Müasir insan, ya da vaxtı keçmiş yanaşmalar
Məhz yanaşmalar. Fikirlər, düşüncələr, paradiqmalar, ya da bunlara oxşar başqa terminologiya deyil, məhz yanaşmalar, çünki yalnız yanaşandan sonra nə isə etmək, ya da etməmək olur. Baxıram görürəm ki, son vaxtlar biz irəliyə, qabağa, nə bilim, bilmirəm başqa cür necə yazım ki, başa düşəsiniz, uzağa, odey orda görünən keçici bayrağın yanına gedib-çıxamq əvəzinə, tez-tez geriyə çevrilib baxırıq. Qınamıram, bəzən insanlar valideynlərinin onlara ötürdüyü əql irsi sayəsində yaddaş və xatirələr dirilməsinə məruz qalırlar. Baxırsan görürsən ki, birdən-birə kimsə çönüb olur "A" qrupunun davamçısı, filankən "B", bəhmənkəs də "C" qrupunun fikirlərini propoqanda edir. Ya da oturub söhbət edirsən cavan-cavan yoldaşlarla görürsən ki, adamlar dərkedilmə xüsusiyyətindən məhrum anlayışlarla maraqlanıb özlərini həlak edirlər onların uğrunda. Mən də cavanam, amma az-maz yaşım artıb artıq. Yavaş-yavaş başa düşürsən ki istəsən də, istəməsən də həyat öz kötəyi ilə sənə şappıltısını unuda bilməyəcəyin zərbələri artıq endirib. Deyirlər e "Ağzun isti yerdədi" bax o mərhələləri geridə qoymuşam. Düzdür, deməzdim oyunun qaydaları dəyişib, amma mən dəyişmişəm. Bunun da nəticəsində başa düşmüşəm ki, bəzi şeylərin artıq vaxtı keçib. Bu şeylər nə bizə, nə də başqasına faydalı ola bilməz daha. Atalarımız, babalarımız o işlərlə nə vaxtsa məşğul olublar, lap yaxşı. Nə isə əldə ediblər, etməyiblər o da qalsın sonrakı söhbətimizin mətləbinə, amma indi mənim sizə aşağıda yazdıqlarımı yaxşı-yaxşı oxuyun, çünki onların son istifadə tarixi artıq keçib. Onlar heç kimə, heç nəyə gərək deyillər. Bəlkə də bu sərt səslənir, amma faktdır. Onlara muzey eksponatı kimi yanaşmalıyıq, daha gündəlik həyat fəaliyyətini dəstəkləyən nə isə bir şey kimi yox. Həzərat başlayaq.
1. Tanrı varmı? - Bəli, bilirəm bu əbədi sualdır, maraqlıdır, düşündürücüdür, amma vallah vaxtı keçib. Müasir insanı müasir edən xüsusiyyətlərdən niyə könüllü olaraq imtina etməliyik ki? Niyə hələ də bu suala cavab axtarmalıyıq? Axı görürük ki, mənasız sualdır. Axı görürük ki, belə suallarla bir ömür geridə qalır və axırda heç nə əldə etmədən, nəyəsə nail olmadan, nəyisə dəyişdirmədən gedib girirsən qara torpağa. Axı bunu biz bilirik. Yox, demirəm bunu haqqında yerli-dibli düşünməyin, tanırını unudun, Allaha inanmayın. Mən alternativ yol təklif edirəm. Təklif edirəm, çünki görürəm ki özünüz bu informasiya və propoqanda bolluğunda bunu fikirləşə bilmirsiz (Əslində isə nə isə məsləhət görmək və yol göstərmək mənim aləmimdə günahdır). Mən bu üsulun, yöntəmin vaxtı keçdiyini deyirəm, yoldaşlar. Bilin və agah olun. Tanırını birbaşa axtarmağın artıq müasir insan üçün heç bir mənası yoxdur. Müasir elm drozofil milçəyi ilə insanın ortaq əcdadını axtarıb-tapmaq iqtidarındadır. Bu nə deməkdir? Bu o deməkdir ki, biz "Tanrı varmı?" sualını verməməliyik. Biz onu dolayı yollarla axtarmalıyıq. Hər kəs bunun üçün öz özünəməxsus yolunu cizməlidir. Biz ona qarşı olan tələblərimizi də, gözləntilərimizi də başqa formaya salmalıyıq. Ya da ümumiyyətlə fasilə verməliyik bir müddət. Biz onu humanoid formasına salmaqdan bezmədik. Bığ-saqqal, qaş-göz kimi cızma-qaralarla məşğul olmağın vaxtı keçib. Bilirəm ən rahat yolu budur. Biz ona təbiətin, planetlərin və insanların şüuru kimi yanaşmaq əvəzinə varlığını, yoxluğunu öyrənmək istəyirik. Vaxtı keçib artıq bunun. Lazım deyil. Adam Smitin təbirincə desək, oturun, öyrənin, ixtisaslaşın və mexanikiləşin. Gerisi özü gələcək. Camaatı naqolay vəziyyətə qoymağın bir adı yoxdur artıq. Bu suala əsaslanan əsərlərin də, filmlərin də sadəcə kommersiya xarakterindən başqa bir xarakterə sahib olduğunu da görmürəm.
2. Mən "A"nı, sən "B"ni, o gədə də "C"nin qrupundandır - Şərti adlarla adlandırdığım bu adlar hansısa qrupu, cərəyanı təmsil edir. Oturmusan özün üçün evdə, ya da nə bilim başqa yerdə, birdə görürsən bir yoldaş gəlir əsəbi-əsəbi başlayır danışmağa ki, bəs indiyə qədər yaşadığımız həyat heş zad, zibil. Deyirsən ay qardaş, nə olub, nə məsələdir, deyir heç nə a kişilər, bəs mən getdim bu gün "A" qrupunun qərargahına, orda mənim beynimi o ki var doldurdular, qəşəngcənə proqramlaşdırdılar, mən də başa düşdüm ki, bəs həyat, həm də bütün bizim bu cəmiyyətlər elə olmalıdır, belə yox! Başlayır gic-gic, axmaq-axmaq ideologiyaları, prinspiləri izah etməyə, kiminsə zəhərini bizə də ötürməyə. Sözün qurtarmamış da deyir gəl sən də "A" qrupuna qoşul, ağıllı ol, oyan! Deyirsən ay qardaş, nə qrup, nə A, nə B? Sakitləş, beş dəqiqə gəl otur çay iç, deyir yox ee, əgər biz eyni qrupa aid deyiliksə birlikdə içdiyimiz o çay mənə haram olar.
Bax bu qrup təfəkkürü ki var, onun vaxtı elə keçib, elə keçib ki zaman onu öz xəlbirindən keçirtməyib. Hansısa qrupa aid olaraq, ancaq onun dar çərçivələri ətrafında nə isə etməyə çalışmaq uşaqlıqdır və köhnəlikdir. Hətta mürtəce xarakteri daşıyır desəm də pis olmaz. Necə istəyirsiniz adlandırın özünüzü. A, B, C ya da XXX. Hamısı boş şeylərdir. Özünü hansısa qrupun üzvü, bir hissəsi, ya da daha poetik ifadə etsək, harmoniyası hesab edən yoldaşlara səslənib sual versəm ki, bəs bir gün oyansan görsən ki, həmin qrupun başında duran o əbləh sənə deyir ki damarlarını doğra, edərsən? Əgər az da olsa özünəhörmət varsa, az da olsa ayıq-oyaq olsan deyərsən ki, niyə doğramalıyam, elə deyilmi? Bu dəm avtomatik olaraq çönüb olacaqsan yad birisi. Oyunu sadəcə onların qoyduqları qaydalar çərçivəsində oynadığın ərəfədə sənin o qrupa aidliyinin bir mənası var, əks təqdirdə sən sadəcə yad, özgə birisisən. Əvvəl-əvvəl tolerantlıq göstərə bilərlər, amma ibtidai hislər gec-tez öz səsini ucaldıb sənin üstünə hücum əmrini verəcəklər. Müasir insan üçün belə həyat tərzinin vaxtı çoxdan keçib. Heç bir qrupa aid olmaq lazım deyil. Əgər sənin öz adın və soyadın varsa, hər şeyin var deməli və əgər sabah nəyisə dəyişdirmək istəsən, nə isə söz demək istəsən, sadəcə bu ikisindən istifadə et. Mən A, B, C, ya da D (istəm) deyib özünü xoşbəxt hesab etmə, yoldaş! Bu kütlə təfəkkürünün yaratdığı illüziyadır və böyük yalandır. Mən bu məsələdə hələ 6 il əvvəl məyus olmuşam.
3. Zamana yanaşmamız - Teoloji və ictimai-siyasi fəaliyyətlərdə vaxtı keçmiş yanaşmalara baxdıq. Bəs bu proses zaman anlayışında necə olur? Bir canlı varlıq kimi digər canlılardan əsas fərqimiz şüurumuzun olması və onun da nəticəsində fərqindəlik qabiliyyətimizdir. Üçölçülü fəzada biz zaman anlayışının nə olduğunu yaxşı başa düşürük. Başa düşməz olaydıq. Özümüzü o qədər buna qapdırmışıq ki indi də onun cəngindən özümüzü dartıb çıxara bilmirik. Ya elə hey keçmişdə belə olub, elə olub, filankəsin qılıncının dalı da, qabağı da kəsirdi, ay nə bilim, gərək 300 il bundan öncəki sistemlər bərpa oluna, ya da nə bilim nə başqa axmaqlıqlar. Gələcək zaman baxımından vəziyyət bir az yaxşı olsa da, əslində biz gələcək zamanı da o kökə salmışıq. Onun da keçmiş zamandan fərqi qalmayıb. Nə deyim. Nəzərimdə bunun da vaxtı keçib. Müasir insan belə düşünə bilməz. Onun zaman anlayışına daha fərqli, əsaslı, elmi və mənəvi yanaşması olmalıdır. Tarixi öyrənməlidir, amma ona aşiq olmamalıdır, gələcəyə ümid bəsləməlidir, amma ifrat xəyalpərəstlik, ya da xülyalarla yaşamamalıdır. Ən əsası isə müasir insan indiki zamanın sirrini kəşf etməlidir, onu dərk etməli və düzgün olaraq istifadə etməlidir. cari anın möcüzəsini kəşf edən, onu dərk edən insan bütün üç zamana hakim kəsilə bilər və bəşəriyyət üçün də, kainat üçün də inanılmazları edə bilər. Bu arada, zamanda səyahət kimi məsələlər haqqında fantaziyalar qurmağın da vaxtı keçib, köhnəlib.
4. Bir insan heç nəyi dəyişə bilməz - Uzun müddətdir ki insanlar belə düşünür. Haqlıdırlar. Bir insan heç nəyi dəyişə bilməz. Təsəvvür edin ki, gələcəkdə iqtisadçı-alim olmaq arzusundasınız və ancaq Adam Smitin kitabın oxumusunuz. Sadəcə bir müəllifin, bir insanın. Beləcə də çıxırsınız meydanın ortasında aləmə car çəkirsiniz ki, bəs mən iqtisadçıyam və bundan sonra dünya möhtəşəm yer olacaq. Necə? Çox sadəcə, siz Adam Smitin kitabını oxumusunuz. Halbuki, yoldaşın xəbəri yoxdur ki bunun David Rikardosu, Con Stürt Mili, Marksı, Keynesi, Kautsikisi, Milton Fridmanı var. Ona görə də bir insan heç nəyi dəyişə bilməz, amma çoxusu sizdə nəyisə dəyişə bilər. Eləcə də siz, hər gün ictimai nəqliyyatda minlərlə insanlar ora-bura dığırlanıb düşünürsünüz ki, necə də təksiniz, necə də yalnızsınız və dünya daha da pis yer olub gedəcək, siz isə heç nəyi dəyişə bilməyəcəksiniz. Bu çox pis və artıq köhnəlmiş buxovdur qalıb ayaqlarımızda, onun ağırlığını hiss edirik və özümüz özümüzə öz məhbusluğumuzu labüd edirik.
Mənim aləmimdə insanı heç kim öldürə bilməz. Kimsə başqa birisi insanı qətlə yetirə bilər, amma öldürə bilməz. İnsanı öldürə bilmək gücü ancaq onun özündədir. O da o halda reallaşır ki, insanın arzuları, xəyalları və istəkləri olmasın. Arzuları olmayan, nəyisə dəyişdirməyi istəməyən insan ölü insandır. Vacib də deyil ki, kimlərsə sizin bu istəyinizdən xəbərdar olsun. Əsas olan sizin özünüzün bunu bilməyinizi və ondan istfadə etməyinizdir. Dirilin, ölməyin, yoldaşlar.
Mənim aləmimdə insanı heç kim öldürə bilməz. Kimsə başqa birisi insanı qətlə yetirə bilər, amma öldürə bilməz. İnsanı öldürə bilmək gücü ancaq onun özündədir. O da o halda reallaşır ki, insanın arzuları, xəyalları və istəkləri olmasın. Arzuları olmayan, nəyisə dəyişdirməyi istəməyən insan ölü insandır. Vacib də deyil ki, kimlərsə sizin bu istəyinizdən xəbərdar olsun. Əsas olan sizin özünüzün bunu bilməyinizi və ondan istfadə etməyinizdir. Dirilin, ölməyin, yoldaşlar.
5. Qaçaq gedək buralardan - Bizim bir evimiz var. Harda doğulmuşuqsa, harda bizim təfəkkürümüz relsinə qoyulubsa ora da bizim evimizdir, yoldaş. Mən harmonal disbalansın təsiri altında, gözümə görünməyən şeyləri görüb asanlıqla deyə bilərəm ki, yox bütün dünya mənim evimdir! Amma elə deyil. Bütün dünya bizim evimiz deyil. Sevdiklərimiz, yaxınlarımız, bizi istəyən insanların olmadığı yer bizim evimiz ola bilməz. Gedin. Hara istəyirsiniz gedin. Nə isə alınmayanda, anidən tək qalanda əlimiz-ayağımız ya bizi öz evimizə geri döndərəcək, ya da təkcə əlimiz boğazımızda bərk-bərk yapışacaq. Dünya da dəyişir, biz də dəyişməliyik. Artıq müasirləşmək sözü ilə internet sözü eyniləşib. Budaha oturmuşam "Vasmoy"da, amma ABŞ-ın Vesleyan Universitetinin müəllim heyəti tərəfindən təşkil olunan "Yaradıcı yazıçılıq" kursunu keçirəm. Ən müasir, ən yaxşı və əhəmiyyətli bilikləri əldə edirəm. Lazım olanda axtarıram, özümə əziyyət verirəm, tələbkar oluram və s. Oturmuşam yenə də Vasmoyda özüm üçün tərcümələr edirəm Amerikaya, qarşılığında da müəyyən məbləğ alıram, özü də sizin sevdiyiniz o yaşıl valyutada. Nə qaçıb getmək kimi lüks fikirlərlə gəzmirəm, nə də ölüb getmək kimi axmaq fikirlərlə. Bəli, problemlər həddindən artıq çoxdur, adam görür əsəbiləşir, amma qaçım gedib, uzaqlara, uzaqlara nə isə insanlarda son zamanlar artistizm bacarıqlarını inkişaf etdirir. Müasir insan bu fikirlərlə yaşamaz, imkan düşər onu istifadə edər, bir müddət, ya da həmişəlik gedib hardasa işləyər, çalışar, amma day "Ay camaat, durun qaçın burdan!" çağırışını etməz. Ümumiyyətlə, insan beyni alternativlər haqqında həmişə mübaliğəyə yol verir. Bu da öz növbəsində yalançı illüziyaları yaradır. Ehtiyatlı olmaq lazımdır. Vaxtı keçdi belə şeylərin, köhnəlib artıq belə uşaq hərəkətləri.
Nə nəticəyə gəldim? Biz şüur dəyişikliyi astanasındayıq. Nəyisə özümüzdə dəyişdirməliyik. Bunun nə yeri var, nə də zamanı. Sadəcə başqa cür yanaşmaq lazımdır. Gördüklərim, eşitdiklərim və öyrəndiklərim mənə məhz bütün bu yazılanları yazdırmağa sövq etdi. Bu məqamlar insanlarda balanslaşdırılsa, daha yaxşı cəmiyyətdə yaşa bilərik. İnsanlar müasirləşsə, cəmiyyətlər də düzələr, inkişaf edər.
Comments
Post a Comment