Güntay Gəncalp - Yağız Qarışqalar
Artıq Bakıda 5-ci kitabı ilə
oxucuların görüşünə gələn Güntay Gəncalp Güney Azərbaycanda yetişən ünlü çağdaş
yazarlarımızdan biridir. Bu romanında o
iddialı bir mövzuya toxunub: müəllifin düşüncəsinə görə “Yağız Qarışqalar”
romanı Güney Azərbaycanın istiqlal kitabı olacaq. Romanın “anlatım”
(“annotasiya”) bölümündə deyilir: Oğlumla ormanlıqda gəzirdik. Qarışqanı ilk dəfə olaraq görən
oğlum “Ata, bu nədir?” deyə sordu. “O, qarışqadır oğlum. Ana dilimizdə ona
qarışqa deyirik” dedim. Gecələr yatdığımızda qarışqalar haqqında ona
nağıl söyləməmi istədi. Oğluma uydurub söylədiyim nağıl böyüyüb
kiçik bir roman oldu.
Alpərənliyin yeddi quralı: 1-
Dözgə. 2- Ərgə. 3- Sezgə. 4- Bilgə. 5- Birgə. 6- Sevgə. 7- Çözgə.
Bir Alpərənlik romanı... Kitabın ilk
səhifələrindən romanın Güney Azərbaycanda yaşayan həmvətənlərimizin verdiyi
qurtuluş savaşı haqqında olduğunu başa düşdüm. Onların keçdiyi əzablı yollar
çox yaxşı təsvir olunmuşdur. Bütün hadisələr qarışqaların timsalında
verilmişdir. İki cəbhə vardır. Yağızlar və boyuzlar. Boyuzlar əzən, Yağızlar əzilən
tərəfdir. Halbuki uzun illər boyu bu torpaqlarda Yağızların hakimiyyəti olmuş və
həm yağızların həm də boyuzların bir-biriləri ilə problemləri olmamış. Boyuzlar
isə hakimiyyətə gələndən sonra yağızlara zülm etmişlər. Bu zülmlə mübarizə
aydınlanmaqdan keçir. Romanda bu mərhələ çox xüsusi olaraq oxuculara
çatdırılır. Romanda qədim türk fəlsəfəsi, dünya görüşü, mədəniyyəti haqqında
çox yaxşı fikirlər var. Əsarətdən qurtulmaq istəyən gənc yağızlar yaşadıqları
yerləri tərk edərək, ataları olan Bilay dədəni tapırlar. Beləcə də Alpərənliyi
ondan öyrənib bu çətin və şərəfli yola başlayırlar. Biz Türklər heç vaxt əsarət
altında yaşamaqla barışa bilmərik!! Azadlıq bizim taleyimizdir. Alın yazımızdır!!
Güney Azərbaycanda isə 30 milyona yaxın Azərbaycan Türkü var. Yazıqlar olsun
ki, hər vəchlə bizlərə kökümüzü unutdurmağa çalışırlar.
Bu yazıçını çox bəyəndim. Bu
kitabı da arı türkcədə yazmışdır. Əsl Türk sözlərinin romana eşlik etməsi mənə
zövq verdi. Ədəbiyyat bax budur. İnsanı aydınlaşdıran, ona kökünü, mədəniyyətini
xatırladan və həyatın zərbələrindən onu qoruyan qoruyucu mələk. Başqa
kitablarını da oxumaq istəyirəm bu yazarın. Satışda gördüyüm Səfəvilər romanı
haqqında bir az maraqlandım. Səfəvilər tarixinə fərqli yanaşma ilə yanaşıldığı
söylənilir. Səfəvi tarixi ilə maraqlanan mənim kimi birisi üçün bu kitabı
oxumaq mütləq lazımdı.
P.S. Kitabın üz qabığını çox bəyəndim.
Comments
Post a Comment