İqtisadiyyat: istifadəçinin bələdçisi - Ha-Cun Çan (+Qeydlərim)
EN: Ha-Joon Chang - Economics: The User's Guide RUS: Ха-Джун Чанг - Как устроена экономика
Bir çox iqtisadçılardan fərqli olaraq Kembric Universitetinin professoru Ha-Cun Çan bizə klassik iqtisad məktəbindən keynesyan nəzəriyyəyədək olan nəzəriyyələri bir-bir sıralayaraq onların hansı güclü və zəif cəhətlərə malik olduğunu göstərməyə çalışır. "İqtisadiyyat: istifadəçinin bələdçisi" iqtisadiyyata giriş xarakteri daşısa da, müəllif bizə qloballaşmış dünyamızda bir-biri ilə kifayət qədər mürəkkəb münasibətlərdə olan iqtisadi və maliyyə mexanizmləri və qurumları haqqında reallıqları əhatə edən kitab təqdim edir. Təqdirəlayiqdir ki, müəllif hansısa konkret iqtisadi və ya siyasi ideologiya çərçivəsində nə isə təqdim etmir, nəyisə hərarətlə müdafiə edib, nəyisə də təkzib etmir, əksinə obyektiv düşüncəni və məntiqi qane edəcək dərəcədə maraqlı iş sərgiləyir. Bu da oxucuya imkan yaradır ki, özü müstəqil surətdə təhlillər aparıb müəyyən nəticəyə gələ bilsin. Bu baxımdan, kitab həqiqədən də istifadəçi bələdçisidir, çünki təqdim olunan məlumatlar sayəsində iqtisadiyyatdan heç başı çıxmayan birisi maksimal dərəcədə faydalanaraq bu sahə ilə əlaqədar fundamental məlumatlar əldə etmiş olacaq və iqtisadiyyatı cəmiyyəti daha yaxşı başa düşmək üçün istifadə etməyə başlayacaq.
Ha-Cun Çan |
Ha-Cun Çan Özünün "Kapitalizm haqqında deyilməyən 23 şey" kitabında neoklassik iqtisadiyyatın hakim kəsilən mifləri haqqında yazan müəllif, iqtisadiyyatın əlsində necə işlədiyini və insanların niyə görə bu nəzəriyyələr çərçivəsində proqnozlaşdırılan kimi davranmadıqlarını izah etməyə çalışıb. Bu baxımdan Ha-Cun Çanın əsərlərinin davranış iqtisadiyyatı ilə də sıx əlaqədar olduğunu deyə bilərik.
Kitabı satın almaqda göstərdiyim motivlər çox fərqli oldu. Əslində həm də kitabdan gözləntilərim də fərqli idi. Buna əsas səbəb kitabın təqdimatında müəllifin iqtisadiyyatın elm olmadığı fikrini müdafiə etdiyinin qeyd edilməsi idi. Bu məqam mənə çox qəribə gəldi və bir iqtisadçı kimi hiddətləndirdi. Oxumağa başlayandan sonra isə bu fikri dəstəkləyən çox az sayda arqumentin olduğunu gördüm (Məsələn, bazarların siyasət tərəfindən müəyyənləşdirilən məfhum olduğu kimi). Buna bir tərəfdən sevindimsə də, digər tərəfdən də marketinqin qurbanı olduğumu başa düşüb heyifsiləndim. Doğrudur, kitabı bəyəndim, amma çox qəribə vəziyyət yarandı: kitabı oxumağa qədərki gözləntilər və kitabı oxuyandan sonrakı təəssüratlar arasında o qədər nəhəng kontrast yarandı ki, təəssüratların birmənalılığı baxımından müxtəlif limanlarda lövbər saldım.
Kitabın təqdirəlayiq cəhəti ondan ibarətdir ki, o iqtisadiyyatı həqiqi mənada dərk etməyin ən əsas metoduna - neoliberal iqtisadiyyat və daimi tənqidə əsaslanır. Bundan əlavə, 2008-ci ilin böhranı kimi çox ciddi müasir iqtisadiyyat və maliyyə probleminə qədərki xronoloji ardıcıllıqla izah olunan məqamlar açıq və aydın, anlaşıqlı və maraqlıdır. Hiss olunur ki, müəllif sadəcə soyuq elmi məlumataların yazılmasında maraqlı deyil. Onun əsas istəyi sadə insanlara heç də sadə olmayan iqtisadi məsələlər haqqında bir xeyli məlumat verməkdir. Necə ki, keçmiş gələcəyin aynasıdır, Ha-Cun Çan da keçmiş iqtisadi inkişaf yolunu qlobal müstəvidə araşdıraraq, gələcəyə yönəlik müəyyən proqnozlar verir, həm də ən yeni tariximizin iqtisadi hadisələrini nəzərdən keçirir. Kitabın yazılış formatın baxımından çox yaxşı olduğunu qeyd etməyə ehtiyac var. Kitab başlıqlarla və fəsillərlə yazılıb və hər fəslin sonunda yer alan "real rəqəmlər" və "nəticə" bölmələri çox xoşuma gəldi. Bu hissələr həm oxunmuş fəslin qısa icmalı xarakteri daşıdı, həm də real rəqəmlər vasitəsi ilə iqtisadi konseptlər arasında yaradılan əlaqəni ideal təsvir etdi. Eləcə də, kitabın sonunda müəllif öz şəxsi fikirlərini qeyd edir, iqtisadiyyatın sadəcə iqtisadçılar tərəfindən məşğul olunası iş olmadığını, bunun üçün iqtisadiyyatın çox mühüm əhəmiyyət kəsb etdiyini yazır.
Ümumiyyətlə, kitabda müasir elmi-populyar kitablardan fərqli olaraq alternativlərə yerin çox verilməsi, qeyri-ənənəvi yanaşmanın formalaşdırılması və maraqlı üslubun tətbiqi hər bir oxucu üçün maraq doğuran nüans hesab edilə bilər.
Aşağıda kitabın mütaliəsi əsnasında özüm üçün etdiyim qeydlər yer alıb.
Kitabın ilk 3 fəsli iqtisadiyyatın inkişafına həsr olunub və bir növ iqtisadiyyat tarixi və fəlsəfəsi dərsliklərinin vir qədər əyləncəli formada təqdim edilməsidir.
4-cü fəsil - Bu fəsildə konkret olaraq iqtisad məktəblərinin təlimlərinə diqqət toplanıb. Özü də bu çox aydın və asan dillə edilib. Müəllif əsas məsələyə başlamazdan öncə iqtisadiyyatda olan yanaşmaları bir "bar"a bənzədib və A - Avstriya məktəbi, B - Biheviorizm, D - Development, İ - İnistisuional, K - Keynes, Kl - klassik, M - Marksist, N - Neoklassik, Ş - Şumpeter iqtisad məktbərlərinin simvolu kimi təqdim edilib. Daha sonra klassik iqtisad məktəbinin əsas tərkib hissələri olan görünməz əl, Sey qanunu, sinfi təhlillər, müqayisəli üstünlük kimi olduqca mühüm iqtisadi anlayışlardan söhbət açılır və klassik məktəbin çatışmazlıqlarından bəhs olunur.
Qeyd#1 - Klassik iqtisad məktəbi və ya siyasi iqtisadın əsasını Adam Smit qoyub. 18-ci əsrin sonlarından 19-cu əsrin sonunadək hökmran olub. David Rikardo, Jan Batis Sey və Robert Maltusun işləri ilə klassik məktəb inkişaf edib. Müvafiq olaraq da görünməz əl, Sey qanunu və müqayisəli üstünlük nəzəriyyələti klassik iqtisadiyyatın fundamental anlayışları və nəzəriyyələridir.
Qeyd#2 - Klassik nəzəriyyələr günü bu gün də aktuallğını qoruyur, çünki iqtisadiyyatın və cəmiyyətin sinfi bölgülər əsasında analiz edilməsi və fərdin istehsal prosesində yerini müəyyənləşdirmək baxımından klassik məktəb yaxşı yanaşma bucağı təklif edir (Xatırla: marketoloqların bazar araşdırması və hədəfləmə kimi məqsədləri üçün potensial müştəriləri və alıcıları qruplaşdırması).
Qeyd#3 - Müasir dünyada David Rikardonun müqayisəli üstünlük nəzəriyyəsi deyil, neoklassik məktəbin nəticəsi sayılan Hekşer-Olin-Samuelson nəzəriyyəsi daha aktualdır.
Qeyd#4 - Klassik iqtisad məktəbinin azad bazar anlayışı heç də gözlənilən sosial nəticələri vermir. Ümumiyyətlə, klassiklər texnologiyaları nəzərə almırdılar ki, bu da bu nəzəriyyələrin ciddi məhdudiyyətlərini formalaşdırır.
5-ci fəsil qərarverməyə həsr olunub.
6-cı fəsil - Müəllif çox tez-tez insanları individual olaraq nəzərdən keçirən iqtisadi məktəbləri və nəzəriyyələri sətiraltı olaraq tənqid edir. Halbuki, belə edərək o, hədsiz dərəcədə subyektivliyə yol verir. Müəllif qeyd edir ki, insanlar iqtisadiyyat məktəblərində qeyd olunduğu kimi hədsiz dərəcədə eqoist deyillər. Onlar müharibələrdə yoldaşları üçün canlarının verirlər, ailə üzvlərini çox istəyirlər və bəzən daha da böyük gözlənilməz əməllərə imza atırlar. Ola bilər, lakin bu insanların eqoist olmadıqlarını sübut etmir. Ata və ya ana öz xəstə övladı üçün canını belə fəda edər. Burda hər nə qədər sevgi və məhəbbət kimi ülvi hislər yer alsa da, həm də eqoizm yer alır. Valideyn öz varlığına beləcə bəraət qazandıra bilər. Başqa sözlə, bu məqam ilə deyiləsi söz o qədər çoxdur və əhatə dairəsi o qədər genişdir ki, sadəcə iqtisadi nəzəriyyələr çərçivəsində söz demək düzgün deyil. Müəllifin darzolaqlı yanaşması bu fəsildə məni yamanca qıcıqlandırdı.
6-cı fəsildə əsasən əsas iqtisadi terminlərə, ÜDM, ÜMM, ÜMG, adambaşına düşən ÜDM və ÜMM kimi anlayışlara toxunulur və xoşbəxtliyin iqtisadiyyatla olan sıx əlaqəsi haqqında bəzi fikirlər deyilir.
Qeyd#1 - Marksistlərin "Yalançı etiraf" adlandırdığı bir anlayış var. Bəzən insanlar diskriminantlara və zülmkeşlərə qarşı simpatiya duyurlar və deyirlər ki, onlar həmin şəxslərin əsl dəyərini dərk ediblər. "Azad olunmuş Canqo" filminin Stiven obrazı nümunə verilir. Çox gözəl və yerinə düşən nümunədir.
Qeyd#2 - Alıcılıq qabiliyyəti pariteti (AQS). Bunu daha çox real valyuta məzənnəsi kimi bilirdim. Terminoloji olaraq belə ifadə olunması mənim üçün yenilik oldu. Bu göstərici vasitəsi ilə müxtəlif ölkələrdə eyni valyuta vahidinə, əsasən ABŞ dolları valyutası, nə qədər məhsul və xidmət almağın mümkünlüyünü müəyyənləşdirmək olur. Təəssüf ki, ətraflı məlumat yoxdur. Çünki kitab iqtisadiyyata giriş xarakterlidir.
7-ci fəsil - Bu fəsil iqtisadi inkişafa həsr olunub.
8-ci fəsil - Bu fəsil banklar və digər maliyyə qurumlarının timsalında cəmiyyətlərin maliyyə və bank sistemlərindən bəhs edir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ötən əsrin ortalarından etibarən maliyyə bazarları iqtisadiyyatların aparıcı gücünə çevrildilər. Bu səbəbdən onların tədqiq edilməsi əhəmiyyətlidir.
Qeyd#1 - Müəllif bankları fırıldaqçı qurumlar olaraq qimətləndirir.
Qeyd#2 - ABŞ hökümətinin rəsmilərinin maliyyə bazarlarının oyunçularına çevrilməsi və qısa müddət ərzində milyoner olmaları maraqlı məqamdır, amma dünya iqtisadiyyatını çökdürən səbəblərdən ən əsasıdır. Rüşvətxorluq və özbaşınalığın qarşısını almaq və maliyyə bazarlarının ciddi və təkmil formada idarə edilməsi iqtisadiyyatın da düzgün tənzimlənməsi üçün fundamental əhəmiyyət kəsb edəcək. Bu isə kifayət qədər çətin məsələdir.
9-cu fəsil - Bu fəsil yoxsulluğa həsr olunub. Mahiyyəti etibari ilə sinfi cəmiyyətdən bəhs edir.
Qeyd#1 - Yoxsulluq əsasən gəlirlər tərəfdən deyil, istehlak tərəfdən təhlil edilir. Yoxsulluğun ölçülməsi üçün Cini əmsalı olduqca maraqlıdır.
10-cu fəsil - Bu fəsil məşğulluq kimi vacib məsələyə həsr olunub. Ötən əsrin və ondan öncəki əsrin çox çətin əmək şəraitidən bəhs olunur, uşaq əməyi kimi həssas məsələlərə yer verilir və əmək normaları haqqında məlumar verilir.
Qeyd#1 - Neoklassik məktəb insanların işşləməsini birbaşa istehlakla əlaqələndirir. Başqa sözlə, insanlar işləyirlər, çünki istehlak etməlidirlər, lakin işin mahiyyəti, onun insan üçün özünüifadə vasitəsi olması və yaradıcıllıq kanalı olması nəzərə alınmır. Halbuki, iş yeri və işin özü insanın şəxsiyyətini formalaşdıran və onun sağlamlığına birbaşa təsir edən ən əsas məsələdir. Belə məsələlərdə yol verilən xətalar iqtisadiyyatın və ümumilikdə cəmiyyətin idarə olunmasında səhvlərə yol verilməsi üçün münbit şərait yaradır.
11-ci fəsil - Bu fəsildə əsasən dövlətin iqtisadiyyatdakı yerindən bəhs olunur. Bu məşhur iqtisadi diskussiyadır və hələ də bu məsələ ilə əlaqədar dəqiq sərhədlər müəyyənləşdirilmiş deyil. Müxtəlif iqtisadi məktəblərin bu məsələyə yanaşması da müxtəlifdir. Sadəcə bir fəsil çərçivəsində bu məsələnin dərinliklərinə getmək olmaz, amma unutmamaq lazımdır ki, kitab iqtisadiyyata giriş xarakteri daşıyır.
Qeyd#1 - Müasir iqtisadçıların çoxu individualizmə inanır. Dövlət isə ictimai sazişin məhsuludur. O suveren individuumlar arasında olan ictimai saziş olduğuna görə dövlət onlardan üstün ola bilməz. Saziş nəzəriyyəsi özü çox maraqlı nəzəriyyədir. Tomas Hobbs 1651-ci ildə yazdığı "Leviafan" əsərində qeyd edir ki, insanlar sosial stabilliyin yaranması üçün öz azadlıqlarının müəyyən yerə qədər məhdudlaşdırılmasına razılıq veriblər.
Qeyd#2 - Siyasət sözü çirklənmiş sözdür. Müvəffəqiyyətli dövlət müdaxilələrinin nümunələri çox azdır, lakin dövlət anlayışı indiyədək insanların kəşf etdiyi ən güclü təşkilati texnologiyadır. Bu səbəbdən də nəzərəçarpan iqtisadi və sosial nailiyyətləri onsuz əldə etmək mümkünsüzdür.
12-ci fəsil - Bu fəsildə beynəlxalq ticarətdən bəhs olunur. Müqayisəli və nisbi üstünlüklər nəzəriyyəsi və ölkələrin ixtisaslaşması ilə əlaqədar maraqlı məlumatlar var.
Qeyd#1 - Mütləq üstünlük - əgər ölkə özünə kifayət edəcək dərəcədə istehsala nail ola bilirsə, qonşu ölkələrlə ticarət etməyinə ehtiyac yoxdur. Müəllifi Adam Smitdir. David Rikardo isə müqayisəli üstünlüklər nəzəriyyəsini ortaya atdı - əgər ölkə dünya miqyasında hansısa məhsulu aha ucuz istehsal edə bilirsə, o zaman beynəlxalq ticarətdə o üzrə ixtisaslaşmalıdır. Hekşer-Olin-Samuelson prinsipi ilə bütün ölkələrin eyni istehsal potensialına sahib olduğunu müdafiə edir və ixtisaslaşmanın sahib olduğu resurslar və texnologiyalar çərçivəsində realizə olunmalı olduğunu ifadə edir.
Qeyd#2 - Ticarət əməliyyatlarından asılılıq əmsalı=orta idxal (ixrac)/ ÜDM
Qeyd#2 - Ticarət əməliyyatlarından asılılıq əmsalı=orta idxal (ixrac)/ ÜDM
Comments
Post a Comment