Çovdarlıqda uçurumdan qoruyan - Cerom Selincer

Romanda bir neçə səs var: yetkinlərin səsi, uşaqların səsi, əlavə adamların səsi, lakin Kolfildin səsi onların arasında ən "qırmızı" səsdir. Bu qəribə oğlanın hekayəsi onu özünə qəbul edib daşımağı bacaranlar üçündür. Cerom Selincerin yeniyetməliyə üsyan kimi yazdığı kitab ilk dəfə 1951-ci ildə nəşr olunub. Tayms jurnalı əsəri 1923-cü ildən bu yana yazılmış 100 ən yaxşı ingilis dilli kitablar siyahısına daxil edib. Seksual məqamlardan istifadəsinə görə əsər məhkəməyə cəlb edilsə də, "Çovdarlıqda uçurumdan qoruyan" hər bir gəncin oxumaq arzusunda olduğu kitablardan biri hesab olunur.
8 dekabr 1980-ci ildə əfsanəvi "Bitlz" (Beatles) qrupunun qurucusu Con Lennonun öldürüldüyü gündür. Çox qəribdir, amma bu hadisənin "Çovdarlıqda uçurumdan qoruyan" əsəri ilə əlaqəsəi var, çünki Conun qatili Mark Devid Çəpmən (Mark David Chapman) həm qətl hadisəsini törətməzdən öncə, həm də törətdikdən saniyələr sonra məhz bu əsəri oxuyurdu. Bu məlumatı kitabı təxminən 70%-ni oxuduğum ərəfədə əldə etdim, məhz 8 dekabr 2016-cı il tarixində və bir qədər qorxdum. Düşündüm ki, ilk baxışda zərərsiz görünən bu əsər bəlkə insanlara necəsə belə pis təsir edə bilir? Çünki Markın intervyusunda baxanda da onun tamamilə normal və mütaliəli birisi olduğunu başa düşürdüm, bunu başa düşmək üçün dahi olmaq lazım deyildi. Maraqlıdır ki, necədə onun mütaliəsi həmin ərəfədə "Çovdarlıqda uçurumdan qoruyan"la kəsişmişdi. Mark niyə görə Conu öldürdü? Özü qeyd edir ki, bu ilahinin iradəsi idi. O, səs eşidirdi və səsin buyurduğunu da icra edib. Məncə, belə motivlərdən hər şey olmasa da, çox şey aydın olur. Başqa maraqlı məqam da əsərin bu dəhşətli hekayədə müəyyən rola sahib olmasıdır. Bu rolun nə olması haqqında konkret bir şey demək olmur, amma yenə də insan düşünür. Bəlkə də, romantik təfəkkürüm öz qaranlığından çıxıb elə belə, sadəcə məzə xatirinə belə fikri ora-bura tullayır. Kim bilir, bəlkə də əsər qlobal xarakterli bir çox hadisənin baş verməsinə vəsilə olub və ya ən azından kiçik də olsa təsiretmə gücünə sahib olub. Bəs yaxşı, niyə? Niyə bu əsər belə təsirə malik ola bilər? Niyə o xüsusidir?
Əsərin açar obrazı mənim üçün Holdin Kolfild olmadı, onu da deyim. Mənə əsəri sevdirən Fibi, Holdinin bacısı oldu. Bəlkə də Fibi olmasa idi, mən əsərə çox aşağı qiymət verərdim və lazım olan təəssüratları ala bilməzdim, çünki Holdinin əməlləri, davranışları, düşüncələri və ümumiyyətlə ona aid olan hər şey məndə müəyyən təəssürat yaratsa da, emosionallıq yaratmırdı. Emosionallığın olmaması, içimdə heç bir hissin baş qaldırmaması məndə əsərə qarşı getdikcə böyüyən biganələyin fərqinə varmağa vadar etdi, lakin Fibi əsərin sonlarına yaxın öz isti hisləri ilə Holdinə və dolayı olaraq da mənə qarşı olan yanaşması mənim bəzi məqamlarda gözlərimi belə doldurdu. Onun davranışları, hərəkətləri, sözləri, bütün hər şeyi məndə isti hislər yaratdı. Bu səbəbdən də Fibi mənim üçün çox əhəmiyyətli obraz olub əsəri anlamaqda, onu tam olaraq həzm etməkdə kritik rol oynadı. Mən yalnız bundan sonra Holdini başa düşməyə başladım. Fibi mənim üçün Holdin Kolfildin güzgüsü oldu, onu olduğu kimi, pafossuz, mübaliğəsiz, obyektiv olaraq göstərdi. Olduqca möhtəşəm bu qızcığaz sadəcə ədəbi obraz yox, həm də ailə istiliyinin, doğmalığının, sevginin simvolu kimi reallıqla çağrışan, onunla rezonans yaradan möhtəşəm elementdir.

Son vaxtlar üsyankar uşaqlara, yeniyetmələrə qarşı simpatiyam yaranıb. Əhval-ruhiyyəmdən asılı olaraq onlara azadlıq təcəssümü, güc, enerji, ümid və qoçaqlıq dağarcığı kimi baxıram. Hərdən də yekəbaş, avara və axmaq, cəmiyyətə təhlükə kimi nəzərdən keçirirəm (Cəmiyyətə təhlükə? Cəmiyyətin özü təhlükədir!). Holdin isə özünü itirmiş qəzəb, hiddət, höcət, ağrı və itkini özündə birləşdirən üsyankardır. O, başqalarına problemlər yaradır, amma özü üçün isə sadəcə yaşayır. Holdin Kolfild bizim üçün üsyankardır, amma bir balaca uğursuzdur bu məsələdə. O, çox tez mühakimə edir və nəticəyə gəlir, atılıb-düşür, dünyanın özündə daşıdığı güclə barışmaq istəmir. Yaşına görə qadağan edilmiş işləri görür, niyə? Ona görə ki, güclü olmaq istəyir, gücün əslində sadəcə bir illüziya olduğunu vaxtından tez başa düşüb və özü də oyunu qaydalarına görə oynamaq istəyir ki, öz eqosunu, mənliyini sübut edə bilsin, kimliyini, şəxsiyyətini insan girdabında itməyə imkan verməsin.
Bəziləri kitabda yer alan seksual məqamlara qarşı ifrat həssaslıq nümayiş etdirirlər. Hərdən bu özünü senzuraya çağırış kimi də göstərir, amma birincisi, bu bədii ədəbiyyatdır, dostum, burada söyüş də, cinsi əlaqə məsələləri üçün də yer var. Belə məqamların özü insanı tərbiyə edir, insanı düşünməyə, nə isə öyrənməyə və ya başqa mental hadisələrə dəvət edir. Qorxmaq lazımdır deyil bundan. İkincisi, yazıçı özü elə bir obraz yaradıb ki, onun davranışlarını hansısa dar çərçivələrə sığışdırmaq və beləcə onu akvariumda saxlamaq və "Ey, baxın görün bu balaca oğlan necə də axmaq və avara üsyankardır, amma başqa hər şeyləri ağıllı-ağıllı edir" dedizdirməyə məcbur etmək mümkün deyildir. Obrazlar müəyyən müddətdən sonra yazıçıların idarəetməsi altından çıxırlar, yazıçı həmin andan sonra onlarla hesablaşmalı olur. Holdin Kolfild də müəyyən məqamlardan sonra artıq öz müstəqilliyini qazanır. Həm valideynləri, həm də yazıçının özü artıq onun davranışlarına müdaxilələr etmək gücünə sahib deyillər. Holdinin özü öz müqəddaratını həll edib. Buna hörmətlə yanaşmaq lazımdır və nəyəsə etiraz etmək, nə iləsə razılaşmaq və razılaşmamaq bir o qədər də əhəmiyyətli bir şey deyil. Bu reallığı dərk edən oxucu tam, formalaşmış, hazır oxucudur.
Kitabın müxtəlif yaş qruplarına verə biləcəyi şeylər də müxtəlifdir. Yeniyetmə və gənclik illərində olan insanlar bu kitaba cəsarət və azadlıq mənbəyi kimi baxa bilərlər, ancaq valideynlər və yetkin insanlar kitabdan həmin yaş qrupunun və övladlarının nələri düşündükləri və nələri edə biləcək potensiala sahib olduqlarını başa düşmək baxımından oxuya bilərlər. Hətta yaşlı insanlar belə bu kitabdan fərqli təəssüratlar ala bilərlər. Bu nostalgiadan daha üstün və maraqlı bir şey ola bilər məsələn. Bu məqam yazıçının özünəməxsusluğunu sübut edir və həqiqətən də Cerom Selincer çox fərqli yazıçıdır. Belə bir əsəri yazmaq və universallıq xüsusiyyəti qazandırmaq, heç də hamının bacara biləcəyi bir şey deyil, buna əminəm.
"Çovdarlıqda uçurumdan qoruyan" çoxlu mənzillərə sahib olan bina kimi təsəvvürdə canlana bilər. Hər mənzildə müxtəlif-müxtəlif insanlar yaşayır. Holdin bütün bu mənzilləri ziyarət etməyi qərara alan dəlisov, amma içində sadəcə uşaq olan birisidir. Bütün mənzilləri gəzəcək, hamını tanıyacaq və binanın ən gözəl yerinin əslində onun damı olduğunu başa düşəcək. Oradan açılan möhtəşəm mənzərədən zövq almaq, düşünmək və sadəcə var olmağın verdiyi gözəl və isti hisləri özündə daşımaq necə də gözəl ola biləcəyini artıq bilir. Sadəcə fizika elə bir qayda-qanunlar yazıb ki, dama çıxmaq üçün bütün mərtəbələri qalxmaq lazımdır. Mərtəbələri qalxmaq özü özülüyündə darıxdırıcı ola bilər, ona görə də Holdin deyir ki, gəlin mənzillərdə yaşayanları da yad edək.
Kitabdan seçmələri oxumaq üçün keçidi izlə: Seçmələr
Comments
Post a Comment