələr də az deyil. Bu maraqlı kontrast izləyiciyə çoxlu informasiya ötürərək onu tələb olunan mühitə sürükləyir. Sənələr bir-birini çox axıcı formada əvəzləyir, izləyicinin emosiyaları ilə yaxşı oynayır. 

Ən maraqlı məsələlərdən biri bilirsinizmi nədir? Bilirik ki, yoluxmuşlar var, onlar yoluxmamışların üstünə hücum edirlər, dəhşətli görünüşə malikdirlər, ümumiyyətlə cəmiyyət və onu ayaqda saxlayan sistemlər çöküb. Filmin sonlarına yaxın ordunu xilas yolu kimi görən Cim və onun dostları əslində yoluxmuşlardan da dəhşətli tələyə düşdüklərini başa düşürlər. Mənə görə filmin kuliminasiya nöqtəsi məhz bu məqam oldu. Bu tələ də ondan ibarətdir ki, əsgərlər və hərbçilər öz cinsi ehtiraslarını doyurmaq üçün yalan məlumatı radio vasitəsi ilə yayıb özləri üçün qadın tapmaq arzusunda idilər. Bu dəhşətli həqiqət Cimi hərbçilər üçün "yoluxmuş" birisinə çevirir. Onun leysan yağışın altında tikanlı məftillərlə dolu damlarda ora-bura qaçıb xüsusi dərrakə ilə onları məhv etdiyini izləmək mənim üçün olduqca zövqverici oldu.  

Əsas fəlsəfi yük insan cəmiyyətinin anarxizmə geridönüşünə vurğu vurmasındadır. Fəlsəfi məqamları başa düşmək üçün "28 gün sonra" filmindəki serjant Farrell obrazının dediklərinə diqqətlə qulaq vermək lazımdır: Okeanın o tayında onlar yeyib-içib "Simpsonslar"a baxırlar, arvadlarının yanında təmiz çarpayında yatırlar,  amma biz burda qızdırıcıya qandallanmışıq. Ona görə ki, burda artıq hər şey dəlilikdir. Dünyanın o birisi ölkələrində həyat dayanmayıb. Düşün bu haqda: infeksiya okeanları, dağları və çayları necə keçə bilər? Dünyanın geriyə qalanı normal olaraq davam edir. Düşün. Bu haqda düşün. Bu balaca adada nələr baş verir? Onlar bizi karantina salıblar. İnfeksiya deyə bir şey yoxdur. Sadəcə insanlar insanları öldürürlər. 

"28 gün sonra" filmində Silian Mörfi (Cillian Murphy), Nayomi Harris (Naomie Harris) və Meqan Börns (Megan Burns) aktyor heyənin gözü olub çox əla iş çıxarıblar. Bu cəhətdən tam razı qaldım. "28 həftə sonra" filmində isə Robert Karlayl (Robert Carlyle) və İmogen Putsun (Imogen Poots) performansı yaddaqalan oldu. 

"28 gün sonra" filminin məğzində səbəbli və səbəbsiz insan zorakılığının təbiətini təsvir etmək dayanırsa, "28 həftə sonra" filmində isə biz müəyyən qədər sakitləşmiş atmosferdə insani münasibətlərin - sevgi, yalan, qorxaqlıq və s. kimi - fonunda baş verən virusun dirilməsini və onun fəsadlarını müşahidə edirik. "28 həftə sonra" "28 gün sonra"dan fərqli olaraq məndə çox da dərin təəssüratlar oyatmadı. Müəyyən süjet səhvləri və yalnışlıqlar var idi. Xülaseyi-kəlam, "28 gün sonra"dakı aldığım möhtəşəm təəssüratları ala bilmədim. 

Belə filmlərin maraqlı cəhəti ondan ibarətdir ki, izləyici hər an küncdən bir bədheybətin hücumunu gözləyir, bir an belə rahatlaşmır. Ümumi fikrim ondan ibarətdir ki, 28 rəqəmi ilə bir-birinə bərkidilmiş filmlər özündə müəyyə fəlsəfi məqamları və elmi xüsusiyyətləri daşıyır. İzləməyə dəyər. 









Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi