Albert Camus - Sizif haqqında əfsanə



Tanrılar ittihamdan sonra Sizifə böyük bir qaya parçasını dağın zirvəsinə doğru diyirləməyi hökm verdilər. Daş hər dəfə zirvəyə çatanda öz ağırlığı ilə oradan yerə düşəcəkdi. Onlar (yəni Tanrılar – tər.) bu cəzanı ona görə fikirləşmişdilər ki, faydasız və ümidsiz əməkdən daha dəhşətli cəza tanımırdılar.
Əgər Homerə inansaq, demək, Sizif ölümə məhkum edilmişlərin ən zirəyi və ağıllısıdır. Buna baxmayaraq, digər populyar bir ənənəyə əsasən, o quldurun, oğrunun vəzifəsini təcrübədən keçirmək üçün bu cəzaya məhkum edilmişdir, heç də ağıllı olduğuna görə deyil. Amma mən bunda heç bir ziddiyyət və ya fərq görmürəm.
Sizifə bəslənən müxtəlif münasibətlərin, bəlkə də, hamısı onun nəyə görə yeraltı dünyanın faydasız qara fəhləsi olmasının səbəblərini aydınlaşdırır. Gəlin bir balaca əvvələ nəzər salaq. Birincisi, o, tanrılara naşükür, laqeyd münasibətinə görə ittiham olunur. Sizif tanrıların sirlərini oğurlayır. Asopun qızı Aegina Yupiter tərəfindən qaçırılır. Bu qaçırılmadan sarsılmış ata dərdini Sizifə açıb şikayətlənir. Oğurlanmanı bilən Sizif təklif edir ki, əgər Asop Korinfin qalasına su verməyə razılıq verərsə, onda o bu barədə danışa bilər. Göylərin ildırım vurmalarının əvəzinə o, suyun xeyir-dua verməsini üstün tuturdu. Sizif yeraltı dünyada bunun üçün cəzalandırılır. Homer həmçinin bizə nağıl edir ki, Sizif Ölümün özünü zəncirləyib qandallamışdı. Pluton onun səltənətinin görünüşünə, sakit imperiyasına dözə bilmirdi. Buna görə də o, fatehinin əllərindən Ölümü azad etmək üçün müharibə tanrısını göndərdi.
Bu da deyilir ki, ölümünə yaxın Sizif həyat yoldaşının sevgisini sınağa çəkməyə can atır. Arvadına əmr edir ki, öləndən sonra onun dəfn olunmamış cəsədini ictimai meydanın ortasına atsın. Bundan sonra, Sizif yeraltı dünyada oyanır. İnsan sevgisinə zidd itaətkarlıqla qəzbləndirilən Sizif arvadını cəzalandırmaq üçün Plutondan yerə qayıtmağa icazə əldə edir. Ancaq o bu dünyanın üzünü yenidən gördükdə sudan, günəşdən, isti daşlardan və dənizdən zövq alır; cəhənnəm qaranlığına bir də qayıtmaq istəmir. Geri çağırmalar, qəzəb əlamətləri, xəbərdarlıqların heç biri fayda vermir. Bir neçə il o, körfəzin, parlayan dəniz və yerin, torpağın təbbəssümü ilə üz-üzə yaşayır. Tanrıların fərmanı zərurət idi. Merkuri gəlib bu həyasız, sırtıq, azmış kişini zəncirləyib, zövqündən ayıraraq zorla yeraltı dünyaya apardı. Orada isə Sizifin yuvarlayacağı qaya parçası – dövri taleyi onu gözləyirdi.
Siz ehtiras və işgəncələrindən Sizifin absurd qəhrəman olduğunu artıq anlamışsınız. Tanrılara etinasızlığı, ölümə nifrəti və tükənməz həyat eşqi onu bütün varlığın heç nəyə nail ola bilməyəcəyi aqibətə – çox pis bir cəzaya məhkum elədi. Sən demə, bu dünyanın fani ehtiraslarına verilən dəyər yalnız bundan ibarətmiş. Sizifin yeraltı dünyadakı vəziyyəti barədə bundan başqa bizə bir şey deyilmir. Unudulmamalıdır ki, miflər təsəvvürlər üçün yaradıldığından elə təsəvvür və təxəyyüllərin özü onlara yaşamaq üçün nəfəs verir. Bu mifə gəldikdə, biz bədənin bütün əzələləri gərilmiş, kirli yanağını daşa söykəmiş, çiynini həmin ağır daşa dayayıb ayağı ilə özünü büdrəyə-büdrəyə dikəldən birisinin palçığa bulanmış əlləri ilə uzalı qollarının dincini ala-ala böyük bir qaya parçasını dikə doğru yüz dəfədən çox tükənməz səylə yuvarladığını təsəvvürümüzə gətiririk. Səmasız kainat və dərinliksiz zamanla ölçülən uzun-uzadı çabalarının sonunda məqsədə nail olunur, verilmiş cəza yerinə yetirilir. Sonra Sizif bir andaca daşın zirvədən necə aşağı dünyaya düşdüyünə tamaşa edir. O həmin daşı dikə doğru yenə yuvarlamağa məcburdur.  Sizif daşı yuvarlamaq üçün yamaca qayıdır.
Məhz Sizif həmin o qayıtma – fasilə anında mənim üçün maraqlıdır. Daşlara ağır zəhmətlə beləcə yaxın olan üzünün özü (yəni Sizifin üzü – tər.) artıq daşa çevrilmişdir! Mən Sizifin ağır, hələ bir az da əndazəli addımlarla sonunun nə vaxt gələcəyini bilmədiyi əzaba doğru – aşağı endiyini görürəm.  Həmin fasilə və ya nəfəsini dərmə anı (Sizifin geriyə qayıtması anını nəzərdə tutur – tər.) onun əzablarını sanki əminliklə yenidən oyadır, Sizifi şüura gətirir. Yüksəkliyi anbaan tərk etdikcə o, yavaş-yavaş tanrılar səltənətinə enir (yəni tanrıları qiymətdən salır – tər.), bu anda Sizif öz taleyindən yüksəkdə dayanır; hətta Sizif yuvarladığı daşdan da güclüdür, möhkəmdir.
Bu mif ona görə tragikdir ki, onun qəhrəmanı şüurludur. Həqiqətən də, əgər hər addımına dəstək verən  ümid olmasa idi, onda Sizifin əzabından söhbət gedə bilərdimi? Bugünükü fəhlə də eynən Sizifin tapşırığını yerinə yetirə-yetirə, işləyərək öz həyatını yaşayır. Onun da (yəni fəhlənin – tər.) taleyi absurddan geri qalmır. Amma yalnız nadir anlarda süurü özünə gələndə bu, faciəyə çevrilir (yenə də Kamyu fəhlələri nəzərdə tutur – tər.). Lakin tanrıların üsyankar və gücsüz proletarı, Sizif daşın arxasınca aşağıya enərkən düşünür, bədbəxt vəziyyətinin bütün dərəcəsini bilir. Bu bilmənin özü həm Sizifin əzabını təşkil edir, həm də eyni zamanda onun qələbəsini  başa çatdırır. Nifrətin üstün gələ bilmədiyi tale yoxdur.Sizifin aşağıya enməsi bəzən kədər içərisində yerinə yetirilirsə, o həmçinin sevinc içərisində də icra oluna bilər. Ona verilən bu haqq o qədər də çox deyil. Mən Sizifi bir daha da təxəyyülümdə canlandırıram. Onun daşı və kədəri yenidən hərəkətə gəlir. Yerdəki xatirələri yaddaşını möhkəmcə qapsayanda, xoşbəxtlik və asudəliyə çağırış arzuları inadkarlıqla coşanda Sizifin qəlbindəki kədər baş qaldırır: bu, qayanın təntənəsidir, bunu təlqin edən elə həmin qaya parçasının özüdür. Sonun nə vaxt gələcəyi bilinməyən kədəri daşımaq, həqiqətən də, çox ağırdır. Bu, bizə Hefisman gecələrini yada salır. Bütün olanlara rəğmən, indi bizi əzən, sıxışdıran həqiqətlər, yəqin ki, aşkar və etiraf olandan sonra məhv olacaqlar. Başlanğıcda Edip də taleyinə beləcə, aqibətini süurlu şəkildə bilmədən boyun əymişdi. Amma elə ki o bunu dərk edir, elə o andan etibarən də onun faciəsi başlayır. Belə ki, aldanmış və ümidsiz olan Edip həmin anda başa düşür ki, onu dünyaya bağlayan yeganə bir bağ var: bu, bir qızın soyuq əlidir. O, özünün möhtəşəm qənaətini məhz onda söyləyir: “Bütün müsibətlərə və işgəncələrə baxmayaraq, ahıllığım və qəlbimin alicənablığı məni bu nəticəyə gəlməyə məcbur edir ki, hər şey yaxşıdır”. Sofoklun Edipi də Dostoyevskinin Kirillovu kimi bizə absurd qələbənin reseptini verir. Demək, antik müdriklik modern qəhrəmanlığı (heroizmi) təsdiqləmiş olur.
Xoşbəxtliyin instruksiyasını yazmağa sövq edilib və ya edilməməsindən asılı olmayaraq, kimsə asburd həqiqəti aşkara çıxarmır. “Bəs bu dar yolla gedərsək, necə?!” Gəlin hər şeyi bir kənara qoyaq, axı dünya bir dənədir. Xoşbəxtlik də, absurd da eyni dünyanın övladlarıdır. Buna görə də onlar bir-birindən ayrılmazdırlar. Əlbəttə, xoşbəxtliyin yalnız absurdun aşkar olunmasından qaynaqlandığını əminliklə demək səhv olardı. Ola bilsin ki, eləcə də absurdun özü xoşbəxtlikdən törəyir. Bu səbəbdən də “Mən bu nəticəyə gəlmişəm ki, hər şey yaxşıdır,”  söyləyən Edipin qənaəti müqəddəsdir. Bu kəlmələr insanın vəhşi və məhdudlaşdırılmış dünyasında əks-səda verir. O bizə öyrədir ki, bu hamısı deyil, hələ hər şey tükənməmişdir. Eyni zamanda da bu kəlmələr faydasız əzablar üçün narazılıq və təkəbbürlüklə bu dünyaya daxil olan Tanrının özünü oradan qovub çıxarır; insanların öz aralarında həll etməli olduğu insan taleyi məsələsini elə insanın özünə də təslim edir.
Sizifin səssiz, sezilməyən sevincinin hamısı bundan ibarətmiş. Onun taleyi yalnız özünə məxsusdur; yuvarladığı daş da absurd insanın analoqudur. Sizif əzablarını götür-qoy edəndə bütün idolları susdurur. Beləcə kainat qəfildən öz səssizliyini bərpa edərkən yerin sonsuz sayda təəccüblənmiş kiçik səsləri göylərə ucalır. Qeyri-şüurilik, sirli çağırışlar, üzlərin dəvəti, bir sözlə, bunların hamısı qələbənin zərurəti dəyişdirməsi və dəyərləndirməsidir. Gecəni dərk etməyin əhəmiyyətinə görə günəş kölgəsiz olmur. Əgər absur insan bütün bunlara “bəli” deyirsə, demək, onun səylərinin sonrakı davamı fasiləsiz və arasıkəsilməz olacaqdır.
Göylərin bəxş etdiyi hər hansısa bir qəzavü-qədər yoxdur. Yalnız fərdi tale vardır. Bu, fərdin öz aqibəti barədə özünün düşünüb nəticəyə gəldikləridir deyə, qaçılmaz və mənfurdur. Ümumiyyətlə, insan yaşadığı günlərin ağası olduğunu əminliklə bilir. İncə və həssas məqamlarda bu mənfur gərdişdə indi taleyinə çevrilmiş, özünün yaratdığı bir sıra bir-biri ilə əlaqəsi olmayan hadisələrə – yaddaşının alt qatına pərçimlənən, tezcənə ölümü ilə möhürlənən həyatının olub-keçələrinə nəzər salarkən Sizif öz daşına qayıdır. Beləliklə, hamını bəşəri mahiyyətinə inandırmış bu kor adam sonsuz zülmət gecənin bitməyəcəyini bilə-bilə ruhdan düşmür və o öz yoluna davam eləyir. Qaya hələ də yuvarlanır.
Mən Sizifi dağın yamacındaca tərk edirəm! Kiminsə yükünü yenidən daşımağa başqa birisi hər zaman tapılır. Lakin Sizifin bənzərsizliyi məhz bundadır ki, o, allahları danan və qayaları qaldıran ali sədaqəti, vəfa və inamı öyrədir. O hamıdan çox belə nəticəyə gəlir ki, hər şey yaxşıdır. Bundan sonra yaradanından, sahibindən məhrum olmuş dünya ona nə bəhrəsiz, nə də mənasız görünür. Yuvarladığı daşının hər bir zərrəsi, hər bir mineral layı  özü-öz içərisində sıldırım və uçurumlarla doldurulmuş dünyasını zülmətdə də qaydaya salır. Zivəyə yönəlmiş mübarizənin özü insan qəlbindəki boşluqları doldurmağa kifayət edir. Ona görə də Sizif xoşbəxt təsəvvür edilməlidir.

Çevirdi: Elmar Vüqarlı

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi