Rey haqqında/ About Ray

Nyu Yorkda bir dam altında yaşayan ailənin bir üzvü, Dolli adlı lezbiyan qadının nəvəsi, Meggi adlı qadının isə övladı olan keçmiş Ramona, cari isə Reyin cinsini dəyişməsi qərarı hamının həyatını alt-üst edir. Onun bu qərarına qarşı çıxmasalar da, mövzu necəsə hamını bir-birinə bağlayır və keçmişdən bu günə sürünə-sürünə gəlib çıxan bir çox müəmmalara işıq salır. Megginin cavanlıqda etdiyi səhvlər ucbatından indi o, Reyin bioloji atasını axtarıb tapmalı və əməliyyat üçün onun icazəsini təmin etməlidir. Hadisələr zənciri isə heç də bu qısa nəql kimi bəsit formalaşmır.

Əslində, filmdə Reyə qarşı münasibətlər çox abstraktdır. Bütün film Reyin transgender olmağa olan müdhiş arzusunun üstündə qurulub və süjeti əmələ gətirən əsas elementlər də bu arzunun qarşsına düzülmüş maneələrdən ibarətdir. Başqa sözlə, filmin əsas üç elementi Rey, transgenderlik və transgenderliyə uzanan yoldan ibarətdir.

Filmin çox qəribə fonu var. Belə bir fonu heç də hər filmdə sezmək olmur. Söhbət homoseksual ailədən gedir. Belə ki, kifayət qədər yaşı olan evli iki lezbiyan qadın, qadınlardan birinin övladı və onun da övladı Rey, bütün ailə şəcərəsini formalaşdırır. Bu evdə kişilərə yer olmasa da, Ramona bu boşluğu doldurmaqda iddialıdır. Bütün elementlər bir-birini harmonik olaraq tamamlayır. Adətən transgender olmaq istəyən Ramonanın problemlərinə fikri homoseksual qadınlar bildirirlər və necə ki, homoseksuallıq normadan fərqlənmə hesab edilir, eləcə də onların yanaşmaları və paradiqmaları da normadan fərqlənir. Bunu müasirlik adlandırmağa tələsməzdim. Kifayət qədər polemik vəziyyətdir, lakin qəribə ifrat anlayış və tolerantlıq zaman-zaman qıcıqlandırıcı olurdu. Reyin anasının ona qarşı dəfələrlə "səninlə fəxr edirəm" deməsi Reyə qarşı olan həssas münasibətlərə və valideyn tərbiyəsində olan natarazlıqlara dəlalət edir. Qadınlar onu başa düşürlər, lakin çox irəli getmirlər, çünki Rey özünə nə isə edə bilər. Belə götürəndə isə, o, sadəcə kişi olmaq istəyir.

ABŞ kinematoqrafiyasının bir pis cəhəti var. Əlbəttə əslində bir neçədir, amma bu dəfə diqqətimizi əsas propoqanda məsələsinə yönəltmək istəyirəm. Vaxt var idi, Hollivud çoxuşaqlı "əsl" Amerika ailələrindən bəhs edən filmlər fontanına çevrilmişdi. Onları hamı izləyirdi, hamı bəyənirdi və rəğbət bəsləyirdi. Niyə? Çünki miqrantların arasında əsl amerika ailələri əriyib gedə bilərdi. ABŞ kinematoqrafiyası çox vaxt izləyiciyə müstəqil düşünmək üçün nə zaman verir, nə də məkan. Belə olan halda da bu kommunikasiyanı propoqanda adlandırırıq. "Rey haqqında" filmini də propoqanda adlandırmaq olar. LGBT məsələsində daha neytral, daha mülayim yanaşma sahibi yeni nəslin yetişdirilməsi gələcək baxımından olduqca sərfəli ola bilər. Ona görə də belə filmlərin çəkilişi artır. Diqqət etsəniz, bütün filmlərdə homoseksual, biseksual və ya analoji xüsusiyyətlərə sahib obrazlara yer verilir. Niyə? Sanki, onların da cəmiyyətin üzvü olduğu, fərqli olduqlarına görə qınanmalı olmamalı olduqları və mütləq qəbul edilməli olduqları bizlərə ötürülür. Bu fakt hissə-hissə, ehmalca bizim şüuraltımıza yeridilir, adiləşdirilir. Sabahsı gün bu mövzunu bizim övladlarımız üçün tamamilə adi bir şey olduğunu görsək, gərək təəccüblənməyək. Reyin transgender olması, ətrafından müxtəlif mövqelərlə qarşılaşması, həm epizodik müstəvidə, həm də qlobal müstəvidə bizi maksimal dərəcədə Reyin emosional gərginliklərini, onun qayğılarını, qorxularını, narahatlıqlarını görməyimizə yönəldir. Biz hər nə qədər də onun motivləri haqqında düşünmək istəsək də, sanki, görünməz qüvvə bu istəyimizi keyidir və bu dostlar, bu propoqanda adlanır və bizə zor gücünə nəyisə qəbul etdirməyi, məcburi olaraq dünyanı kimlərinsə istədiyi kimi dərk etməyimizi labüd edir. "Rey haqqında" filmi baxımından bu hal hər nə qədər aktual olsa da, bir müasir film nümunəsi kimi onun təhlilini aparmaq bu məqamdan ayrı olaraq təşkil edilməlidir.
Rey

Biz Reyin kişi olmaq arzusu haqqında uzun-uzun psixoloji söhbətlər edə bilərik, lakin danılmaz bir həqiqət var ki, insanın cinsi ilə bağlı yaşadığı bir çox problemlərin kökündə dayanan səbəb onun uşaqlığı və uşaqlığı ərəfəsində valideynləri ilə olan problemlərin əsasında formalaşır. Məsələn, əgər Çak Palanikin "Döyüşçü klubu" əsəri bizə qadınların yetişdirdiyi bir kişinin şüurunun məhvindən bəhs edirsə, bu dəfə biz ata qayğısından məhrum olmuş, atanın, bütöv və tam ailənin nə olduğunu bilməyən, 16 ilin böyük hissəsini fraqmentasiya olunmuş ailədə yaşayan bir yeniyetmə qızın dramını görürük. Reyin transgenderlik problemi onun bilavasitə şüuru ilə əlaqədar olan bir şeydir. Biz məhz cinsimiz vasitəsi ilə özümüzü dərk edirik. Ya kişi oluruq, ya da qadın, amma əgər kişi olub da qadına çevrilmək və ya əksinə qadın olub da kişiyə çevrilmək istəyiriksə, bu o deməkdir ki, özümüzü dərk etməkdə problemlər yaşayırıq və analitik beyin məntiq ilə analiz edir ki, əgər A metodu alınmırsa onun yeganə alternativi B metodunu sınamaq lazımdır. Nəticədə yalançı illüziyalar insanı obyektivlikdən uzaqlaşdırır və saxta xoşbəxtlik işə keçir. Kifayət qədər geniş mövzudur və dərin təhlillər nəticəsində bu filmlə əlaqələndiriləsi həddindən artıq çox psixoloji nüanslar var. Bu məqam propoqanda məqamından fərqli olaraq filmi maraqlı edir, amma yenə də filmin propoqanda yükü onu məqsədli çəkilişini aşkara çıxarır.

Filmi necə oldu izlədim? Elle Fanninq, Suzan Sarandon və Nayomi Uatts kimi möhtəşəm aktrisaların adını görəndən sonra filmin hansı mövzuda olursa olsun, mütləq mən tərəfdən izlənməli olduğunu dərhal başa düşdüm. Elle Fanninqi "Neon iblis" filmindən tanışımdım, ordakı möhtəşəm ifası məni heyran etmişdi. Bu filmdə onun üçün film naminə verdiyi qurbanlar (məsələn, saçını qırxması) diqqətəlayiqdir. Suzan Sarandon və Nayomi Uatts isə təqdimata və tərifə ehtiyac duymayan aktrisalardır. Rejissor Qebi Dellal isə zəngin filmoqrafiya ilə öyünə bilməz, amma 2015-ci ilin filmi "Rey haqqında" onun gələcək işlərində həlledici rol oynaya bilər. Rejissor işi baxımından kifayət qədər razı qaldım. Eləcə də, yaxşı operator, ssenarist və bəstəkar işi də ortadadır. Bütün bu elementlər filmi kifayət qədər yaxşı dəyərləndirmə üçün əsas ola bilər.

Əgər mövzu sizi cəlb edirsə və ən əsası yaradıcı müasir kinematoqrafik nümunə ilə tanış olmaq şansını qaçırmaq istəmirsinizsə, necə deyərlər, itirməzsiniz. 










































Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi