Haruki Murakami - Mənim Sevimli Peykim
Kitabın ingiliscə adı: Sputnik Sweetheart
Kitabın rusca adı: Мой любимый sputnik
Sinopsis:
Yalnızlıq. İtki. Məna axtarışı. Məhəbbət üçbucağı. Mistika. Ayrılıqlar. Yuxu
dünyası. Kosmik peyklər. Yerdəki peyklər. Rasional ağlın qayğılanması. Qeyb. Sərhəd.
Geri dönüş. Seçim.
Süjet: Yazıçının
sözlərinə görə bu kitab normal insanların başına gələn anormal hadisələr
haqqındadır. Süjet sadə, amma qeyri-banaldır. Roman sadə və təbii dillə, çoxlu
metaforalı, obrazlı və ədəbidir. Özlərini bir birilərində axtaran 3 obraz və
reallıq və fantastika arasında olan körpü. Orta məktəb müəllimi K, yazıçı olmaq
istəyən Sumireyə vurulub. Sumire isə biznesvumen olan Myu ilə rastlaşır və ona
aşiq olur. Myu ilə birlikdə səyahətdə olarkən, Sumire qəflətən qeyb olur.
Axtarışlara K da cəlb olunur və özünü qəribə bir mühitdə tapır və eyni zamanda
Myunun şəxsiyyət ikiləşməsinin şahidi olur. Daha sonra isə....
Haruki Murakami:
Haruki Murakami dünyaya fərqli baxan yazıçıdır. Onun əsələrində realistik
mistizm olur (bəlkə də bunu Asiya motivli magik realizm də adlandırmaq olar). Şəxsən
mənə təsir etmiş bir çox epizodları heç vaxt unuda bilmirəm. Haruki Murakami
insanın daxili dünyasını təsvir edən elə
gözəl ifadə formaları tapır ki, daha sonra onun üslubuna bağlanıram. Haruki
Murakaminin romanlarını oxuyarkən beynimdə yaranan epzidolar olduqca canlı
olur. Bəlkə də bu yapon film və animelərinə olan həvəsimin nəticəsində əmələ gələn
vizualizasiya məharətidir.
Sən nəyi axtarırsan Murakami? Sənin romanlarında tupikdə olan
obrazların axtarışları və həyata baxışı yer alır. Murakami bu tupikdən çıxışı
axtarır. Yazdığı hər bir romanla da buna müəyyən qədər yaxınlaşır. Deyilənə görə
tupikdən çıxış yalnızca geri-geri getməklə mümkündür. Bəlkə də başqa yollar da
var. Biz bu həyata gələrək tupiklə qarşılaşır, ölərək ondan çıxış tapırıq? Həyatdan
dərs çıxararaq, onu özümüzlə aparmalıyıq? Suallar var. Mən də səninlə birlikdə
bu axtarışlarda iştirak edəcəm. Ən xoşuma gələn bir digər müans ondan ibarətdir
ki, Murakami həyatımızda olan və fikir vermədiyimiz çox şeyi aydınlada bilir.
Ümid edirəm bütün yaradıcıllıq nümunələrinlə tanış ola biləcəm. Hər şeyin sənə
doğma olduğu, sanki, yaşadıqlarımı mənə xatırladan yazıçının olması necə də gözəldir.
Təəssüratlarım: Bu
kitab da Murakaminin digər kitabları kimi yalnızlıqdan bəhs edir. Həyatımıza
daxil olan hər bir kitab bizim üçün müəyyən rola sahib olmalıdır. Bu ola bilər
ki, bizim həyat tərzimizi gümrahlaşdıran kitab olsun, ola bilər ki, gələcək
düşüncələrimizi rahatlaşdırsın, ya da ola bilər ki, sadəcə həyat tempimizi
normada saxlasın. Hərgah ki, roman melanxolik və sakit formatlıdır, şəxsən məndə
öz bədiiliyiylə gümrahlaşdırıcı təsir buraxdı. Müasir yazıçılar arasında Haruki
Murakaminin yeri xüsusidir, çünki o, müasir cəmiyyətin problemlərindən yaxşı bəhs
edir. Dünya qloballaşır və insanların problemləri də eyniləşir. Bu kitabda da
elə müasir insanların müasir problemləri, müasir formada bizlərə təqdim olunur.
Obrazların orbitləri kosmik peyklər kimi sadəcə müəyyən zaman dilimində bir-birilərinə yaxınlaşır.
Obrazlar öz varlıqlarının mənalarını haradasa üfüqdə görürlər və ona can
atırlar. Obrazlar yavaş-yavaş beynimdə doğularkən, onları özümə çox yaxın hiss
etdim. Bu cümləni daha çox romanın adı bəlli olmayan obrazına aid edərdim. Digər
iki obrazların arasında isə lezbiyan münasibətlər gerçəkləşir. əvvəllcə məhz bu
məqama görə kitabı yarıda qoymaq istədim, çünki belə motivlərdən bəhs edən
kitabların iyrənc olduğunu çox görmüşəm. Haruki Murakamidə isə bu motivlər çox
fərqli və ədəbi formada yer alıb. Bu qiraətdən sonra başa düşdüm ki,
Murakaminin romanlarını oxumaq mənim üçün evə qayıdmaq kimidir. Hər şey əvvəlki
kimi tanış və rahat. Digər romanlarda olduğu kimi bu romanda da içimdə nəyinsə
dəyişdiyini hiss etdim. Dəyişmək üçün çox səbəb ola bilər, amma bu kitabdan
sonra baş verirsə daha gözəl olur.
Biz həm əşyaları həm də yaxınlarımızı itirirk. Bəzənsə tapırıq,
sanki, heç itirməmiş kimi. Elə bu roman da bizə bunu göstərir: itkilər, dəyişikliklər
və əlbəttə ki, yalnızlıq.
Elə kitablar var ki onu oxuyuruq və müsbət təəssuratlarla kənara
qoyuruq. Elə kitablar var sadəcə bəyənirik. Elə kitablar da var ki, o bizim
ruhumuzda yeni bir melodiya kimi səslənir və bizi dəyişdirir. Yəqin ki,
anladınız son cümləni hansı yazıçıya (yazıçılara) aid etdim. Yapon prozası və mən
eyni dam altındayıq.
Kitabdan seçmələr:
1) Uzun zaman öncə, rejissor Sem Pekimpin “Vəhşi Banda” filminin
premyerasından sonra keçirilən mətbuat konfransında, bir jurnalist əlini
qaldıraraq sual verdi: Nəyə görə filmdə
bu qədər qan var? Səbəbi nədədir? Jurnalist sualı çox qəti və iti formada
soruşdu. Filmdə aktyor olaraq iştirak etmiş Ernest Borqnayn, sifətində bir qədər
çaşqınlıqla, suala cavab verdi: "İcazənizlə
xanım, insanın quruluşu belədir, əgər o, atəşə məruz qalırsa, ondan qan axır".
Film Vyetnamda müharibənin ən qızğın vaxtında ekrana çıxdı. Bu replikanı çox
sevirəm. Bəlkə də elə reallığın əsası bu replikada gizlidir. Hissələrə bölməkdə
çətinlik çəkdiyimiz şeyləri gərək bölünməz olaraq qəbul edək. Qan buraxmaq. Atəş
və qanaxma. İCAZƏNİZLƏ: İNSANIN QURULUŞU BELƏDİR. ATƏŞƏ MƏRUZ QALDIQDA ONDAN
QAN AXIR.
2) Biz niyə bu dərəcədə yalnız olmalıyıq? Bu qədər yalnız olmaq niyə
bu dərəcədə əhəmiyyətlidir? Dünyada bu qədər adam yaşayır və onlar bir-birilərində
ehtirasla nə isə axtarırlar. Buna baxmayaraq bir-birimizdən sonsuz uzaq, ayrı
qalırıq. Niyə belə olmalıdır? Bəlkə bizim planet insan yalnızlığından
qidalanaraq fırlanır?
3) Sputnik - 4 oktyabr 1957-ci il. Baykonur Kosmodromu
(Qazaxıstan SSR). Sovet İttifaqı bəşər tarixində ilk dəfə yerin süni peykini -
"Sputnik - 1"-i (Спутник-1) kosmosa buraxdı. "Sputnik -
1"-in diametri 58 sm, çəkisi 83.6 kq, o Yerin ətrafında bir dövrəni 96 dəqiqə
12 saniyəyə gerçəkləşdirdi. 1 ay sonra, 3 noyabr tarixində, "Sputnik
2" (Спутник-2), Layka adlı köpəklə birlikdə uğurla start götürdü. Layka
kosmik fəzaya göndərilən ilk canlı oldu, lakin "Sputnik-2" geri
qayıdmadığından, Laykaya, kosmosda aparılan biyoloji təcrübələrin qurbanı olmaq
taleyi qismət oldu. ("Хроника Всемирной Истории”, издательство “Коданся”)
4) İnsan çox darıxacaq olsa belə həyatında bir dəfə olsa da, vəhşi təbiətdə
özüylə baş-başa qalmalıdır. Tamamilə öz-özündən asılı olmağın nə demək olduğunu
başa düşməli, varlığımım mənasını başa düşməli və əvvəllər bilmədiyi gücə
sahiblənməlidir.
5) Bir dəqiqənin içində düzənliyi yerlə yeksan edə bilən
qasırğa kimi dəlisov məhəbbət onun üzərinə hücum etdi. Formaya malik olan hər
şeyi o əvvəllcə ağuşuna alıb göyə sovurur, zərrə qədər də gücünü itirmədən,
tanınmaz hala qədər didib tökür və heç nəyə yazığı gəlmir. Daha sonra Sakit
okeana doğru istiqamət alıb Anqkor Vatı dağıdır, Hindistan meşələrinə gedən
yolda bədbəxt bir pələng ailəsini külə döndərir, İran səhrasında Səmuma çevrilərək,
bütöv bir şəhər-qalanı quma batırır. Gördüyümüz kimi məhəbbət həqiqətn də, çox
monumentaldır.
6) Hər bir hekayənin anlatım zamanı var. Əgər zamanı gələndə
insan bunu eləmirsə, o zaman özünü həmişəlik bu sirrə məhkum edir.
7) Sənə yad
olan bir insanın səhv və yalnışlarını tənqid etmək o qədər asandır ki.
8) Nədir
gözəllik? Onun dəyəri nədədir? - deyə təəccüblənərdi Sumire. Heç kim bu suala
cavab verə bilmir. Bir şey aydındır ki gözəllikdə elə bir şey var ki, o
insanlara təsir edir.
9) Mən yuxular görürəm. Hərdən mənə elə gəlir ki, bu
dünyada olan yeganə doğru şey budur. Sumirenin yazdığı kimi: "Yuxular görmək,
yuxu dünyasında yaşamaq". Düzü, bu çox çəkmir. Nə vaxtsa oyanıram və geri
dönürəm.
Bənzər yazılardan:
Comments
Post a Comment