Herbert Uells - Dünyaların Müharibəsi
Kim yaşayır bu dünyalarda, əgər
onlarda yaşamaq mümkündürsə? Bütün cümlə-cahanın sahibləri bizik yoxsa onlar? Bəyəm
hər şey insan üçün nəzərdə tutulub?Kepler (Berton – Melanxoliyanın Anatomiyasından
tərcümə) – (Но кто живет в этих мирах, если они обитаемы?.. Мы или они Владыки
Мира? Разве все предназначено для человека?
Кеплер)
Təqdimat: Bu
roman minlərlə yazıçı və rejissor fantastları sivilizasiyaların mübarizəsi və
ulduz döyüşlərinə ilhamlandırmış, Herbert Uellsin ən məşhur yaradıcıllıq nümunələrindəndir.
Hər şey Londonda, Surrey qraflığının Horsel
və Uokinq şəhərlərində baş verir. İctimaiyyət Marsa çox böyük həvəs göstərir.
Hadisələrin başlanmasına bir neçə il qalmış astronomlar Marsın səthində bir neçə
işartı müşahidə edirlər. Daha sonra isə Yer istənməyən qonaqlarını qəbul etməyə
başlayır. Bəs yaxşı bütün bunların nəticəsi nə olacaq? Yazıçı hansı yenilikləri
edib? Nələri göstərmək istəyib? Ümumiyyətlə bu müharibədə kim qalib gələcək?
Romanın ekranlaşdırılması: 1938
və 1949-cu illərdə roman radio tamaşa kimi hazırlanmışdır və bir çox dinləyicilər
tərəfindən panika reaksiyası almışdır. 1953-cü ildə isə əsər ilk dəfə film
olaraq çəkilib. Filmdə Marslılar romandakı kimi deyil, uçaq boşqab olaraq təsvir
olunmuşdur (düzgün deyil). 1976-cı ildə Ceff Ueyn (Jeff Wayne) əsərə rok-opera
(?) yazmışdır. 2005-ci ildə Timoti Hans və Stiven Spilberq tərəfindən eyni adlı
filmlər, əsərə həsr olunmuş ən müasir nümunələr hesab olunur. Stiven Spilberqin
filmində hadisələr İngiltərədə deyil, ABŞ-da baş verir və xronoloji
qanunauyğunluq da pozulub.
Tənqidlər: Herbert Uellsin bu
romanı 20-ci əsrin fantastik ədəbiyyatında yadplanetlilərin yerə müdaxilə
etdiyi ilk ədəbi əsərdir. Qısa müddətə olduqca böyük populyarlıq qazananan
“Dünyaların Müharibəsi” bəzi tənqidçilər tərəfindən və çox güman ki, rəsmi dairələr
tərəfindən də, İngiltərə İmperiyasının qəddar müstəmləkəçilik siyasətini tənqid
edən əsər olaraq dəyərləndirilmişdir. Əsərdə insanların soyuq və hissiyyatsız
imperiyalizmə qarşı verdiyi reaksiyalar yaxşı təsvir olunub. Sadəcə bu da
deyil. Yazıçı eyni zamanda texnoloji inkişafın bəşəriyyətə necə təsir edəcəyini
də gözəl qapalı mətnlərlə bizlərə çatdırıb. Herbert Uells çox yüksək səviyyəli
konstruktordur. Belə ki, o, 100 il öncədən raket və lazer texnologiyalarının
mövcud olacağını təxmin etmiş və onları bu günün həqiqətlərinə çox yaxın təsvir
etmişdir. Marslıların orqanizm quruluşunun timsalında yazıçı eyni zamanda insan
oqaranizmini də tənqid edib. Bu məqama aşağıda bir daha qayıdacam. Yazıçı özü daha
sonra insan panikasını onun ən vacib düşməni kimi gözəl təsvir edərək, uğur
qazanmağın ən əsas səbəbinin insanın başını itirməməsi olduğunu vurğulayıb.
Bu heç müharibə də deyil. Bəyəm
insanlar və qarışqalar arasında müharibə ola bilər? İnsanlar və qarışqalar.
Qarışqalar şəhərlər tikirlər, öz həyatlarını yaşayırlar, müharibələr edirlər,
inqilablar edirlər o vaxta qədər ki, insanlara mane olurlar. İnsanlara mane
olanda da onları aradan qaldırırlar. Biz indi qarışqa olmuşuq. Sadəcə biz yeməli
qarışqalarıq.
Maraqlı faktlar: 1) Deməli,
romanın baş qəhrəmanı iddia edir ki, Marslılar Yerə Marsın üzərində olan xüsusi
toplar (silah) vasitəsiylə göndəriliblər. Bu Jül Vernin “Yerdən Aya” əsərini
xatırladır. Bu sadəcə iddiadır. Belə ki,
əslində romanda belə bir silahın adı çəkilmir və sadəcə yaşıl bulud və silindrlərdən
bəhs edilir. Bu günkü elmi nöqteyi-nəzərdən əlbəttə ki, romanda yazılanlar
absurddur. 2) kitabın ikinci hissəsi belə adlanır: Marslıların Hakimiyyəti
Altındakı Yer (Земля под властью марсиан (The Earth Under the Martians)). Halbuki, əsərdə qeyd olunur ki, Marslıların
silindrləri sadəcə və sadəcə İngiltərədə yerə enib. Digər ölkələrdə belə
faktların olub olmamağı haqqında fakta rastlanılmır.
Təəssüratlarım və münasibətim: Herbert Uellsin üstünlüyü ondan ibarətdir ki, o, gələcəyi 100, 150 bəlkə
də 200 il öncədən görə bilir. Eyni zamanda Herbert Uells oxucudan nə isə gizlədən
yazar deyil. Marslıların fiziologiyasını da hətta hər xırdalığına qədər təsvir
edir. Bunun üçün olduqca yüksək səviyyəli fantaziya lazımdır. Romanın
protoqonisti, hadisələrin axını ilə işğalçıların fəaliyyətlərinin episentrinə
düşən sadə bir insandır. Yazıçı Marslıların Yerə gəlməyi ilə əlaqədar olduqca
kasad məlumat verir. Marsın soyuması filan. Bəlkə də marslılar sadəcə ova gəliblər.
Bəlkə evdə darıxıblar və ürəkləri müharibə-müharibə oynamaq istəyib. İnsanlar
da darıxanda müharibə-müharibə oynayırlar. Hansı məqsədlər gəldiklərini deyə
bilmərəm (əlbəttə ki, müstəmləkəçilik), amma gəlişlərinin nəticəsi insanların məhvi
oldu. Çox az insan sağ qala bildi.
Sadəcə insanlarla marslılar deyil, sadəcə sivilizasiyalar deyil, eyni
zamanda bitkilər, canlılar aləmi də müharibə aparır. Belə ki, marslılar yerə gələndə,
öz “nəqliyyat vasitələri” ilə Yerə bəzi bitki toxumları da gətiriblər. Yazıçı
bizi üstün tərəf kimi göstərib. Romanda tez-tez Çarlz Darvinin biologiya elminə
gətirdiyi “təbii seçmə” termini istifadə olunur. İnsanların və ümumiyyətlə
canlıların vaxt keçdikcə təkamül etdiklərinin və təbii seçmə sayəsində sadəcə
güclülərin həyatda qaldığını deyir. Nəzərə almalıyıq ki, Herbert Uells ingilis
yazıçısıdır və hətta günümüzdə belə İngiltərədə Darvini sevmirlər və o, tədris
müəssisələrində tədris olunmur.
İndiki oxucular üçün belə kitablar bəlkə də maraqsız gələcək. Çünki
onlar çoxlu kosmik fantaziyaya aid filmlər izləyiblər. Kitabın 19-cu əsrin
sonlarında yazıldığını nəzərə alıb, oxuyan düşünən insanlara isə əsər çox
maraqlı gələcək. O dövrdə belə ideyalar sahibi olmaq elə-belə şey deyil.
Herbert Uells fantastikanın peyğəmbəridir. O, bütöv bir yazıçı, ssenarist və
rejissorlar nəslinin yetişməsində böyük rol oynamışdır və illərdir boş
fantastika izləyən bəzi insanlar bu kitabı oxumaqla bunun şahidi olacaqlar.
Düşünmək üçün gözəl mövzudur ki, insan fərqli şüurlu varlıqlar necədirlər,
necə yaşayırlar, nə istəyirlər və bizə qarşı necə münasibət bəsləyirlər. Bizə
qarşı necə münasibət bəsləməkləri haqqında bir neçə nəzəriyyə var. Romanda sadəcə
uşaqcasına yadplanetlilərin gəlişindən deyil, eyni zamanda fəlsəfi mövzulardan
da bəhs edilir ki, bunu həddindən artıq bəyəndim. Əsərdə olan kiçik detallar müəyyən
qədər yorucu olsa da, oxuyucuya güclü emosiyalar yaşatmağa imkan verir.
İradlarım: 1) Əsərdə
çoxlu şəhər adları və lazımsız dialoqlar var. Hadisələr onsuz da gec cərəyan
edir və vacib olaylar arasında belə darıxdırıcı məqamlar da oldu, amma bu çox
deyil. Çünki bir çox xırdalıq və detal məhz əsərin baş obrazının nələrdən
keçdiyini açıq-aşkar bizlərə göstərir. Xüsusiylə şəhər adları (Ueybridc,
Şepperton, Vulviç, Satem) çoxdur. Yəqin yazıçı belə düşünüb ki, nə qədər çox şəhər
adı yazsam bir o qədər tarixi dəqiqlik cəhətdən uğura nail olmuş olaram. Mən isə
belə düşünmürəm. 2) Araşdırmalarım göstərdi ki, bir çoxları əsəri darıxdırıcı
hesab edirlər. Bəzən bu hiss məndə də oldu. Bunun səbələrini dəqiqləiklə qeyd
etməyə lüzum görmürəm, amma bu əsərin unikallığına həddindən artıq hörmət bəsləyirəm.
Marslılar: Bu məxluqlarda
bizə oxşar heç bir xüsusiyyət yoxdur. Onların orqanizmi böyük və dairəvidir.
Daha dəqiq desək elə sadəcə başdan ibarətdir. Səkkizi sağda, səkkizi solda
olmaq şərtiylə, ümumi olaraq 16 ədəd qolcuqları var. Sifətlərində iki çox böyük
qara rəngli göz və başlarının (ya da bədənlərinin) arxasında bizim qulağa bənzər
orqanları var. Burunlarının olmamağı onların qoxubilmə bacarıqlarının
olmadığını göstərir. Bir qədər sonra onların orqanizmlərinin analizi göstərdi ki,
daxili anatomiyaları çox da mürəkkəb deyil. Belə ki, onların orqanizminin çox
böyük hissəsini gözlərə, qulağa və qolcuqlara doğru qalın sinirləri olan beyin əmələ
gətirir. Daha sonra onların bədənlərində olduqca mürəkkəb quruluşlu tənəffüs
oraqanı – ağciyər və qan-damar sisteminə malik olan ürək də aşkarlandı. Yer kürəsinin
atmosferində marslılar çətinliklə nəfəs alırlar. Bizə çox qəribə gəldi ki,
marslıların mürəkkəb quruluşlu həzm sistemi aparatı yoxdur. Halbuki insanda bu
sistem ən vacib və mürəkkəbidir və həzm prosesləri bizim sinir sistemimizə təsir
edərək, psixikamızı formalaşdırır. Onlar sadəcə başdan ibarətdirlər və qida qəbul
edib, onu həzm etmirlər. Əvəzində onlar başqa orqanizmlərdən canlı qanı, əsasən
də insandan əldə edərək öz venalarına vururlar. Əslində bunun müəyyən mənada
üstünlüyü var. Çünki insan qida əldə qəbul etməyə və onu həzm etməyə inanılmaz
dərəcədə çox enerji xərcləyir. Bizim orqanizmimizin yarısı həzm kanalları və
qidanı qana ötürən orqanlardan ibarətdir. Həzm sisteminin insanın psixikasında
çox böyük rola sahib olduğunu qeyd etdik. İnsanlar qaraciyərin və mədəaltı vəzinin
vəziyyətindən aslı olaraq xoşbəxt və bədbəxtdirlər. Marslılarda isə belə hallar
yoxdur. İnsanların ürəyi kimi, marslıların da yuxuya ehtiyacları yoxdur və
onların bədənləri mütəmmadi olaraq gümrahlaşır. Onlar yorulmağın nə olduğunu
bilmirdilər və qarışqalar kimi günün 24 saatını işləyirdilər. Bir digər çox
vacib məqam onlarda cinsiyyətin olmamasıdır. Ona görə də onlarda insanlarda
olduğu kimi cinsi fərqlərdən doğan burulğanlı emosiyalar yoxdur. Vəba, xərçəng
bir çox digər xəstəliklər marslılara yaddır. Marslılarda geyim anlayışı yoxdur.
Görünür ki, onların tempratur və xəstəliklərə qarşı mübarizəsi Marsda tam fərqli
formadadır ya da heç yoxdur.
Nəticə:
Əslində mən “Marslılar” başlığı adı altında çox şey yazmaq istərdim. Romanda
bunun haqqında bir az daha artıq və dolğun məlumat var. Elmi fantastikanı sevən,
bəyənən və bu müstəvidə romanlarla maraqlanan bütün dostlarıma bu dəyərli əsəri
oxumağı məsləhət görürəm. Ona görə ki, bu roman əlifba statusundadır. Mütləq
Herbert Uellsin digər yaradıcıllıq nümunələri ilə də tanış olmaq lazımdır. Əminəm
ki, bu yazıçının bütün əsərləri mənə yüksək zövq verəcək.
Comments
Post a Comment