Şərik - The Associate - Компаньон
Təqdimat:
Maliyyə analisti Lorel Ayris, pullarla əlaqədar hər şeydə çox ağıllı, bacarıqlı
və istedadlıdır. Wall Street-də karyera pillələrini inamla addımlamaq üçün, belə
görünür ki, o, hər şeyə sahibdir, lakin Lorel, kolleqası, rasist Frenk ucbatından
irəliləyə bilmir. Biznes dünyasında da digər sahələrdə olduğu kimi özbaşınalıq
və ədalətsizlik hökm sürür. Buna baxmayaraq, məhz bu gözlənilməz döngələr ona
maliyyə olimpinə gedən yolu göstərir. O, çox riskli və dahiyanə plan
hazırlayır. Lorel hamını inandırır ki, onun şəriki çox vacib, tanınmış
və ağ bir kişidir (rasizmin biznes dünyasındakı təzahürü). Beləliklə, Frenk bəzi
şeylərin fərqinə varıb yenə də fırıldaqçılıqla məşğul olana qədər, “Robert S.
Katti” adı altında yaradılmış illüziya ilə Lorel böyük işlər gördü.
İllüziyalar:
Bilirsiz, bəşər övladı – başqa sözlə kütlə - çox xamdı. Elə onun bu xüsusiyyətindən dolayı
da illüziyalara tez və səmimi qəlbdən aldanır. Tarix boyu din adamları və siyasətçilər
bizə nə söz veriblər? İllüziyalar, elə deyilmi? Biz özümüz də özümüzə çoxlu
illüziyalar yaradıb ona inanır və onun bizə dediyi kimi hərəkət edirik. İllüziyalar
həyatımızda çox vacib rol oynayır. Bu filmdə də biz bunun bir başqa forması ilə
qarşı-qarşıyayıq. İllüziyalar çox istifadəli bir şey olduğundan onu rahatca iş
həyatında, gündəlik söhbətlərdə, ailə münasibətlərində və bir çox digər başqa
sektorlarda da istifadə etmək olar. İllüziyalar, insanların yaratdıqları
yarım-yamalaq ideyalar. Bununla mübarizə aparmağın yegəna yolu isə
aydınlanmaqdır. Aydınlanmaq terminini isə Kant, ağlın istifadəsi kimi izah
edir. Bu isə başqa cəmiyyətləri deyə bilmərəm, öz cəmiyyətimizdə hələ ki, bu bir
balaca çətin məsələdir.
Bu film komediya janrında (daha çox satira) çəkilsə də, rasizm,
haqsızlıq-ədalətsizlik, fırıldaqçılıq, “Böyük Qardaş” – ların ifşası və gender
bərabərliyi haqqındadır. Biz həsədlə puldan pulun qazanıldığı və Wall Street-in
olduğu Amerika iqtisadiyyatını izləyirik. Keşkə biz də orada yaşasaq və həyatımızı
qazana bilsək deyə düşünürük. Halbuki, Leninin sözlərincə desək, çürüməkdə olan
faşim, yəni, kapitalizmin iç üzü çox iyrəncdir. Bunu sözlərə izah etmək çətindir.
Praktikada görmək lazımdır. Bu bu gün Azərbaycan cəmiyyətində də belədir. Kapitalist
cəmiyyətdəki haqsızlıqlar özüylə bərabər əxlaqsızlığı da gətirir. Bir çox qadın
düşünmədən bəzi “kişilər”-in marağına xidmət edən formada hərəkət eləməyə
başlayırlar. Filmdə kişilərin qadınlara olan aşağılayıcı yanaşma tərzi səthi də
olsa əks olunub. Bunu bu sitatdan rahatca
başa düşmək olar: müqavilə bağlamaq üçün görüşən tərəflərdən olan iki iş
qadını söhbət edirlər:
-
Onun
sinəsi sizin xoşunuza gəlir?(içki təqdim edən və çılpaq ofisiant qıza göstərərək)
-
Nə?
-
Mən öz
sinəmi böyütdürməyi düşünürəm.
-
Niyə?
-
Niyə də
yox. İşləməyə kömək edir. Gələn dəfə iş görüşməsinə gedəndə, daha açıq-saçıq
bir şey geyinin. Effekti dərhal hiss edəcəksiniz.
Texniki məsələlər: Aktyorlar cəhətdən onu deyim ki, ən vacib aktrisa əlbəttə ki, baş
rolu ifa edən və “Ghost” filminə görə Oskar almış Vupi Qoldberqdir (Whoopi
Goldberg). Digər aktyorlar sadəcə onun mükəmməlik və səmimiliyini tamamlayır. Bu
aktrisanın siması bizə səmimi aktrisanın necə olmalı olduğunu göstərir. Rejissor
və operator işi cəhətdən, klassik bir ABŞ filmi ilə qarşı-qarşıyayıq. Böyük bir
fərq və unikallıq yoxdur. Filmdə izləyicilərə çatdırılmaq istənilən ideyalar
üçün əla mühit yaradılıb. İmdb-də filmin reytinqinin az olması (5.7) təəssüfverici
haldır. Belə gözəl bir film bu qiymətə layiq deyil. Görünür ki, insanların əksəriyyəti
normal olaraq bu reallıqların sənət diliylə çatdırılmasını başa düşmür.
Sitatlar:
1) Sally: Əgər fərqinə varmısınızsa, Wall Street-də qadınlar üçün
soyunmadan karyera qurmaq çətin məsələdir.
2) Bu şəhərdə bütün iş adamlarının onların xoşlandığı şeydən
xoşlanmadıqları şərikləri var. İnanılmazdır elə deyilmi? Əlbəttə ki, mən
öz-özümü aldadıram. Onların heç bir şərikləriyoxdur. Onlar sadəcə məni yola
verirlər.
3) Bilirsiz, cənablar, mən
eksklüzivlik haqqında bəzi şeylər demək istərdim. Eksklüzivlik, istina mənasını
verən bir sözdür. Düşünürəm ki, bu mənim vəziyyətimi izah edən anlayışdır. Mən
qaydalara görə oynadım. Dayanmadan çalışdım. Çox dürüst oldum, amma bilirdim
ki, mənim imicim bu klubun üzvü olmağa mənə imkan verməyəcək. Mən bilirdim ki,
mənim imicim heç vaxt bura uyğun olan imicə düz gəlməyəcək. Düzgün imicin
altında düzgün olmayan imic ola bilər.
4)
-
Sən həqiqətə
dözə bilərsən?
-
Bəs sən
onu deyə bilərsən?
-
Hə
budur o: sən heç vaxt vitse-prezident olmayacaqsan. Bax beləcə qurulub bizim
dünya. Mənimlə yaxşı davran, çünki səni qoruyacaq yeganə adam mənəm.
-
Mənim
müdürüm kimi gərək birinci sən biləsən, Frenk: mən gedirəm.
-
Küçədə
soyuqdu Lorel...
Comments
Post a Comment