Entoni Doerr - Görə bilmədiyimiz büsbütün işıq
ENG: Anthony Doerr - All the Light We Cannot See
RUS: Энтони Дорр - Весь невидимый нам свет

Doerrin fiziki xırdalıqlar ifadəsinə və metafora yaratmaq qabiliyyətinə heyran qalmamaq mümkün deyil. Ülvi insan hisləri, ailə üzvlərinin bir-biri haqqında mümkün olan ən müqəddəs səviyyədə düşünməsi romanın emosional fonunu müəyyənləşdirir. Tarixi hadisələr və Avropa, baş verənlərə xüsusi ab-hava qazandırır. Şübhə etmirəm ki, "Görə bilmədiyimiz büsbütün işıq" əsəri müasir dünya ədəbiyyatının kifayət qədər sanballı nümayəndəsidir və yaxın gələcəkdə də oxucuların qəlbini fəth etməkdə müvəfəqiyyətli olacaq.
Əsərin poetik təhkiyəsi İkici Dünya Müharibəsi kimi tarixi hadisənin fonunda fərqli şəhərlərdə böyüyən və müharibənin bütün əzablarını şəxsən təcrübədən keçirən iki uşaqdan bəhs edən iki paralel süjeti çatdırır. Əgər müharibə ilə əlaqədar əsərlər oxumusunzsa, "Görə bilmədiyimiz büsbütün işıq" onlara oxşar olmayacaq, çünki bu süjet sadəcə fərdin müharibə əsnasında məruz qaldığı əzablardan deyil, həm də az da olsa qoruyub saxlamağa müvəffəq olduğu şəxsi (intim) məkanı və düşüncələrindən də bəhs edir. Uşaq dünyasının böyüklərlə olan qarşılıqlı münasibətləri, onların zərif qəlblərinin müharibənin isti qəzəbi qarşısında necə də müti olmasını görmək mənim üçün tükürpərdici oldu. Başqa bir maraqlı məqam da ondan ibarət oldu ki, həm müharibənin cəmiyyətə vurduğu zərbələr, həm də müharibədən öncə həyatın keyidici zərbələrinin birləşməsi, Avropa kimi məkanın fövqündə maraqlı kompozisiyalara səbəb olub.
Bəzən kimlərsə gəlir və sözün düzünü, həqiqəti və ya olanları düz birbaşa üzümüzə deyir. Biz ilk öncə başa düşmürük, sonra yavaş-yavaş dərk edirik, amma dərk edəndən sonra bəzən gec ola bilir. Entoni Doer "Görə bilmədiyimiz büsbütün işıq" əsəri ilə bizə sözünü birbaşa demir, ilk cümlələrdən bizimlə öz dilimizdə danışır ki, çaşbaş qalmayaq və hər şeyi porsiya-porsiya qəbul edək. Bu zərgər dəqiqiliyi tələb edən incə işdir və sanki, sosial mühəndislik prinsipləri ilə bədii ədəbiyyatın kəsişməsinin ortaq məhsuludur. Müasir dünya ədəbiyyatında "Görə bilmədiyimiz büsbütün işıq" tipli əsərlərin sayı çox deyil və azsayılı olmasına baxmayaraq onları yüksək dəyərləndirmək lazımdır. Belə əsərlər nəyisə propoqanda etmir, hansısa ideologiyanı və ya banal antimüharibə pafosunu sırımır, sadəcə və sadəcə fərdlərin, indiki halda uşaqların həyatına üçüncü göz kimi daxil olmaq şansını təmin edir. Biz hadisələri boz müstəvinin üstündə ora-bura hərəkət edən, qanayan insanların timsalında müşahidə etmir, əksinə, özümüzü müstəvinin ölçü oxlarına tabe edib, müstəvinin bir elementinə çevrilirk. Belə bədii ədəbiyyat nümunələri insanı dəyişir, tərbiyələndirir və dəyişmiş bir oxucu cəmiyyət üçün ikiqat daha çox formalaşmış vətəndaş olur. Unutmamaq lazımdır ki, tariximizin deyilməyən, yazılmayan hissələri var. Ayrı-ayrı qəlblərdə, ayrı-ayrı yaddaşlarda həkk olunub qalan hadisələr və faktlar bu günün insanı üçün olduğu kimi, necədirsə elə də çatdırılmalıdır. Maraqlıdır ki, bədii ədəbiyyat bu tapşırığın öhdəsindən Entoni Doerr kimi yazıçıların vasitəsi ilə çox yaxşı gələ bilər.

Çox şadam ki, bu müasir bədii ədəbiyyat nümunəsi ilə tanış oldum və zənnimcə, azərbaycanlı oxucuların bu əsəri oxuması çox vacibdir. Roman həm bədii təcrübənin artımı üçün çox yaxşı vasitədir, həm də psixoloji məşq kimi çox funksionaldır.
Comments
Post a Comment