Pol Parsons - 30 saniyə ərzində elmi nəzəriyyələr

ENG: Paul Parsons - 30-Second Theories: The 50 Most Thought-provoking Theories in Science, Each Explained in Half a Minute 
RUS: Пол Парсонс - Научные теории за 30 секунд

Məsələ elmə gəlib çıxanda, çox az şey geniş oxucu kütləsi üçün məlum vəziyyətdə olur. Bizim kvant mexanikasından tutmuş, təbii seçməyədək növbənöv nəzəriyyələrimiz var və onlar hadisələrin niyə görə məhz müşahidə olunduğu kimi baş verdiyini izah etməyə çalışır. Onlardan hansının düz, hansının səhv olduğunu deyə bilməsək də, "Böyük partlayış" kimi nəzəriyyələr bizə nəfəskəsən hadisələr haqqında ümumi mənzərəni görməyə vasitəçi ola bilir. "30 saniyə ərzində elmi nəzəriyyələr" bizə parlaq illüstrasiyalar, maraqlı izah metodları və elmi yanaşma ilə fərqli bir kitabın mövcud ola biləcəyini sübut edir. Elmi nəzəriyyələrlə maraqlanan, onları indiyədək bulanıq bilən insanlar üçün "30 saniyə ərzində elmi nəzəriyyələr" kitabı əsl hədiyyə olacaq.


50 ədəd elmi nəzəriyyənin şəkilli və rahat mətn formatında birləşməsindən ibarət olan kitab çox maraqlı bir məqsədə xidmət edir: cəmisi 30 saniyə ərzində, başqa sözlə mümkün ola biləcək ən qısa vaxt və konkret üslubda hər hansısa elmi nəzəriyyənin istənilən oxucuya çatdırılması. Buraya fizika, astronomiya, biologiya, kosmologiya, tibb və psixologiya kimi elm sahələri aiddir. Xüsusilə yarıintellektual insanlar vardır ki, onlar həmişə nəyisə bilirlər, amma onların bilik səviyyəsi kifayət qədər qənaətbəxş dərəcədə olmur. Bunun səbəbləri çox ola bilər və onlardan biri də odur ki, insanlar çox vaxt öz peşəkar və şəxsi həyatları ilə bir o qədər də kəsişməyən sahələr haqqında öyrənməyə can atmırlar. Aydın məsələdir ki, bu vaxt və digər resursların yüksək miqdarda istifadəsini tələb edir. "30 saniyə ərzində elmi nəzəriyyələr" isə bu problemin həllini öz üzərinə götürüb.

Maraqlı bir faktı qeyd edim ki, kitabı "Əli və Nino" kitab dükanında olduqca yüksək qiymətə (həmişə olduğu kimi) görmüşdüm və diqqətimi hələ o vaxt cəlb etmişdi. 30 saniyə çərçivəsində fəlsəfə, iqtisadiyyat, əsatir və miflər, eləcə də dinlər kimi başqa silsilə kitablar da var. Başqa sözlə, bu kitablar müxtəlif müəlliflər tərəfindən yazılan, lakin eyni məqsədi, cəmisi 30 saniyə ərzində oxucuya seçilmiş istiqamət üzrə verilə biləcək məlumatları maksimumlaşdıran formata malikdir. "30 saniyə ərzində elmi nəzəriyyələr" mənim bu silsilədən tanış olduğum ilk kitab oldu və digər kitabları da böyük məmnuniyyətlə gələcəkdə mütaliə edəcəm. Buna baxmayaraq, "30 saniyə ərzində elmi nəzəriyyələr" kitabını səhv anlamaq lazım deyil. Nəzərə almaq lazımdır ki, kitab, məsələn, kosmologiyaya aid elmi nəzəriyyələrin ətraflı və dərinləməsinə təhlillərini çatdırmağı özünə hədəf etməyib. Bu daha çox həmin nəzəriyyələrə giriş xarakterini daşıyan təqdimedici xarakterə malikdir. Yəni, oxu, əgər xoşun gəldisə, marağını çəkdisə, deməli daha da dərinlərə enmək üçün araşdırmalara başlamağa səbəblərin var. Bu baxımdan kitabdan qeyri-real gözləntilərdə olmaq məntiqsizdir. Adı ilə daxili bir-birinə tamamilə uyğun gəlir. Əminəm ki, digər silsilə kitalar da bu qəbildəndir. 

Kitab haqqında uzun-uzadı deyiləsi əlavə söz yoxdur. Elmin özü kimi qısa və konkret, lakonik və məntiqlidir. Odur ki, vaxtınız azdırsa, lakin əsas şeyləri öyrənməkdə israrlısınızsa, o zaman "30 saniyə ərzində elmi nəzəriyyələr" sizə görə bir kitabdır. 


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi