Bernar Verber - Bizim dostlarımız insanlar

RU: Бернард Вербер - Наши друзья Человеки 

FR: Bernard Werber - Nos Amis les Humains


Özünü şüşə qəfəsdə tapan bir kişi nə hiss edər? Bəs yaxşı, birdən-birə onun cazibadər qonşusu, gözəl bir xanım peydə olsa, bunu necə başa düşsün? Deyəsən bu kişi və qadın hansısa təcrübənin, qorxulu zarafatın, ya da bilinməyən nə isənin qurbanına çevriliblər. Kimdir onları oğurlayan? Bernar verber bu dəfə bizə realiti şou xarakterində yazılmış bədii əsər təqdim edir. Fransa teatrlarında uğurla tamaşaya qoyulan əsər, insan psixologiyasına aid maraqlı məqamları ifşa edir, bəzi şeyləri aydınlığa qovuşdurur və ən əsası absurd mübaliğə vasitəsi ilə ənənəvi mövzuya alternativ baxış tərtib edərək bizə qlobal xarakter daşıyan reallıqları bir daha xatırladır. 

Bernar Verberi onun əsərlərində bizlərə təqdim etdiyi maraqlı, orijinal ideyalarına görə çox sevirəm. Hər dəfə onun istər qısa, istərsə də uzun həcmli əsərini oxuyandan sonra nə isə öyrənirsən. Sənin üçün yeni bir dünyanın qapıları açılır və əvvəllər sənə naməlum və müəmmalı olan şeylərdən agah olursan. Yaxud da, fərqli və özünəməxsus təcrübələr vasitəsi ilə yazıçı bizlərə alternativ yanaşmaları təqdim edir. Bu fransız yazıçısını çox bəyənirəm. Bəzən yazı üslubunda olan müəyyən boşluqları görsəm də, ümumiyyətlə mütaliə planımda həmişə ona yer var. 


"Bizim dostlarımız insanlar" da qısa, amma maraq dolu bir kiçik hekayədir. Bu hekayə bizə insan sivilizasiyasına qısaca olaraq bir daha baxmağımıza şərait yaradır. Bir kişi və bir qadın arasında formalaşdırılan intriqa vasitəsi ilə oxucuları provokasiya edən yazıçı, hər bir fərdə, hər bir vətəndaşa gec-tez gəlib toxunan, ictimai həyatda onlara paralel olaraq həmişə mövcud olan, amma müəyyən səbəblərdən çox vaxt fərqinə varılmayan mövzulardan söhbət açıb. Elm, etika, hüquq, psixologiya, ailə-məişət həyatı və daha bir çox mövzulara toxunan yazıçı, bunu yadplanetlilərin əsir götürdükləri və şəffaf şüşə qəfəsdə saxladıqları iki insanın timsalında gözəl təsvir edib. Əsərdən çox maraqlı və gözəl nəticələr çıxır: əslində bizim tariximiz, bütün bu qurduğumuz mürəkkəb cəmiyyət mexanizmlərinin əsl mahiyyəti ekstremal şəraitlərdə keçərsiz olur. Biz həmişə öz-özümüzə hesabat verməli və təbiətə, ölümə və digər bütün hər şeyə hörmətlə yanaşmalıyıq. Məhv olan dünyanın və insanlığın da həmçinin ən son nümayəndələrindən olan bu iki insan arasında yaranan münasibətlər çox maraqlıdır. Bütün qlobal proseslərin sadəcə kiçik bir şüşə qəfəsə sığışdırılması maraqlı şeyləri üzə çıxardıb. 

İnsan beyninin xarici aləmdə baş verənlərə tez bir zamanda uyğunlaşması və bundan sonra bütün intellektual irsindən istifadə edib daha çox analizlər ilə məşğul olma bacarığı çox maraqlıdır. İki tamamilə fərqli insan bir-biri ilə necə dil tapa bilər? Bax bu sual bu qısa hekayənin ən əsas sualıdır. Uzun müddət birisi qəfəsdə, digər də laboratoriyada digər canlılara əzab verib, indi də özləri qəfəsdədirlər və bilmirlər nə etsinlər. Bu sadəcə dəhşətdir. Onları kim oğurlayıb? Onlarla nə edəcəklər? Onlar sevimli ev heyvanı olmaqda nə dərəcədə uğurlu olacaqlar? Bəs onlara əzab versələr necə olacaq? Kimdi bütün bu əclaf oyunu oynayan? 

Şüşə qəfəsdə bir qadının və bir kişinin yer alması bizə bir daha kişilərlə qadınların necə də fərqli olduqlarını göstərir. Verber bu dəfə bunu çox yaxşı bacarıb. Həm də xüsusilə qadınarın zəif cəhətləri, onların çox vaxt süni və yalançı qürurlarını ifşa etməkdə yaxşı nəticələrin ortada olduğunu demək olar. Qeyri-stabil insan təbiəti və xarakteri ilə reallığın arasında yaranan qarşılıqlı münasibətlər və əlaqələr məcmusu kimi əsəri olduqca bəyəndim. Rol oyunları və keçmişin təcrübəsindən faydalanmaq olduqca maraqlı teatral görüntü yaradır. 

Verberdə dialoqları çox da sevmirəm. Diaoloqlar adətən quru olur və bir vacib səhnədən digərinə keçid çox ani olur. "Altıncı yuxu" əsərində də bunu hiss etmişdim. Hərgah "Qarışqalar" triologiyasının ilk kitabı məndə çox böyük təəssüratlar oyatmışdı. Bir digər tərəfdən onu fikirləşirəm ki, əslində sadəlik daha yaxşıdır. Mürəkkəb söz oyunları və axmaq pafos nəyə və kimə lazımdır ki? Verber əsas ideyanı çatdırır. Onun əsərlərində toxunduğu ideyalar həmişə özünəməxsus olur və həqiqətən də hansısa reallığı bizlərə bir daha xatırladır. 

Bizim dostlarımız insanlar çox qəribədirlər. Hörmətsizlik, xaos və qəddarlıq onların niyə görəsə xoşuna gəlir. Bəs yaxşı, indi bütün bunları onların özlərinə etsələr necə olacaq? Dözə biləcəklərmi? 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi