Frederik Beqbeder - Məhəbbət 3 il yaşayır

RU:Фредерик Бегбедер - Любовь живет три года
ENG: Frédéric Beigbeder - Love Lasts Three Years

Mark Maronye hesab edir ki, məhəbbət sadəcə 3 il yaşayır və bu sadəcə olaraq təbiətin qanunudur. Onun həyat yoldaşından ayrılmasının səbəbi heç də təbiət qanunları ilə əlaqədar deyil. Sadəcə olaraq yeni sevgi onun qəlbində köhnəsinə yer vermir. Mark öz nəzəriyyəsinə sidq-ürəkdən inanır və nəzəriyyənin labüd etdiyi bütün abstrakt nəticələri səbirsizliklə gözləyir. 

Ölkəmizdə də kifayət qədər çox oxunan və tanınan Frederik Beqbederin bu kitabını oxumaq qərarını heç bilmirəm hansı motivlər əsasında verdim, amma düşünürəm ki, bunu etməkdə əsas səbəb ondan ibarət oldu ki, mən yenə də "hamının oxuduğu kitab"ın onlara nə verə biləcəyini başa düşmək üçün bu addımı atdım. Mütaliə əsnasında "razılıq" və "narazılıq" kimi qütblər arasında tez-tez gedib-gəlirdim və bunu da əsas səbəbi odur ki, yazıçı öz kitabında bir-birinə paralel iki istiqamət seçib. Bunlardan birisi ondan ibarətdir ki, obraz (dediyinə görə yazıçının özü) mənəvi əzablar çəkir və həyat yoldaşından ayrılığının ağırlığı altında əzilir, digər istiqamət isə bu ayrılığın stimulyasiyasının sayəsində fəlsəfə ilə məşğul olur. Kifayət qədər banal səslənir, elə deyilmi? Bəli, banal hissələr kifayət qədər var idi və ən əsası yazıçı asan yol ilə getməyə üstünlük verib. Məşhur filosofların və əsasən də fransız yazıçılarının fikirlərindən tranplin kimi istifadə edərək öz şəxsi mülahizələrini və fəlsəfəsini müəyyən maraqlı və rəngli bağlamanın içinə dürtərək bizlərə təqdim edib.

Nə isə kliniki və rasional gözləntiləriniz varsa, bu gözləntiləriniz lazımi dərəcədə qane olmayacaq, çünki müəllif spontan macəralar və populyar fəlsəfədən istifadəyə çox yer verib. Leksika zəif istifadə olunub. Bədii əsər kimi və fikir ağırlığı baxımından romanı dəyərli hesab etməkdə çox çətinlik çəkirəm. Yazılanlar heç də realistik səslənmir. İndiki dövrün insanları "İdeal olmağın 3 üsulu", "Gözəl olmağın 3 vacibatı", "Hamilə qalmamaq üçün 3 metod" və "Sevmək üçün 3 səbəb" tipli başlıqlara aldanmağı seçiblər. "Məhəbbət 3 il yaşayır" başlığı kifayət qədər cəlbedici və maraqlı gəlir, amma yekunda çox az yaxşı təəssürat qazanmaq şansı var. Xüsusilə də, kitabın sonu ilə onun başlığı arasında qəribə provakativ təzad yaranır ki, bu da öz növbəsində oxucuya qarşı heç də ədalətli yanaşma hesab etək olmaz.

Bəs digər sual da belə olar bilər ki, kitab heçmi maraqlı və faydalı olmadı? Bu suallaın cavablarını fraqmentiv olaraq kitabın müxtəlif hissələrində tapdım əslində, amma onlar da öz cılızlığı ilə heç də yükün öz çiyinlərinə götürə bilmədilər. Problem ondan ibarətdir ki, az-maz düşünməyi bacaran insan və öz-özünə qarşı obyektiv olan kəs həmin faydalı hissələri özü üçün çoxdan kəşf edib və yenidən təkrarçılığa yol vermək heç də məntiqli deyil.

Ümumiyyətlə sadəcə şəxsi ismarıcların oxuculara ötürülməsi ilə məşğul olan yazıçıları mən heç vaxt anlamamışam. Bəzi insanlar başa düşmürlər ki, yaşadıqları hansısa hadisə və hiss etdikləri hansısa hiss və emosiyalar onların özləri üçün şəxsən və bilavasitə çox vacib ola bilər, onlar üçün xüsusi yerə sahib ola bilər, amma bu o demək deyil ki, gərək onlar da oturub bunu bütün dünyaya car çəksinlər və hələ üstəlik bu da azmış kimi marketinqlə səs-səsə verib insanların dərketmə prosesinə müdaxilə etsinlər. Frederik Beqbeder də belə yazıçılar dəstəsinə aiddir. Ölkəmizdə belə mövzuların bir qədər maraq mərkəzində olmasını başa düşürəm. Gənclər və bəzi yetkin insanlar belə kitablar oxuyub onda həqiqətən də özləri üçün yeni nə isə görə bilərlər, lakin təhlil edərkən biz subyektivliklə obyektivlik arasında düzgün balans yaratmalıyıq. Bundan savayı, Beqbeder yeni heç nə yazmayıb, heç yazdıqlarının hamısı düz də deyil, qaldı ki, yaratdığı obraz real, canlı insanlara ağıl öyrətsin. 

Nə demək olar. Bundan da daha artığını yazmağın bir mənası yoxdur. Odur ki, göründüyü kimi olmayan kitab haqqında müəyyən məlumat əldə etmək istəsəniz, yazılanlar sizə kifayət edə bilər, yox əgər özünüz şəxsən bu təcrübəni yaşamaq istəyirsinizsə, o zaman kitabı mütaliə edə bilərsiniz. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi