İntuisiya və beyin - Yudcin Sedler-Smit

Eugene Sadler-Smith - The Intuitive Mind: Profiting from the Power of Your Sixth Sense

Yəqin ki sizdə də elə olub. Hansısa imkanın, qərarın və ya məlumatın yaxşı nəticələnəcəyini və ya tam əksinə, pis nəticələnəcəyi haqqında "nə isə" hiss etmisiniz, necə deyərlər öz "altıncı hiss"inizlə. Deməli, bizdə həqiqətən də, nə isə qeyri-adi bir bacarıq var. Biz bunu intusiya olaraq adlandırırıq. Əslində isə, onun analitik ağlımız və digər əqli fəaliyyətlərimizlə əlaqəsi çox böyükdür. Yudcin Sadler-Smitin "İntuisiya və beyin" kitabı bizə intuisiyamızla əlaqədar bütün mənzərəni tam görmək və dərk etmək üçün maraqlı mənbə rolunu oynaya bilər.

Kitabın ilk hissələri intuisiyanın nə olduğu və nə olmadığı haqqında verilən bilgilərlə başlayır. Bu məlumatlar sayəsində biz intuisiyanı "özünüaldatma", "emosiyalar", "instinktlər", "tendensiyalar", "ilham (təb)" və "stereotiplər" kimi anlayışlardan fərqləndirməyi öyrənirik. Bu olduqca vacib məqamdır. Daha sonra kitab verdiyi nümunələrlə müxtəlif real hadisələrə və nümunələrə əsaslanan hadisələr vasitəsi ilə bizə bir çox şeyi izah etməyə başlayır. Onların arasında intuitiv dərrakə, intuisiya modelləri, ekstrasenslik kimi sosial həyatda tez-tez qarşımıza çıxan məqamlar var. Daha sonra kitab intuisiyanın biznes, sahibkarlıq və liderlik kimi məsələlərlə əlaqələndirilmiş fəsilləri vasitəsi ilə iş adamlarına sadalanan mövzular ətrafında məlumat verir.

Ümumilikdə kitabı faydalı hesab etmək olar. Aşağıda mənfilər haqqında söz deməzdən öncə, müsbətlərinə toxunmaq lazımdır. Belə ki, kitab intuisiya ilə əlaqədar müxtəlif anlayışları onunla bir müstəviyə qoyaraq yaxşı müqayisələr edir. Bu imkan yaradır ki, oxucu bu anlayışı qeyri-obyektivlikdən kənarlaşdıraraq, daha düzgün, daha səlist anlasın. Eləcə də kitabda nümunələr çoxdur. Bu məqam həm müsbət, həm də mənfi kimi qəbul edilə bilər. Oxucudan asılı olan bu aspekti qeyd etdikdən sonra, kitabın axıcı dilini və düzgün tərtib edilmiş ideya ardıcıllıqlarını da vurğulamaq mühümdür. Yazılmış fəsillər bir-biri ilə yaxşı rezonans yaradır və ideyalar effektiv mətn kommunikasiyası ilə oxucuya çatdırılır. Kitab sizi müəyyən bilik səviyyəsinə hazırlayır, lakin çox yüksək gözləntilərdə də olmağa dəyməz.

Oxucu üçün kitaba sərf olunmuş vaxt və enerjinin boşa çıxmasından pis heç nə ola bilməz. Kitabın ilk hissələri ortadan sonrakı hissələrə nisbətdə bir qədər yaxşı olsa da, kitabın tən yarısından sonrakı fəsillər əsasən söz oyunları və həcmartırma prinsipləri çərçivəsində yazılıb. İfrat nümunə bolluğu onu sübut edir ki, müəllif ordan-burdan məlumat və fakt, təcrübə toplayaraq oxucunu əsas məsələdən yayındırır. Doğrudur, intusisiya praktikaya dayalı proses olmasına baxmayaraq, mövzunu nümunələrlə deyil, elmi prinsiplərlə izah edilməsi daha öyrədici ola bilərdi. Nəzəri sxemlər və bəsit anlayışların cədvəllərlə verilməsi və ən əsası bunun çox tez-tez təkrarlanması yorucudur. Biznes və sahibkarlıq, ldierlik kimi məsələlərə ifrat fokuslanma nəyə lazımdır axı? Bəyəm həyatımız sadəcə iş adamlarından, liderlərdən və kommersiya təşkilatlarından ibarətdir? Həyatı tamamilə başqa yöndə yaşayan insanlar var. Bəs onlar necə olacaq? Qeyd etdiyim müsbətlərlə yanaşı belə məqamların olması məyusedicidir. Biz oxucular belə kitablara pul veririk, onu əzizləyirik və kitab rəfimizdə yer edirik, sonda isə naxələf çıxır. Axrıncı dəfə belə vəziyyətlə Robert Kiyosakinin "Varlı ata, kasıb ata" kitabında qarşılaşmışdım. Orada da müəllif məsələyə elə yanaşır ki, sanki, cəmiyyət sadəcə tacirlərdən, iş adamlarından ibarət olmalı, ümumiyyətlə insan sadəcə və sadəcə pul qazanmaq haqqında düşünməlidir. Belə merkantil kitablar nəyi propoqanda edir? Belə insanların kitablarına niyə görə cəmiyyətlər aldanırlar? Görünür, kütlə düşüncəsinin müəyyən prinsipləri var və belə müəlliflər də ona yaxşı yol tapa biliblər.

Yekunda onu deyim ki, "İntuisiya və beyin" pis kitab deyil, ancaq gözləntilərimi doğrultmadı. Bəzən biz bəzi kitablara sərf etdiyimiz resurslarımızı düzgün olaraq qiymətləndirməliyik. Bura ən dəyərli resurs vaxt aid edilirsə, maddi məbləği də unutmamalıyıq. Yenə də mütaliə mütaliədir. Bəlkə də bir gün şüuraltım mənə bu gün daha yaxşı öyrənə bilmədiyim bu kitabı tamam başqa formada bir daha təqdim edəcək.

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi