Çip və Den Hit - Həlledici: həyatda və işdə daha yaxşı qərarları necə verməli

ENG: Chip Heath, Dan Heath - Decisive: How to Make Better Choices in Life and Work
RUS: Чип Хиз - Ловушки мышления: как принимать решения, о которых вы не пожалеете
Məni izləyənlər yaxşı bilir ki, mən nə qədər çox roman və bədii ədəbiyyat nümunəsi ilə tanış oluramsa, bir o qədər də çalışıram şəxsi inkişaf mövzularından bəhs edən kitablarla da tanış olum, onları oxuyum, öyrənim və həyatıma tətbiq edim ki, təcrübəm artsın və oxşar problemlərlə üzləşən insanlardan bir addım öndə ola bilim. Son dövrlər bestseller kitablarla da tanış oluram ki, onların niyə görə cəmiyyətdə populyarlıq qazandığını başa düşüm. Bu baxımdan növbəti qurbanım "Həlledici: həyatda və işdə daha yaxşı qərarları necə verməli" oldu.

Çip Hit Standford Universitetinin təşkilati davranış üzrə professorudur. Bakalavr dərəcəsini sənayenin təşkili və idarə edilməsi üzrə alıb, doktorantura dərəcəsi isə psixologiya sahəsindədir. Çipin qardaşı , həm də kitabın həmmüəllifi Den isə əvvəllər Harvard Biznes Məktəbində araşdırmaçı qismində çalışıb, Bakalavr dərəcəsini Texas Universitetindən, MBA dərəcəsini isə Harvard Biznes Məktəbindən əldə edib. 1997-ci ildə "Thinkwell" adlı innovativ nəşriyyat evinin əsasını qoyub, harada ki, tələbələr üçün tamamilə yeni formatlı dərsliklər çap edilməyə başlayıb. Gördüyümüz kimi müəlliflər cəmiyyətlə iş və yenilikçilik baxımında kifayət qədər əsaslı keçmişə sahibdirlər. 

Kitabın özünə gəldikdə isə həm müsbətləri, həm də mənfiləri ilə kitabı bəyəndim. Bu nadir prosesin baş verməyinə özüm də təəccübləndim, çünki son zamanlar şəxsi inkişaf istiqamətli kitabların mütaliəsindən heç də razı ayrılmırdım, amma "Həlledici: həyatda və işdə daha yaxşı qərarları necə verməli" kitabı belə olmadı və mən də buna sevinirəm. Təbii ki, təcrübəli oxucu kitabın heç də ideal olmadığını asanlıqla görəcək, amma yenə də nisbi olaraq qiymətləndirəndə, görürük ki, kitabın faydalı cəhətləri onun təkrarçı və sıraviliyini neytrallaşdırır. 

Kitab bəzi məsələlərə, xüsusən də gələcəyə yönəlik qərarlar və məqsədlər baxımından olduqca maraqlı yanaşmanı, spektrlı yanaşmanı təbliğ edir. Adətən biz bir nöqtəyə fokuslanırıq və hansısa səbəblər ucbatından alınmayanda bikef oluruq, halbuki bizim gələcəyə olan yanaşmamız alternativlərlə dəstəklənməlidir, nəinki 1-2 nöqtəyə. Bundan əlavə qərarvermənin 4 düşməni: 
1. Dar imkanlar (və ya alternativsizlik) 
2. Stereotipli yanaşma (və ya az məlumatlılıq)
3. Ani emosiyalar 
4. Özündənrazılıq, kifayət  qədər  düzgün müəyyənləşdirilmiş kriteriyalar hesab edilə bilər. Ən əsası isə qərarvermə prosesini başqa əqli proseslərdən düzgün olaraq ayırmağı bacarmaq lazımdır. İnsanlar çox zaman bu məqamda səhv edirlər. Bu prosesi düzgün olaraq nəzarət altında saxlamaq və doğru prioritetləşdirmələr aparmaq sizə yalnızca kömək edə bilər. Hərgah, 10,10,10 qanununa qarşı kifayət qədər skeptik yanaşıram, bəlkə də kiməsə faydalı ola bilər: belə ki, müəlliflər qeyd edirlər ki, qərar verəndən sonra ona 10 dəqiqədən, 10 aydan və 10 ildən sonra necə yanaşacağınız haqqında düşünməlisiniz. Qeyri-müəyyən gələcək haqda bu gündən əminliklə düşünməyi bacaran insanlar, yaxud da ideologiya sahibləri üçün bəlkə də maraqlı nüansdır, amma nəzərə alaq ki, obyektivliyə nail olmaqda bu qanun heç də işlək bir şey olmaya bilər. Başqa sözlə, bu gün verdiyimiz qərar, 10 ildən sonra bizi uğursuz birisinə çevirsə də, çətin ki insan özünə qarşı 100% səmimi olsun və yanıldığını hesab etsin. İnsan hər yaşda və hər yerdə özünü sakitləşdirməyi bacarır. Ümidvaram, skeptizmimin qaynağını başa düşdünüz. 

Buna baxmayaraq, kitabın bizə ötürdüyü ideyaların əsas miqdarı heç də yenilikdən ibarət deyil. Başqa sözlə, yuxarıda sadalananlar heç də bilmədiyimiz bir şey deyil. Bundan əlavə, kitab qərar verərkən məlumat toplamağı hər nə qədər təbliğ edirsə də, digərlərin fikrini nəzərə almağı da bir o qədər qabardır. Şəxsən bu məqama çox qıcıqlanırdım. Bu əslində şəxsi qərarların formalaşmağına böyük əngəl törədə bilər. Bəli, məlumat toplamaq, təcrübəli insanlardan öyrənmək yaxşı şeydir, bunu bir dəfə kitabın bir və ya iki fəslində qeyd etmək olardı, lakin bunun dəfələrlə tərarlanması və dəxlisiz yerlərdə bir daha deyilməsi, mənasız bir şeydir. Belə hallar məni çox təəccübləndirir. Müəlliflər təkrarçılıqla nəyə nail olmaq istəyirlər? Həcmin dolmağına? İnsanlar qalın kitablara ödəniş etməkdə daha qərarlı olurlar, elə deyilmi? Ya vizual aldanış yaratmaqla, qalın kitabın daha çox şey öyrətdiyi illüziyasını formalaşdırmağa? Hər bir halda 50% faydalı, 50% də ənənəvi ABŞvari şəxsi inkişaf kitabı ilə qarşılaşmış olduq. Qeyd edim ki, 50% faydalı olmaq kifayət qədər yüksək nəticədir. Çox da tələbkar olmayan oxucular üçün bu kitab hətta həyatdəyişdirici xarakterə belə sahib ola bilər. Odur ki, əgər mövzu maraqlı gəldisə, qərarvermə haqqında indiyədək çox düşünmüsünüzsə, tərəddüt etməyin, oxuyun. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi