Vladimir Nabokov - Lolita
1955-ci ildə ABŞ-da işıq üzü görək "Lolita" əsəri, okeanın hər iki tərəfində Vladimir Nabokovun ən çox səs-küy yaradan və oxunan əsərlərindən birisi oldu. Süjetin mərkəzində olan eqosentrik seksual manyak (?) - Qumbertin gündəliyini oxuyarkən biz, müxtəlif nəticələrə gələ bilərik. Kimlər üçünsə bu əsər zamana, ölümə, xəstəliyə qalib gələn sevgi hekayəsi, kimlər üçünsə də sadəcə xəstə təfəkkürün məhsuludur. Hansı cəbhənin arxasında yer almağınızdan asılı olmayaraq onu demək lazımdır ki, müxtəlif cəmiyyətlərdə oxunan və dəbdən düşməyən "Lolita" ilə tanış olmaq lazımdır. "Bozun əlli çaları" əsəri kimi bu əsəri də oxumaqda əsas məqsədim cəmiyyətin seçim kriteriyaları haqqında müəyyən nəticələrə gəlmək istəyim olub.
"Lolita"-dan sonra mən əvvəllər bildiyim bəzi bilgilərə bir daha əmin oldum. İxtisaslı mütəxəssisin deyil, sıravi intellektualın bilməli olduğu qədər bildiyim psixoloji biliklər sayəsində sadəcə təkrar mövzulara qayıtdım. Mahiyyət etibari ilə yazıçı insan anormallığını bədii-dəbiyyata daşıyıb. ABŞ populyar mədəniyyətinə xas olan bu məqamı əslən rus yazıçısının reallaşdırması maraq doğuran ilk nüanslardandır.
Bəzən insan beynində elə proseslər baş verir ki, onun bütün davranışlarını və düşüncələrini dəyişir. Bu nə vaxt baş verib, niyə baş verib və hansı nəticələrə səbəb olacaq kimi suallar dərin psixoanalitik seanslarda müəyyənləşdirilir. "Lolita" kimi əsərlərdə isə biz yalnız manyakal dərəcədə istəyin həyəcanlı nəticələrini görə bilərik. Müasir monoton cəmiyyətlər belə mövzulara olduqca böyük maraq göstərir. Oxucular, yaxuda da izləyicilər (film baxımından) obrazların şüurlarının qaranlıq guşələrinə səyahət edib ya özləri, ya da ətrafları ilə analogiya quraraq vaxtlarını maraqlı keçirmək istəyirlər. Bütün bunlar yaxşıdır, lakin mən əminəm ki, oxucuların çox az hissəsi obrazların yol və həqiqət axtarışına baxıb özlərini də bu axtarışlara məcbur edirlər. Görəsən bizim cari arzu və istəklərimizin kökündə başqa hansı istəklər dayanır? Onların sərhədi, ya da həddi-hüdudu varmı? Bəyəm insanın hədsiz istəkləri onun faciəsi deyilmi? "Lolita" bu suallar ətrafında düşündürə bilir, lakin istər istəməz, Qumbertin 9-14 yaşlı qızlara olan anormal cazibəsi insanı çəkindirir. Məhz bu məqam "Lolita"-nı dissonans yaratmaqda onluğu təmin edir.
İlk səhifələrdən baş obraz öz patologiyasını ifşa etsə də, kitabı sona qədər oxumalı oluruq. Müəyyənləşdirməliyik, "Lolita" erotika, yoxsa pornoqrafiyadır. Bəlkə tibbi xəstəliklərdən bəhs edən, lakin populyar janrda olan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş elmi kitabdır? Əslində cavab vermək çətindir. Pataloji üslub məni bezdirirdi. Qumbertin düşüncələri panika ilə şəhvətin qarışığından başqa bir şey deyildi. Bu xüsusi tip enerjidir bəlkə də, boşalmaq bilmir. Oxunma populyarlığı cəhətdən insanların seçimlərində vacib yer tutan "Lolita" ilə özüm arasında əlaqə yaranmadığına görə, mən sadəcə üçüncü şəxs deyil, ümumiyyətlə tamamilə yad birisi oldum. Yeganə xüsusiyyət odur ki, yazılış tərzini müəyyən qədər bəyəndim, amma bu sadəcə illüziya xarakterli məqam da ola bilər.
"Hamının oxuduğu" kateqoriyasından kənarda qalmalı olub olmadığımızı biz seçsək də, qızğın təriflər və müzakirələrin cazibəsi heç də zəif bir şey deyil. Bunu nəzərə alıb "hamının oxuduğu" silsiləsindən kitablar oxumaq bəzən faydalı olur. "Lolita" mənə kütləni tanımaqda dəstək olsa da, artığına gücü çatmadı. Maraqlı hesab edəcəyim hadisələr, yaxud da sitatlar olmadığına görə, beynimdəki bu fikirləri yazmaqla kifayətlənirəm.
Comments
Post a Comment