Chinese Coffee - Çin Kofesi - Китайский кофе
Çox maraqlı bir filmdi. Bəlkə də
bir çoxları mənim bu yazıma görə filmi izləyəcək. Sonra da mənə hirslənəcəklər.
Niyə? Çünkü özüm də filmin ilk dəqiqələrindən etibarən filmi çox da bəyənməmiş
və başa düşməmişdim. Sonra nə oldu? Sonra bir az düşündüm. Daha dərindən analiz
edib, real həyata uyğunlaşdırmağa çalışdım. Filmin özü də getdikcə daha da səmimiləşir.Film
iki “dost”un söhbətindən və xatirələrindən ibarətdir: pul, insanın cəmiyyətdə
yeri, sevgi, dostluq elə həyatın özü. Onlardan birisi – Harry, orta yaşın
krizisini yaşayan, özünə verilənləri itirən uğursuz bir yazıçıdır (Drayzerin
Kerri bacı əsərindəki Cənab Corc Qerstvudu xatırlatdı). Digəri Ceyk –
inandırmağı bacaran və ətrafındakıları çox yüksək səviyyədə motivasiya etməyi
bacaran kişidir. Onun da içində Harry də olduğu kimi boşluq var. Ceyk Harrydən
də qarışıq şəxsiyyətə sahibdir. Bu ikisi bir gecə Ceykin evində görüşürlər. Bir
tərəfdə yazıçı-uğursuz, digər tərəfdə fotoqraf-uğursuz. Bu ikisinin söhbəti
bir-biri ilə döyüşən və döyüşdükcə qılınclarından iskra, qığılcım çıxan iki cəngavəri
xatırlatdı. Söhbət etdikləri mövzu bunu labüd edirdi: Harrynin son kitabı uğur
qazanacaq yoxsa yox? Ceyk niyə bunca uzun illər boyu heç nə yazmayıb? (Ceyk də
cavanlığında iki kiçik hekayə yazmışdı). Söhbətləri boyunca keçmiş xatirələri
onları müşayət edirdi. O xatirələr ki, orda onları sadiq qadınlar sevirlər və
onlar özlərini canlı hiss edirlər. Filmin adı niyə belədir? Harry Çin
restoranında oturub kofe içməyi çox sevir. Sonda da bundan ilham alıb sonda Çin
Kofesi əsərini yazmağa başlayır. Filmin adı da burdan gəlir. Çünkü böyük
ehtimal bu Harrynin yüksəlişinin başlanğıcıdır.
Film yaradıcıllıqla məşğul olan
yaradıcı insanlara, həyatda mənim yerim haradadır? Sualına cavab axtaranlara
maraqlı gələ bilər məncə. Cerri Orbak və Al Paçino dueti əsas məni bu filmə
vadar etmişdi baxmağa. Filmin rejisoru da elə Al Paçinonun özüdür və bu da izləyici
diqqətinin bu filmə yönəlməsi üçün ikinci səbəbdir. 10 ballıq sistemlə 7 verirəm.
P.S. Yazı şəxsi fikirlərim və kinopoisk.ru saytının müvafiq film üzrə tamaşaçı şərhləri əsasında hazırlanmışdır.
Comments
Post a Comment