Xərçəng/ The Lobster

"Xərçəng" xoşbəxtliyi sadəcə cütlüklərin timsalında görən cəmiyyətə olan satiradır. Bu distopik gələcək dünyada, yaxud da alternativ indiki zamanda, özünə uyğun insanı tapa bilməyənlər otelə yerləşdirilir və orada buna nail olmaq üçün müəyyən müddətlik şansa sahiblənirlər. Əgər 45 gün ərzində özlərinə uyğun insanı tapmasalar özlərinin öncədən müəyyənləşdirdikləri heyvana çevrilirlər. Günlərini artırmaq üçün ətrafdakı meşədə yaşayan "üsyankar" yalnız insanları ovlamalıdırlar. Nə qədər çox şikar əldə etsələr bir o qədər onların xeyrinə olur. Yunan əsilli Yorqos Lantimos qara məzhəkəyə əsaslanan absurdizm nümunəsi ilə olduqca təqdirəlayiq iş sərgiləmiş olub. Adi başlanğıcı olan, amma ani süjet döngələrinin köməyilə ağlasığmaz hadisələr burulğanı cəhətdən bol olan "Xərçəng", izləyicinin beynində əsl istixana effekti yaradacaq.

Otelə gələnlərin hamısı eyni fəaliyyətlərdə iştirak etməlidirlər. Onlar rəqs etməli və bir çox sosial münasibətlərdə olmalıdırlar. Masturbasiya və ya onanizm qəti qadağandır. Onların davranışları çox qəribədir. Hər şey qısa və konkret, münasibətlər isə bir göz qırpımında yaranıb və ya məhv ola bilər. Bir çoxlarında emosionallıq ya azdır, ya da minimal həddədir. Duyğusallığını gizlədənlərin sayı da az deyil, gizlətməyənlər isə qısa müddət ərzində məyusluq və depressiya yaşayır.

Devid, baş obraz da, öz duyğusallığını doyura bilməyən kişi obrazdır. Ən əsası, bu cəmiyyətdə insanlar bir-biriləri ilə qüsurlarına, ya da ən azından hansısa konkret materialistik, xarici aləm xüsusiyyətlərinə görə yaxınlaşıb cütlük olurlar. Belə olmadıqda qurulan münasibətlər yalan üzərində qurulmuş münasibətlər hesab edilir və otel menecmenti tərəfindən cəzalandırılır. Kimlərsə kəsə yoldan gedərək mümkün olan ən qısa zamanda öz tayını tapmağa can atır ki, tez bu yükdən canını qurtarsın, kimlərsə də bir qərara gəlməkdə yetərli cəsarəti toplamağa heç cürə nail ola bilmirlər.

Filmdə diqqətimi çəkən növbəti məqamlardan biri də o oldu ki, yalnız insanlar dəstəsinin lideri, hər nə qədər özünü otelin cəmiyyətinə alternativ hesab etsə də, öz izləyənlərinə qarşı heç də onlardan daha az qəddar, ikili standartlı və amansız deyil. Bu bizə inqilabların mahiyyətcə müəyyən zaman aralığından sonra alternativliyin absurdluğu içində əriyib yox olmasını və daha fərqli, lakin mahiyyətcə eyni olan davranışların sərgilənməsi ilə əlaqədar olan ənənəvi konseptual fərziyyələri sübut edir. Sistemlərə alternativlərin tam formalaşmasında yalanın, saxtakarlığın, ideologiyanın və puç qayda-qanunların əhəmiyyəti yaxşı təsvir olunub. İzləyicinin belə məqamları tam başa düşməsi üçün distopiya və ya antiutopiya janrından zəngin təcrübəyə malik olmalıdır. Baş obraz Devidin düşdüyü ikili standartlarla zəngin bu alternativ cəmiyyət sadəcə olaraq böyük absurdluğun tərkib hissəsidir və amalı da heç də özünü alternativ hesab etdiyi sistemdən fərqlənmir. Azacıq fərqlilik və ya iradədən kənarlaşma belə alternativ sistemlərin öz izləyicilərinə və ya nümayəndələrinə qarşı təxribat törətməsi ilə nəticələnən qərarlar və davranışlara səbəb olur. Bütün bu qeyd edilənlər "Xərçəng" filmində əla təsvir edilib, amma bir daha təkrar etmək istərdim ki, bu məqamların izləyiciyə qarşı görüləbilən və dərkediləbilən xüsusiyyətə sahib olması üçün öncədən müəyyən bədii və ya kinematoqrafik təcrübənin olması qaçılmazdır. 

Emosiyalar, hislər və düşüncələr filmin bir o qədər də görünməyən, lakin ən mühüm elementi sayıla bilər. Nəyəsə diqqəti çəkmək istəyirinizsə, ya gərək onu qabardasınız, ya da yox edəsiniz. Rejissor da bu cəmiyyətin insanlarını robot kimi təsvir edərək, can verən hislər anlayışını aktuallaşdırıb. Sanki, bəşəriyyətin getdikcə müxtəlif səbəblərə görə vəhşiləşdiyini, heyvana çevrildiyini və hissizləşdiyini daha da aktual olaraq vurğulamaq istəyib. Biz bu gün öz hislərimizlə, emosiyalarımızla bir-birimizdən fərqlənirik, amma sabah "Xərçəng"dəki cəmiyyətə gəlib çatsaq, bizi eyniləşdirən xarici görünüşümüz yox, düşüncələrimiz və hislərimiz olacaq. Əgər onlar eyni olsa və ya tamamilə olmasa, onda homogen cəmiyyət ideyası reallaşa bilər. Belə cəmiyyətdə isə filmdə də təsvir edilən kimi total nəzarət olur. Fərdlərin hər addımı izlənilir və qayda-qanunlara əməl etməyənlər ictimai formada cəzalandırılır. Bir-birinə zidd olan "otel" və "yalnızlar dəstəsi"ni birləşdirən də məhz total nəzarət mexanizmidir. Mahiyyətcə eyni olan, yalnızca qayda-qanunlarının eksteryerində fərqlilik olan bu iki cəmiyyət əslində öz fərdinə qarşı eyni şeyləri arzulayır və eyni şeyləri hədəfləyir.

Distopik cəmiyyətin sosial təzyiqləri ilə cari cəmiyyətimizin arasında qurulan potensial və real analogiyalar çox maraqlı submətnləri üzə çıxarır və həddindən artıq çoxşaxəli istiqamətlərə, müxtəlif kontekst istiqamətlərinə yozulur. Xüsusi vurğulanası məqamlar sırasına tərəddüt etmədən avtoritarizmin fərdi davranışlara qarşı təqdir və ya kafi qiymət verməsi, yalnızlıqdan qorxu, meynstrimdə individin özünü itirməsini göstərə bilərik. Hislərin, vicdanın və səmimiliyin yox sayılması, instinktlərin önə çıxması filmə manipulyativ xarakter qazandırır və münasibət disfunksiyası fonunda, fərdlərin əslində özlərini axtarıb-tapmaq paradoksunun mənasızlığını və absurdluğunu təqdim edir. Qələbəliyin içərisində olan artistizm və kütləyə hesablanmış saxta mədəni davranışlar, sosial maskalar filmin sonunda acı həqiqətin doğuşu üçün şərait yaradır. Bu həqiqət tərəddütdür. Məhz tərəddüt. İradə, inam və ya digər hansısa şüur məhsulları deyil, məhz tərəddüt. Canlı varlıq olaraq həm özümüz üçün, həm də başqaları üçün səbəb olduğumuz bütün problemlərin kökündə bizim eqoistik davranışımız olan tərəddüt yatır. Tərəddüt edəndə biz konkretlikdə, özümüzdən ya da ola biləcəyimizdə uzaqlaşırıq və axmaq boşluğun içində itirik. Bir anlayış kimi tərəddütün indiyədək qarşılaşdığım ən möhtəşəm fəlsəfi-vizual ifadəsi məhz "Xərçəng" filmində oldu. 

Cəmiyyət həmişə qoçaq insanları yetişdirə bilir, amma filmdə biz qoçaq insan nümunəsi görmürük. Deviddə cəsurluq var, amma qeyd olunan tərəddüt onu ikitərəfli tələyə salır və özünüdərkdə ciddi maneələrlə qarşılaşdırır. Odur ki, əvəzində biz "əzabkeş" ilə üz-üzə gəlirik, nəinki qəhrəmanla. 

"Xərçəng" ilmə-ilmə bir-birinə keçirilmiş kiçik-kiçik toxumalardan ibarətdir. Öncədən onu izləməyə psixoloji olaraq hazırlaşmaq çox yerinə düşər. Bir filmin verə biləcəyindən qat-qat artığını vermək bacarığına sahib olan "Xərçəng", məncə qarşılıqlı insani münasibətlər anlayışının əhatə etdiyi bütün hər şeyə toxunur və məhz bu kontekstlə maraqlanan hamıya birmənalı olaraq məsləhət görülür. 














Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi