Viktor Pelevin - Baxıcı

RUS: Виктор Пелевин - Смотритель

İmperator Birinci Pavel, təkrarsız əlkimyəgar və mesmerist, sui-qəsdçilər tərəfindən qətl edilməyib. Çevriliş ona Peterburqu xəlvətcə tərk etməsi üçün yaradılmış teatr tamaşası idi. Əlkimyəgər Pavel dahi Frans-Anton Mesmer tərəfindən yaradılan dünyaya - İdilliuma gedir. Pavel onun birinci baxıcısı olur. Artıq üçüncü yüzillikdir ki, İdillium bizim dünyadan gizlənir və onunla xüsusi qanunauyğunluqlar çərçivəsində qarşılıqlı münasibətdə olur. İdilliumun müdafiəsi bir neçə dəfə bir-birini əvəzləmiş baxıcının işidir. Hər bir yeni kəs İdilliumun sirrini öyrənib, əslində kim olduğunun fərqinə varmalıdır...

Aleksis de Kije fransız inqilabı zamanı Birinci Pavel və  Frans-Anton Mesmer tərəfindən əsası qoyulan İdlliumunun birinci baxıcısıdır. O, "Heçlik"də "Varlıq" yaradır və 4 mələklə ünsiyyət qurur. Tanrı kimi bir şeydir, amma haradan gəldiyini və kim olduğunu bilmir. Bunu öyrənmək isə çox vacibdir. Əks təqdirdə bu sözləri deyə bilməz: dünya sərhədsiz sehrli bir kristaldır, istənilən an onu elə fırlamaq olar ki, xoşbəxtlikdən qəhqələrdə boğula, ya da dəhşətdən donub qalarıq...

Viktor Pelevinin bu dəfəki ikicildlik romanının bir suyu mistika, digər suyu da realizmə çəksə də, əslində bu məqam oxucunun özündən asılı olacaq. Əsər oxucu üçün əsl beyin partlayışıdır. Yazıçının hər yeni kitabı sosial-mədəni reallıq və populyar mədəniyyət hadisəsidir. O, Rusiya tarixi və mədəniyyətinə alternativlər təqdim edərək olduqca cəsarətli təcrübələr həyata keçirir. Belə demək mümkün olarsa, bu onun korporativ üslubuna çevrilib. Oxucu beyni adlanan o limana çox ağır lövbər salan Pelevin, bu dəfə də heç nədən qorxmayıb, çəkinməyib, hətta Ledi Qaqanı da obrazlarından birinə çevirməyə müvəffəq olub. Dünya tarixinə və mədəniyyətinə xarakterik ən parlaq anlayışları və təcrübələri romanlaşdıran yazıçı "Baxıcı" əsəri ilə bizi onun yaratdığı al-əlvan, möhtəşəm, ecazkar və təkrarsız dünyaya "Baxıcı" olmağa dəvət edir.

Pelevin janrını ona görə bəyənirəm ki, o reallığın düz gözünün içinə baxır və onu ələ salır. Pelevin heç vaxt nəyisə olduğu kimi yazmır. Öz zəngin təxəyyülü, intellektuallığı və yanaşmaları ilə müəyyən süjetin müxtəlif ideyalarla əlaqələndirir. Paralellik, anaxronizm və məişət elementləri onun əsərlərində ən çox rast gəlinən şeylərdir. Onun dəst-xətti bir tərəfdən hamı üçün əlçatan mətn təqdim edirsə, digər tərəfdən də müəyyən hazırlığı olan oxucu auditoriyasına müraciət edir. Belə qəribə paradoks Pelevini mənə sevdirir. "Baxıcı"nın annotasiyası niyə görəsə mənə çox şey söz vermirdisə də, Viktor Pelevinin bütün əsərlərini oxumaq mənim bir oxucu kimi ən əsas arzularımdan biridir. 

Pelevin reallığın vasitəsi ilə virtuallığın və ya qeyri-reallığın təmin edilməsi üzrə ustadır. Adətən digər yazıçılarda bu kommunikasiya birtərəfli və əksinə olur. Məsələn, yazıçının öz dünyası olur və həmin dünyadan bizim dünyaya daşıyıb gətirdiyi hadisələr, süjet və ya obrazlar olur. Bəxti gətirərsə, yeni ideyalara görə formalaşmış oxuculardan müəyyən məqbul qiymət ala bilir. Pelevində isə vəziyyət əksinədir. Başqa sözlə, o, bu reallığı əsas alıb haradasa çox uzaqda, xüsusi, indiki halda isə İdillium kimi bir aləm yaradır. Bu təkcə hadisələrə və ya obrazlara fərqli yanaşma yox, həm də ümumi paradiqma dəyişikliyini özündə ehtiva edir. Məslən, telefon telefondur (əsasən smartfonlar), hamı bunun nə məqsədlə istifadə olunduğunu və nəyə gərək olduğunu yaxşı bilir. "Baxıcı"da telefon anlayışı bir əşya kimi tamamilə başqa ideyalar çərçivəsində mövcuddur və "umafon" olaraq adlandırılıb. Belə nümunələr çoxdur. Elə buna görə də (yeni sözlər, kəşflər və ideyalar) hər dəfə Pelevin məni təəccübləndirə bilir. Əbəs yerə indi də Viktor Pelevindən 9-cu kitabımı - Gözəl xanım üçün ananas suyu - oxumuram.

Bir məqam Pelevin dəst-xəttini anlamaqda mənə kömək oldu. Bu məqam qadınlarla əlaqədardır. Yazıçı praktiki olaraq bütün əsərlərində kişi əsas obrazları yaradır və oxucuya onların partnyoru qismində qeyri-real, bəzən robot və bəzən də anormal qadınları təklif edir. Bundan əlavə tez-tez fahişələrə, başqa sözlə, pulla alınan qadınlara da yer verir. Maraqlıdır, istər-istəməz bu yazıçının qadınlara olan yanaşmasını özündə əks etdirir. Hərgah, burada sadəcə bədii süjetin, ya da məsxərəçi maskulizmin qabardığını söyləmək çox çətindir. Ən yaxşısı çox dərinliyinə getməyək. 

"Baxıcı" əsərinin başına fırlandığı digər əsas məqamlardan biri də baxıcıların vəzifəyə təyin olunarkən qarşılarına qoyulan ən əsas missiya - idarə etməyə çalışdıqları flüidlə əlaqədardır. Flüid burda materiyaya olan allüziyadır. Başqa sözlə, Pelevin əslində materiyanın idarə olunmasına olan cəhdlərdən bəhs edən spiritual-metaforik roman yaradıb. Biz insanlar üçün əsas məsələlərdən biri olan materiya öz mahiyyəti ilə çox böyük önəm kəsb edir. Yüksək ruhi təcrübə, həm də yüksək materialistik bacarıqların yaranmasını qaçılmaz edir. Məsələn, məşhur Koreya rejissoru Kim Ki Dukun "Yaz, yay, payız, qış və yaz" filmindəki rahibin baxışları ilə qayığı idarə etməsi kimi. Odur ki, Pelevin də bu həqiqəti nəzərə alıb olduqca maraqlı süjetlə dəstəkləyib. Bir daha əmin oldum ki, Viktor Pelevinin müəllifi olduğu hər hansısa əsəri oxumaq insan fantaziyalarının öz pikini yaşadığı möhtəşəm aləmə səyahət etməyə bərabərdir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi