Pol Blum - Həzzin iş prinsipi

ENG: Paul Bloom - How Pleasure Works: The New Science of Why We Like What We Like
RU: Пол Блум - Наука удовольствия. Почему мы любим то, что любим

Bakirə ilə seks fikri kişilərin böyük əksəriyyətini ehtirasa gətirir. Orta statistik amerikalı gündə 4 saatını televiziya qarşısında keçirir. Abstrakt rəsm əsərləri milyonlara satıla bilər. Uşaqlar xəyali dostları ilə oynamağı çox sevirlər. İnsanlar avtomobillərini ölümcül nəticələrə səbəb olmuş qəzaya baxmaq üçün saxlayırlar, sonra da kinoteatra gedərək qəmli bir filmə baxıb canı-dildən ağlayırlar. Bəs yaxşı bütün bunları biz nəyə görə edirik? Pol Blum da məhz bu inanılmaz faktların araxasında dayanan elmi araşdırmağa çalışıb. Qəribə zövqlər və istəklər, heyvani instinktlər, seksə, qidalanmağa, incəsənətə, musiqiyə və nağıllara qarşı duyduğumuz qarşısıalınmaz meyl. "Həzzin iş prinsipi" uşaqlar üzərində aparılan psixoloji təcrübələrdən yola çıxacaraq, fəlsəfə, davranış iqtisadiyyatı, neyro elmlər kimi elm sahələrini özündə birləşdirir və bizə konkret olaraq nələri niyə görə xoşladığımızı və onlardan niyə həzz aldıqlarımızı izah etməyə çalışır.  

Nəticə həqiqətən də yuxarıda yazılanlar çərçvəsində ola bilərdi, amma mütaliə əsnasında da başa düşdüyüm ən əsas məqamlardan biri o oldu ki, kitab yenilik təqdim etmir. Təcrübələr və köhnə psixoanaliz məktəblərin prinsip və metodlarını özündə daha müasir formatda cəmləşdirmək hələ hər şey demək deyil və bu da öz növbəsində çox ciddi şeylərə iddia etməyə haqq-hüquq verməli deyil. Müəllifin həddindən artıq "essensializm" nöqteyi-nəzərdən çıxışlar etməsi və hər şeyi onun üzərinə daşıyıb və ancaq ondan sonra müəyyən fikir deməsi məni qıcıqlandırırdı. Ən əsası isə köhnə ideyalar və nəzəriyyələr sadəcə yeni bağlamada təqdim edilir. Psixologiyada artıq oturuşmuş nəzəriyyətlətin sanki, rebrendinq prosesləri baş verir. Elmi-populyar kitablar da eynilə elmi kitablar və əsərlər kimi konkret nəticələri oxucuya təqdim etməlidir və əgər bunu etmirsə ortada spekulyasiya xarakterli motivlərin olduğunu deməyə əsasımız var. Vurğulanmalı olan bir digər məsələ də odur ki, əgər biz kitabı uzun-uzun oxuyub sonunda da 3 cümləlik konspektə sığışdırmaqda heç bir çətinlik çəkməyəcəyiksə, onda kitaba sərf olunan resurslarımızı israf etdiyimizi hesab edə bilərik.  

Hər bir halda çalışıram ki, belə kitablarda mənə az da olsa faydalı olan hissələrini müəyyənləşdirim və onu da təhlillərimə daxil edim. İstər-istəməz hər bir kitab özündə nə isə maraqlı və yaddaqalan hissələrlə oxucunun beynində müəyyən yer tutur. Pol Blumun yazı üslubu pis deyil. Rahat dillə yazır. Ayrı-ayrı başlıqlar altında musiqi, incəsənət, təxəyyül və digər vacib məsələlər haqqında təhlillər və təcrübələr sadalayır. Elmi məsələlərin sadə sözlərin və bəsit cümlə quruluşlarının yardımı ilə oxuculara çatdırılması bir müəllifdə qəbul ediləcək kifayət qədər yaxşı xüsusiyyətdir, mən bunu etiraf etməliyəm. Kitabın hər şeyin mahiyyətini hədəf alması da mənə xoş olan məqamlarda birisidir, lakin bir qədər ifratçılığa yol verildiyinə görə bu məqamı əlimdə bayraq edə bilmirəm. Başqa bir müsbət kimi kitabda təcrübələrə geniş yer verilməsidir. Bu çoxlarına xoş gələ bilər, amma nədənsə mən belə başa düşdüm ki, müəyyən yerdən sonra bu sadəcə həcmartırma texnikası kimi istifadə olunub.  

Vacib bir digər məsələ də seksdir. Seks son 30-40 ildə psixologiya sahəsində hər il trenddə olan bir mövzuya çevrilib ki, əslində bunu tam olaraq analamaqda bir xeyli çətinlik çəkirəm. Başqa sözlə, iki cins var və bu cinslər sosial oyunlarla dəstəklədikləri çoxalma instinktlərini istifadə edib həzz alırlar. Bəli mövzu genişdir, xəstəliklər, problemələr və digər bir çox şeydən yazmaq və yazmaq olar, lakin hər kitabda buna rast gəlməkdən bezmişəm. Elmi-populyar kitab müəllifləri bu məsələdən əsasən kitaba provokativ xüsusiyyət qazandırmaq üçün istifadə edirlər, amma bu metod artıq köhnəlib. Pol Blum da belə müəlliflərin cərgəsindədir.  

Ümumilikdə pis kitab olmasa da, essensializm-essensializm deyə-deyə oxucunu yorur, multiyanaşma sərgiləmir və ən əsası ucuz tendensiyalara çox yer verir. Heç kim şübhə etmir ki, psixologiya bu gün sürətlə inkişaf edir və günü gündən daha da təkmilləşir və əgər psixoloqlar və ya bu sahə ilə az-çox əlaqəsi olan insanlar geniş oxucu kütləsinə hesablanmış kitablar yazmaq niyyətindədirlərsə o zaman hələ çox çalışmalıdirlar. Son vaxtlar analoji kitablardan mənə qalan əsas elə məyusluq olur. Pol Blum baxımından vəziyyəti hər nə qədər dramatikləşdirsəm də, zənnimcə, oxucuya söz verdiyini təqdim edə bilmədi.

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi