Niall Griffits - Kötük
Kitabın rusa adı: Культя - Нил Гриффитс
Kitabın ingiliscə adı: Niall
Griffiths - Stump
Təqdimat: Niall
Griffiths 1966-cı ildə Liverpulda anadan olub, daha sonra Aberystwyth şəhərinə
köçüb. Hər iki şəhər onun dünyagörüşünün formalaşmasına güclü təsir göstərib.
Bu şəhərlərdə Uels (Welsh) mühiti Griffiths-i əməllicə təsirləndirib.
Ailəsinin kökən olaraq Uelsin Toxteth tərəflərindən olması da onun
baxışlarını şəkilləndirib. Kitabların olmadığı bir evdə böyüməsinə baxmayaraq
Niall acgözlüklə oxuyarmış. Sözəbaxan uşaq olmadığına görə onu cəzalandırmaq məqsədilə
anasının doğulduğu kəndə göndərirlər, lakin bu hadisə Griffiths-in qarşısında
qeyri-adi imkanlar açır.
Gələcək yazıçının həyat materialı toplaması üçün bu yerlər əvəzsiz
rol oynayır. Sonralar qısamüddətli olaraq bir işdən başqasına keçməklə illərini
xərcləsə də, yenə də gələcək əsərləri üçün material toplamaq baxımından mənasız
ötüşməyib. Griffiths-in romanlarında gördüyümüz nəsibsiz insanların, marginal təbəqənin
həyatının təsviri buradan qaynaqlanır.
“Mən bilirəm ki, valideyinlərim mənim uğurlarıma çox sevinirlər,
lakin kitablarımı onların oxumasını istəməzdim. Yeni kitablarım nəşr olunanda
onların bir nüsxəsini anama və atama göndərirəm, eyni zamanda onlardan xahiş
edirəm ki, bu kitabları oxumasınlar” – deyir yazıçı.
Qeyri-ənənəvi üslubda yazılmış romanların müəllifi Niall Griffiths
artıq öz ölkəsində deyil, bütün dünyada tanınmaqdadır. “Kötük” adlı bu roman
onun Azərbaycan oxucularıyla ilk görüşüdür. (mənbə: azadliq.org)
Süjet:
Darren və Alister Liverpulu köhnə bir maşınla tərk edirlər. Onlar birqollu şəxsi
balaca bir şəhərdə axtarmaq üçün bu yola çıxdılar. Bu birqollu şəxs onların
bossuna pul atıb. Odur ki, onların bossları da bu iki ağıldan kəmi onun digər
qolunu qopartmaq üçün göndərib. Kitabda bu birqollu adamın adı çəkilmir. O,
alkoqlosuz, narkotiksiz, qolsuz və uzun müddət yanında olan, lakin sonra onu
satan qadınsız yaşamağa öyrəşməyə çalışır. Hərdən dəhşətli dərəcədə darıxır.
Buna baxmayaraq dözür. Sonda isə ali bir qüvvənin vəziyyətə müdaxiləsi açıqca
sezilir. Hesab edirəm ki, təkcə bu finala görə romanı oxumağa dəyər.
Niall Griffits |
Kitab mənim gözlərimlə: Romanın pratoqonisti elə yazıçının özüdür, çünki yazıçı da roman qəhrəmanı
kimi aşağı yaşlarda rahat həyat yaşamayıb, poçtda işləyib. Araşdırmalarım göstərdi
ki, bu romanda olduğu kimi, yazıçının digər romanlarında da əsərin baş
obrazları “bəyaz yaxalıqlılar” deyillər. Bu hələ yumşaq deyilmiş ifadədir.
Əslində belə bir yazıçının olması bizim üçün şansdır ki, biz həmin cəmiyyətləri
başa düşək. Mənə elə gəlir ki, kifayət qədər adam olacaq ki, belə cəmiyyətlərlə
maraqlansın. Əlbəttə ki, maraqlanmayanlar da olacaq. Odur ki, çalışmaq lazımdır
ki, imakan daxilində oxuyacağın kitab haqqında bəzi qaynaqlardan araşdırmalar
aparasan. Yazıçı ingilis cəmiyyətinin dibi haqqında yazır. O dib ki, dünyanın hər
yerində eynidir: spirtli içkilərdən və narkotikdən asılı insanlar, cinayətkarlar,
həyatdan bezənlər və ağıldan kəmlər. Yazı üslubu həm çətindi həm də sadə, çünki
kitab prinsipcə iki hissədən ibarətdir. Birinci hissədə Darren və Alastairin
maşınla yol getmələri və bu zaman aralarında keçən dialoqlardan və ikinci hissə
isə onların axtardıqları obrazın öz daxilindəki fikirlər- və dünyaya baxışıdır.
Bu dialoqların sonunda qısa özət olaraq maraqlı fikirlər də yer alıb. Bu fikirlərdə
əsasən ali qüvvə və insan münasibətlərindən söhbət açılır və daha çox bu ali
qüvvənin yalançı bir şey olduğu vurğulanır. Başqa sözlə, Tanrı hədəfə alınır.
Mənə elə gəlir ki, romanın ən əhəmiyyətli iki obrazı həyatdan dərs
çıxarmağı bacarmışlar. Bunu romanın sonunda görmək olar. Həqiqi dostluq möcüzələr
yarada bilər. Möcüzə əslində möcüzəvi bir şey deyil. Diqqətlə baxsaq hətta bunu
milliyətindən, dinindən və irqindən aslı olmayaraq insanın mövcud olduğu hər
yerdə sezə bilərik.
Kitabda biz yalnız insanla qarşı-qarşıyayıq. Bəlkə də oxuyuculardan
çoxusu yalnızdır, bəlkə də yox. Hər iki halda da, sözün həqiqi mənasında,
yalnız insanın daxili dünyasını görürük və bu dünyada baş verən spontan fikri
prosesləri izləyirik. Şəxsən mənə bir çox məqam doğma gəldi. Deməli mən də
yalnız insanam. Qorxunc məqam odur ki, bu yalnızlığa öyrəşirəm və buna meyl
edirəm....
Romanda yaş məhdudiyyətinin olmasının və bunun kitabın üzərində
yazılmasının tərəfdarıyam. Şərt onda deyil ki, kitab söyüşlüdür. Ona görə yaş məhdudiyyəti
olmalıdır ki, kitabda təsiredici məqamlar çoxdur. Söyüşlərin çox olması da əslində
Azərbaycan oxucusu üçün heç də ürəkaçıcı məqam olmadığını düşünürəm. Bu məqamları
oxumaq və onu başa düşmək müəyyən həyat təcrübəsi və bu həyat təcrübəsinin nəticəsində
də əldə edilmiş yanaşma tərzi, vəziyyəti dəyərləndirmək bacarığı olmalıdır. Elə
ona görə də kifayət qədər fərqli və özünəməxsus olan bu kitaba nəinki 18 yaşdan
yuxarı, hətta deyərdim ki, 20 və 22 yaşdan yuxarı insanların oxumağı daha məqsədəuyğundur.
Kitabdan seçmələr: 1) Biz etiraf edirik ki, öz ehtiraslarımızın öhdəsindən gəlməkdə
acizik, öz həyatımızı özümüz idarə edə bilmirik. Etiraf etdik ki, sərbəstliyimizin
son qırıntıları da Müqəddəs Yelena klinikasında tüstü dolu sarı otaqda kələkbaz,
yalançı möminə, riyakara və onun arxasında duran geniş, vahiməli təşkilata
sevinclə verməyə hazırıq. Biz həm də əhəmiyyətsiz olduğumuzu etiraf etdik,
lakin nə zamansa bu anddan geri çəkilsək, daha da mənasız olacağıq, nəcis də
yox, nəcis içərisində qaynaşan qurdlara dönəcəyik. Özü də nəcisdə yaşayan
qurdların nəcisini yeyən qurdlara. Lakin buna baxmayaraq, biz ağ bayraq
qaldırırıq. Baxın, biz bayrağı yelləyirik. Yalnız öz ******** əlimizlə. 2) Biz
bir şeydən əmin olduq ki, yalnız bizdən böyük olan qüvvə bizə ruh sakitliyini
qaytara bilər. Vacib deyil o hansı qüvvədir: mütləq deyil ki, bu Tanrı olsun, hərçənd
bəziləri üçün məhz O, Tanrı olsa belə, rəsmi dinlərdən birinin variantında
olması vacib deyil. Bu, dəniz ola bilər, bəlkə də səma; hansısa ağac, tarix. Nə
olursa olsun bircə bu nəsnədə itib batmaq mümkün olsun. Bəziləri gözləməli
olacaqlar ki, Ali Qüvvə onların həyatlarına qəfil daxil olsun, çünki bu qüvvəni
axtarmaq mənasızdır və bu insanlar üçün Ali Qüvvə şəxsiyyət olmayacaqdır, çünki
bu onları yalnız növbəti dağıntılara aparacaq, lakin bu kitab, film, hər hansı
bir yer, təbiət hadisəsi, heyvan ola bilər; tülkü, məsələn, siz pəncərə
qarşısında dayanarkən dağdan enib bağınızı iyləməyə gələn, taygöz tülkü – sözlə
ifadə oluna bilməyən təcəssüm – bağınızda qiymətli bir şey var. Siz də ona
baxırsız. Köynəyinizin boş qol hissəsində sol qolunuzun qalığı nəbzvari sancır,
sizin insanlıq ləyaqətinizin qalıqları isə güclə eşidiləcək dərəcədə kəlləciyinizin
içində qımıldanmadadır. 3) Biz qərar qəbul etdik – öz iradəmizi və həyatımızı
Allaha təslim etmək – bizim onu başa düşdüyümüz şəkildə. Baxın biz nə etdik –
özümüz də təslim olduq, himayəmizdə olanları da təslim etdik – günahsızlığı
cinayət hesab edən qüvvəyə. Elə bir qüvvəyə ki, həyatlarımızın puç olmasında
başlıca günahkardır, belə hesab etməyə əsasımız var. Elə bir qüvvəyə ki, bu
puçolmanın səbələrini dəyişdirə və yüngülləşdirə bilmir və ya bunu etmək istəmir.
Elə bir qüvvəyə ki, əgər biz ona daha əvvəl müraciət etməyi lazım bilirdiksə
belə, bunu yalnız yalvarış və lənətlərlə edirdik. Sadəcə olaraq son dərəcə
uğurlu ideya idi, ****** *****. 4) Biz itaətkarlıqla Ona yalvarırıq ki, zəifliklərimizi
bizdən alsın. Daha sonra bu tapşırığın yerinə yetirilməsinin mümkünsüzlyündən
gülürdük, bir də xəcalətdən, bu yalvarış o qədər aciz, köləcəsinə idi ki, bizim
əzablarda üz döndərdiyimiz qalibiyyət qüruruna heç bənzəmirdi, idarə olunmayan,
isterik gülüş isə getdikcə artırdı, gözlər dəhşətdən bərəlirdi, üzlər
solğunlaşırdı, nəbz tezləşirdi, lakin biz hələ də gülürdük, gizlənirdik,
başımızı dik tuturduq, ilgəyi boynumuza keçirirdik, ülgücü biləyimizə
yaxınlaşdırırdıq, gözümüzdən yaşlar tökülürdü, amma biz hələ də gülürdük, o qədər
ucadan gülürdük ki, qırtlağımız partlayırdı və bayıra yalnız qışqırıq və qan
çıxırdı. Lakin biz hələ də gülürdük: bəlkə kənardan baxana elə gəlirdi ki, biz
dəhşətli əzab çəkirik, müdhiş ağrı hiss edirik, amma yox, bu gülüş idi. Həqiqətən;
biz şənlənirdik.
Yekun: Bu
kitabı əyləncəli və maraqlı adlandırmaq çətindir. Buna baxmayaraq romanda
işıqlı və həyati məqamlar var. Bu sadə roman bizə həyatı başqa prizmadan dəyərləndirməyə
imkan verə bilər. Roman qeyri-ənənəvi struktura malikdir. Yazıçı həyatın alt
qatında yaşayan insanların psixologiyasına ustalıqla nüfuz etməyi bacarıb.
Comments
Post a Comment