Toni Erdmann

RU: Тони Эрдманн
ENG: Toni Erdmann

Diqqət! Yazıda səthi də olsa spoylerə rast gələ bilərsiniz. Bu məqamdan narahat olursunuzsa, xahiş edirəm yazını oxumağa davam etmək qərarınıza yenidən baxın. 

Vinfrid (Winfried) öz qızı İnesi görə bilmir. Həyatı bir o qədər də rəngarəng keçmir və qərara alır ki, qızının çalışdığı şəhərə, Buxarestə getsin və onunla ünsiyyətini bərpa etsin. Hərgah ki, coğrafi dəyişiklik baş verir, amma yenə də onların bir-birinə uzaqlığı dəyişmir. Vinfirdin qəribə zarafatları onu Toni Erdmana çevirir. Sonrakı dəyişikliklər isə onun qızı ilə olan münasibətlərinə bəzi dəyişiklikləri icra edir. Bütün səylərdən sonra İnes başa düşür ki, onun eksentrik atası həyatında müəyyən yerə və rola sahib olmalıdır.

Filmlərlə əlaqədar olaraq çox maraqlı bir məqam var. Adətən filmin ilk dəqiqələri, ilkin səhnələri onun digər hissələrini başa düşməkdə möhtəşəm dərəcədə əhəmiyyətli rola malik olur. "Toni Erdman" filmində də analoji vəziyyət mövcuddur. Belə ki, ilk dəqiqələrdə Vinfirdin rol oyunları vasitəsi ilə poçtalyonla zarafat etməsini müşahidə edirik. Bu çox kritik andır, çünki digər bütün səhnələrdə də Vinfrid dünya ilə, qızı ilə və özü ilə məhz adi, amma özünəməxsus obrazların, rolların köməyindən istifadə edir. Ümumiyyətlə, belə bir şey bəlkə də praktikada çox olub, yəni belə filmlərə rast gəlinib, amma həyatın içindən, tamamilə adi, sıravi insanları film qəhrəmanına çevirmək və həmçinin də tamamilə adi yerləri, indiki halda Buxarest kimi sadə şəhəri fərqli səpkidən təqdim etmək çox maraqlı dərketmə kanallarını formalaşdırır. İndi də təsəvvür edin ki, necə amöb bölünmə üsulu ilə çoxalır, filmin obrazları da film əsnasında daha başqa obrazlara bölünürlər və çoxalırlar. Bir film həvəskarı kimi belə bir şeyə şahidlik etmək mənə yeni təcrübə bəxş etdi. Filmin əsas izləyiciyə təqdim edə biləcəyi unikallıq da məhz bu məqamda gizlənib. Rejissor ilk baxışda sadəcə bir-iki və ya daha çox fiziki obrazı yaradaraq, onlara elə bir bacarıq qazandırıb ki, onlar dayanmadan dəyişsinlər və yeni-yeni obrazlar fasiləsiz olaraq ekranda peydə olsunlar. 

Film bir tərəfdən öz yumoristik Vinfridi obrazı ilə komediyadır, digər tərəfdən də İnes obrazısının şəxsi dramının fonunda faciədir. Bədbəxtlikləri məzhəkəyə qoymaq, onu qəbul etməmək, etirazı bildirmək, nə qədər ağrılı, acılı olsa da, doğma insanı hər şeyinə rəğmən sevmək və bu sevgini daha da artırmaq yalnızca mənən güclü insanlara xas ola biləcək xüsusiyyətdir. Vinfrid beləsinə nümunədir və Piter Simonişekin (Peter Simonischek) baş rolu ilə möhtəşəm formada canlanıb. Aktyorun təbiiliyi izləyici ilə ideal kommunikasiya qurur. Sandra Hüllerə (Sandra Hüller) isə sadəcə heyran qaldım. Bir qadın kimi çox təmkinli, güclü və gözəl, bir qız övladı kimi küskün, uzaq, amma həm də sevgidolu. Bu aktrisa çılpaq və intim səhnələrdə özünü tamam fərqli prizmadan göstərə bildi. Sanki, qarşımızda  mənəvi həyatı ilə özünü intimə təslim edən insanı müşahidə etmiş olduq, nəinki ət parçası bədəni və ya intim orqanları ilə əks cinsi bihuş etməsi ilə. Sandra Hüller qəribə aktrisa cəsarəti olan, estetik və təkrarsız bir aktrisadır. Digər aktyor və ya aktrisalar bu iki aktyor və aktrisa kimi filmin bütün yükünü öz çiyinləri üzərinə götürməsələr də, tamamlayıcı xarakterinə ideal harmoniya sərgiləmiş və yaxşı rejissor və ssenari işi ilə uyğunlaşmışlar. Məsələn, həm İnesin köməkçisi, həm də film baxımından ikinci plan aktrisa kim İnqrid Bisunu (Ingrid Bisu) çox bəyəndim. Ona qazandırılan şəxsiyyət çalarları, digər pratoqonistlərin psixoloji portreti ilə ideal harmoniyada idi və belə ikinci plan aktyor və aktrisalara çox nümunə göstərmək mümkündür. 

"Toni Erdman"ın müasir problemin fonunda ailə dramı məsələsinə işıq salması filmə hər kəsə doğmalaşdıracaq xarakter qazandırır. İnesin daim məşğul həyat tərzi onu atasından çoxdandır ki, uzaqlaşdırıb. Atası da bu reallığı qəbul etmək istəmir və hətta filmdə də qeyd edildiyi kimi, bundan narahat olur və onu yoxlamaq üçün Buxarestə gəlir. Məhz bu məqamda biz sosial və mədəni yadlaşma, qloballaşma, iqtisadiyyat kimi sahələrin kəsişdiyini və bütün onların fərdlərin həyatına necə təsir göstərdiyini başa düşürük. Ortaq dil kimi ingilis dilinin hər yerdə - barlarda, iş iclaslarında, çörək alanda və s. - istifadəsi bizə bir daha bəzi şeyləri xatırladır. Yerli əhalinin ən sadə kəslərinə də yer verilməsi filmin bir başqa beynəlmiləl xüsusiyyətinə işıq salan nüansdır. Eləcə də, Vinfrid (və ya Toni Erdmann) və İnes arasında olan münasibətləri müşahidə edəndə, biz nəsillərarası uçurumu da müşahidə edir və Vinfridin Toniyə transofrmasiyasının yardımı ilə iki nəzər nöqtəsini özümüzdə birləşdirməyə başlayırıq. İnesin davranışları, verdiyi reaksiyalar və gözlənilməz qərarları da bizi obrazların şüurunu səyahətə aparır və ağzımızda uzun müddət səhər şəfəqinin tamını canlı tutur. 

Biz niyə görə sadəcə bir insan olmalıyıq? Niyə görə sadəcə bir şəxsiyyətə malik olmalıyıq? Axı dünyanı, insanları, təbiəti belə dərk etmək çox çətindir. Ən əsası da "həqiqi mən" axtarışı sadəcə bir yolun ucunu tutaraq icra edilə bilməz. Toni Erdman bizə öyrədir ki, istər sevdiyimiz insanlar olsun, istərsə də yad kəslər, onları bizdən əlavə bizim şəxsiyyətimizin, ruhumuzun gözləmə otağında olan obrazlar da tanımalıdırlar. Bilmək olmaz, bəlkə həmin obrazlar real insanların daha çox xoşuna gələcək və bizim doğmalarımızı bizi daha yaxşı başa düşəcək. 

Filmin cavablandırdığı suallar: Yaşamağa vaxt tapırsınızmı, yoldaşlar? Yaşamaq nə demək? Biz bu suallara cavab tapmaq üçün hər dəqiqə, hər saniyə öz içimizdə inqilab etməli, özümüzü hər an dəyişdirməyə hazır olmalıyıq. Necə ki, bunu Vinfrid etdi. Necə ki, o, Toni Erdmana çevrildi, daha sonra bolqar bədheybət vasitəsi ilə qızının qəlbinə daxil olub oradakı kabusları, müasir dünyanın qaçhaqovunu uzaqlaşdırdı.



















Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi