Qardaşların dueli

ALM: Duell der Brüder - Die Geschichte von Adidas und Puma
RUS: Дуэль братьев. История Adidas и Puma

"Qardaşların dueli" filmi Almaniya və bütün dünya ayaqqabı sənayesinin aqibətini dəyişməyə müvəffəq olmuş Adolf və Rudi Dassler qardaşlarının həyatından bəhs edir. Film iyirminci əsrin əvvəllərini təsviri ilə başlayır və qardaşların arzuları və xəyallarını qabarıq formada təsvir edir, lakin sonradan onlar arasında hər şeyin belə asan olmadığını görürük. Münaqişələr sayəsində qardaşlar özlərinin ayrı-ayrılıqda "Adidas" və "Puma" şirkətlərini qururlar. Başqa sözlə ifadə edəsi olsaq, "Qardaşların dueli" filmi qardaş münaqişələri zəmnində nə ilk, nə də axrıncı əsər olacaq, amma Almaniya tarixi və məşhur brendlərin dramını yaxşı əhatə etdiyinə görə, filmi diqqətəlayiq hesab etmək olar.

Qardaşlararası münasibətlər ən qədim dini inanclardan bu günümüzədək insan cəmiyyətində ən maraqlı və intriqayaradan xarakterə malik mövzulardan hesab olunur. Habil ilə Qabilin düşmənçiliyi hələ də davam edir. Bunun müəyyən psixoanalitik izahı mütləq var. Şəxsi fikrimcə isə, doğma insanların bir-birindən müəyyən şeyləri gözləməsi və müəyyən şeyləri də gözləməməsi ortada qeyri-obyektivliyə səbəb olur. Bu hal reallığı təhrif edir və uzun müddətdən sonra ani olaraq reallıqla üz-üzə gələn qardaşlar və ya yaxın adamlar öz emosiyalarını işə salırlar. Belə halların əsasən gənc qardaşlar arasında olması da müəyyən psixoloji amillərlə əlaqələndirilə bilər. Adolf və Rudi Dassler arasında da belə bir hal mövcuddur. Bu iki alman qardaşın bir-birinə olan münasibətini izləmək çox maraqlı oldu. Ümumiyyətlə son dövrlər alman kinematoqrafiyasına maraq salmışam və "Qardaşların dueli" adıçəkilən ölkənin filmoqrafiyasından layiqli nümunə oldu. 

Süjet, hadisələrin gedişatı, obrazların mahiyyəti, məkan və operator işi kimi bütün kinematoqrafiya məqamları yerli-yerində olub, çox təmkinli və lakonik film təəssüratı yaradır. İzləyici hiss edir ki, ortada planlaşdırılmış və ciddi araşdırılmış iş var. Alman mədəniyyəti, düşüncə tərzi, iş həyatı və ailə-məişəti haqqında məlumat almaq baxımından da çox yaxşı hesab ediləcək "Qardaşların dueli", sadalananlar çərçivəsində lazım olanları bizə maraqlı tərzdə öyrədir. Ən əsası isə real hadisələrin dramatiklik tarixinə işıq saldığına görə filmi əhəmiyyətli hesab edirəm. Adidas və Puma kimi brendlərin, ümumən idman ayaqqabılarının tarixi və onları getdikcə geniş istehlak edilmə stimullarını öyrənmək intellektuallıq baxımından çox yaxşıdır. 

Bir-birini mükəmməl tamamlayan iki qardaşın sonradan rəqibə çevrilmələri ənənəvi süjet olsa da, bu dəfə biz hadisələri alman cəmiyyətində müşahidə edirik. Baş verənlər bizə hissə-hissə çatdırılır. Hissələr də bir-biri ilə ideal harmoniyaya daxil olur və düzgün istiqamətləndirmə, xüsusilə də emosional manipulyasiyalar sayəsində çox maraq səhnələr və nəticələrə nail olunur. Bir kinematoqrafiya nümunəsi kimi "Qardaşların dueli" çox diqqətəlayiqdir və ən yeni alman filmləri arasında öz fəxri yerini tutacağına şübhə etmirəm.  











Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi