Akutaqava Rünoske - Kappa
RUS: Рюноскэ Акутагава - В стране водяных
ENG: Ryūnosuke Akutagawa - Kappa

![]() |
Akutaqava Rünoske |
Dahilərin yaranmasını cəmiyyət labüd edir. Onun içində baş verən hadisələr individuumlara sirayət edərək eyni ilə kiçik model kimi fərdlərin də içində baş verməkdə davam edir. Cəmiyyətlər təzyiqlərini artırdıqca fərdin içində baş verən "sublimasiya" prosesləri "Su məxluqları ölkəsində" (Kappa) kimi əsərlərin yaranmasını da qaçılmaz edir. Belə gözəl və təsiredici bədii əsərin yazılması yazıçının hansı emosional vəziyyətlərdə olduğunu və nələri düşündüyünü başa düşmək üçün ideal vasitədir.
"Kappa olaraq adlandırılan məxluqların mövcudluğuna bu günədək şübhə edilir, lakin şəxsən məndə mövzuyla əlaqədar heç bir sual ola bilməz, çünki mən özüm uzun müddət kappların arasında yaşamışdım". Bu cümlədə sadəcə yazıçının yaşadığı cəmiyyətə olan fərdi yadlaşması deyil, həm də Yaponiyanın bir cəmiyyət kimi beynəlxalq müstəvidə digər ölkələrlə olan yaxınlaşması kimi incə məlumatlar da gizlidir. Xüsusilə faşist militarzim kimi ideologiyanın getdikcə cəmiyyətdə geniş vüsət alması yazıçını bir sənətkar kimi narahat edən problem olduğuna görə, o, dəyişən cəmiyyətlə özü, başqa sözlə, dəyişən cəmiyyətlə ənənəvi, daha mədəni və daha əsl olan cəmiyyəti bir-birindən ayırmaq qərarına verir. Bəs yaxşı, niyə məhz kappa? Kappanın humanoidləşdirilməsi hər nə qədər bivec görsənsə də, əslində oxucu ona çox tez öyrəşir və lazım olan informasiyanı cəld qavramağa başlayır. Bu simvolizmdən xüsusi istifadə metodunu özündə əks etdirən yeni yanaşma kimi də dəyərləndirilə bilər.
Kappların dünyası onların özlərinin gözündə utopiya, insanların gözündə isə əxlaqi prinsiplərin deqradasiya etdiyi antiutopiya kimi qəbul edilir. Kapplar insanların cəmiyyətindən daha inkişaf etmiş cəmiyyət qurublar. Onların nailiyyətləri hətta absurd olaraq da adlandırıla bilər. Belə bir kontrastlı dünyada oxucu məsələnin mahiyyətini, indiki halda satiranı və cəmiyyətin tənqidini daha yaxşı başa düşə bilir. Məcbur deyil ki, dərin "qazıntı işləri" aparasan və həqiqətləri torpağın canından dartıb çıxarasan.

Bundan əlavə olaraq onu da qeyd etmək yerinə düşərdi ki, xəfif yumor və məzhəkə elementləri oxucunu darıxmağa qoymur. Əsər onsuz həcmcə qısadır, lakin bu qısalıq illüziyasını onun zəngin tərkibi və oxucu ilə yaradılan özünəməxsus mental körpü sayəsində formalaşdığını qeyd etmək məqsədəuyğun olardı.
1867-68-ci illərdən başlayaraq 1912-ci ilədək davam edən Meydzi inqilabı Yaponiya üçün həlledici xarakter daşımış və günümüzün Yaponiyasını Yaponiya etmişdir. Çoxlarımız iyirminci əsrin əvvəllərinin Yaponiyasını təsəvvür etməkdə çətinlik çəkə bilərik və bu tamamilə normaldır, çünki o vaxtadək Yaponiyanın dünya ölkələri ilə heç bir əlaqəsi yox idi. Ölkə vətəndaşları ölkədən çıxa bilmirdilər və eləcə də xarici vətəndaşlar bu ölkəyə daxil ola bilməzdilər. Meydzi inqilabı isə bu mənzərəni kökündən dəyişdi, Yaponiyanı beynəlmiləl ölkə olmaqda fundamental sayılacaq dərəcədə dəyişiklikləri tətbiq etməyə çalışdı. Bundan sonra Yaponiya bütün xarici mədəniyyətləri özünə süngər kimi udur və zəif aqrar ölkədən getdikcə müasirləşən, güclü ölkəyə çevrilməyə başlayır. Başqa sözlə, Yaponiya cəmi bir neçə on illikdə dünya mədəniyyətlərinə hədsiz maraq göstərən bir cəmiyyətə çevrilir. Akutaqavanın bu əsərini bu məqamla əlaqələndirmək olarmı? Hansı ki, qəhrəman tamamilə fərqli mentalitetin və dəyərlərin olduğu mühitə düşür və onu öz cəmiyyəti ilə müqayisə edir? Bunu deməyə mənə əsas verən ən vacib epizodlardan birisi də, kappaların dini inancları kimi Nitsşeni, Tolstoyu və Vaqneri özlərinə müqəddəs seçmələri və fasiləsiz olaraq tövbə etməyi özündə ehtiva edən, bu günkü günün dadını çıxarmağı əsas postulat elan etmiş ictimai dinin "həyat dini"nin əsərdə qeyd edilməsidir: Bizim Allah kainatı 1 günə yaradıb (hərgah ki "Həyat ağacı" sadəcə ağacdır, onun üçün mümkünsüz bir şey yoxdur). Bu azmış kimi o həm də dişini yaratdı. Dişi isə darıxdığından erkək axtarışına başladı. Bizim Allahımız da dişinin qəm-qüssəsinə qulaq verib onun beynindən erkəyi yaratdı. Sonra da Allahımız bu kapp cütlüyünə buyurdu: "yeyin, için, cütləşin, doyunca yaşayın..."
Əlavə olaraq onu deyim ki, kappalar heç də tamamilə yazıçının təxəyyül məhsulu deyil. Bu ümumi olaraq Çin və Yaponiya kimi ölkələrin əhalisinin inandığı mifik varlıqdır. Kappa - çayın övladı olaraq da adlandırılır, 10 yaşlı uşağın boyu qədər boyu olur, xarici görünüş cəhətdən qurbağaya bənzəyir və belində və qarnında tısbağanın çanağına bənzər çanaq olur. Dərisinin rəngi ya yaşıl, ya boz, ya da mavi rəngdə olur. Başında tük olur və həm də başının ortasında su ilə dolu kiçik nəlbəkiyə bənzər nə isə var. Burun əvəzinə dimdiyi var. Barmaqları pərdə ilə birləşikdir və balıq iyi gəlir. 3 anusu olur.

Hal-hazırda kappalar su hövzələrini və təbiəti çirklənmədən qoruyan su ilahisi kimi qəbul edilir. Hər bir halda kappaların mifik canlılar olması versiyası daha çox qəbul edilir və miflərdə onlar əsasən kişi cinsinin nümayəndələri olurlar. Buna baxmayaraq, insan qadınlara qarşı yaman həvəslidirlər və bəzən onların üzərinə hücum edib zorlama kimi işlərə də imza atırlar.
"Görünür, həyatımız üçün zəruri olan bütün əsas ideyalar hələ üç min il bundan öncə deyilib. Bizim üstümüzə düşən, köhnə oduna alov vurmaqdır". Cəmiyyət quruluşuna ironiya bədii ədəbiyyat üçün möhtəşəm xammaldır. Hazır məhsul ilə gərək "Su məxluqları ölkəsində"ki kimi də möhtəşəm alınsın. Alternativ yanaşmaların bədiiləşdirilməsi hər nə qədər də ilk baxışda sadə görsənsə də, əslində böyük ustalıq tələb edən incəsənətdir. Xüsusilə də bu proseslər Yaponiya kimi uzun müddət qapalı sistem olmuş ölkələrin ani olaraq qərb dəyərləri və ən əsası da kapitalizm kimi iqtisadi sistemə keçidin timsalında əks olunarsa, ortaya bax belə şedevr bədii əsərlər çıxa bilər.
Comments
Post a Comment