Devalvasiya bədii dil ilə: xatirələrim
Düz bir il bundan öncə idi. İş yerimə gəldim, iş yoldaşlarımla salamlaşdım və ənənəvi olaraq günə media portalların bizlərə nə təqdim etdiyini yoxlamaq üçün internet məkanda var-gəl etdim. "Hehe, 1 dollar 1.55 AZN" olub deyib sözü otaqda qəfəsdən buraxılan bülbül kimi azadlığa buraxdım. Bülbül hamının çiynində növbə ilə oturandan sonra qayıdıb öz qəfəsinə girdi. Azadlıq xoşuna gəlmədi.
Bir neçə dəqiqə sonra məlumatı həzm etdik, emosiyalarımız yerindən oynadı. Kimlərsə (əsasən qadınlar) heç vecinə də almadı, amma bizlər düşünməyə başladıq. Düşündük. Düşündük ki, onsuz da çətin olan cəmiyyət həyatında bizi bundan sonra hansı çətinliklər gözləyəcək? Təsəvvür etdik. Təsəvvür etdik ki, necə planlarımız tozlu rəfə qoyulan kitab kimi rəfə geri qaytarılır. Məyus olduq. Məyus olduq ki, necə olur ölkəmiz kimi zəngin, varlı və imkanlı ölkə insanlarına bahalaşma kimi ağrıverici iqtisadi proseslərə yol verir. Qaldıq elə qaldığımız yerdə. Onsuz da biz həmişə yerimizdə qalırıq, ya da otururuq. Hərəkət edən divarlardır. Getdikcə divarlar hərəkət edir. Hərəkət etdikcə də otağımızın sahəsi azalır. Darısqallığıda deyəsən hələ hiss edən də yoxdur.
Bu bu məqamda Kurt Vonnequtun "Allah canınızı sağ eləsin, Cənab Rozuoter" əsərindən tərcümə etdiyim bu parça yadımda düşdü: Aman Allah, bəli, çoxları üçün mənim fikirlərim kommunizmə yaxın görünə bilər, Eliot sadəlövhlüklə bildirdi. Kasıb-kusubla söhbət edəndə, Marksın dedikləri ilə, eləcə də İncildə yazılanlarla qarşılaşmamaq mümkün deyil. Səmimi sözümdür, ölkəmizdə insanları sərvətlərini bölüşmək istəməməsi əsl dərəbəylikdir. Dövlət tərəfindən də qəddarlıqdır ki, bir tərəfdən bəzi uşaqlara körpəlikdən zənginliyə sahiblik haqqını tanıyır, - mən özüm eləsinə nümunəyəm - digərlərinə isə heç nə verməyib yoxsulluq içində saxlayır. Zənnimcə, dövlət insanları körpəlikdən bərabərləşdirə bilər. Həyat onsuz da çətin bir şeydi, niyə görə insanlar üstəlik pula görə əziyyət çəkməlidirlər? Əgər insanlar hər şeyi ədalətli olaraq bölüşdürməyi bacarsalar, ölkəmizdə hamıya hər şey çatacaq.
Səhərsi gün bir qədər yaxşı oldu. Ondan sonrakı gün bir öncəkindən yaxşı oldu. Çünki informasiyanı tam həzm etmişdik. Nədənsə həmin ərəfədə qara buludlar da səmadan əl çəkmirdi. Yağışlı-yağmurlu hava olmasa da hava qaralmışdı. Qanımız da, çöhrəmiz də qaralmışdı. Başa düşürdük ki, insan həyatının ən əsas dünyəvi mənası olan istəmək bizim üçün daha da aktuallaşacaq. Biz istəyəcik, amma qovuşa bilməyəcəyik. İstəklərimiz beynimizdə növbəyə düzüləcək, amma növbə mədəniyyətinin olub-olmaması səbəbindən yox, iqtisadi çətinliklər səbəbindən onlar hələ çox gözləyəcəklər. Araya gəlib növbəsiz soxulan "ani hadisələr", məsələn, diş çürüməsi, bədbəxt hadisə, toylar, yaslar, paltarın cırılması, ayaqqabının sıradan çıxması və s. bizi böyrüüstə qoyacaq.
Dilxor olduq. Evdə də dərdimizə şərik çıxan olmadı. Bu köhnə nəsil nümayəndələri ictimai-iqtisadi problemlərə elə sadə və eleqant yanaşırlar ki, biz gənclərə (xüsusilə də milleniallara) elə gəlir ki, dünən işıq gəmisində başqa planetdən gəlmişik. Ona görə bu dərərcədə utopik fikirlərə sahibik. Ona görə yaxşı yaşamaq istəyirik. Ona görə tələbkarıq. Nə deyəsən. Səbrli və dözümlü olmaq uğura gedən əsas yoldur.
İnsan məhz belə özündən asılı olmayan şeylərin baş verdiyi ərəfədə çox şeyi başa düşməyə başlayır. Öz gücsüzlüyünü dərk edir. Özünə də, yaşadığı cəmiyyətə də, evinə də kənardan baxır. İndiyə qədər nə olduğunu, bundan sonra nə olacağını fikirləşir. Əvvəlcə qəzəblənir, sonra da öyrəşir. Niyə görəsə davamlılığıa inanır və hətta tələb edir. Görürsən ki bir müddətdən sonra hər şey dəyişib. Dəyişməyənlər də var, amma biz onları görmürük.
Bu gün mən özümü Knut Hamsunun "Aclıq" romanındakı obrazı kimi hiss edirəm: Kasıbın ağlı varlının ağlından daha müşahidəçidir. Yoxsul atdığı hər addımda ətrafına diqqətlə baxır, insanlardan eşitdiyi hər şeyə qulaq verir. Belə-belə hər addım onun düşüncəsinə və duyğularına iş və borc yükləyir. Kasıbın qulağı deşik, həssaslığı böyükdür. Gözü gözlər, üzü üzlər görüb, ruhunda yanıq izləri var.
Deyirəm yaxşı ki, Knut Hamsunun "Aclıq"ını və Corc Oruellin "Yaşasın fikus!"unu oxumuşam. Bu əsərlər adamı istər-istəməz yoxsulların, kasıbların və hər gününü qəpik-quruş qazanmaqla təmin edənlərin həyatını görmək baxımından çox mühüm əhəmiyyət daşıyır. Onlardan birinə çevrilmək bu qədər asan imiş.
Ən pisi də odur ki, biz az-çox oxumuş və rasional insanlarıq, bilirik ki, belə şeylər davamlı olacaq. Boyunbağı qırılanda əvvəlcə 3-5 muncuq tez-bazar yerə düşüb səs-küy salır, xəbər edir ki, problem var, sonra da o birisilər maye kimi açılıb tökülür, çünki onları bir yerdə saxlayan iki şey idi: boyunbağının ipi, bir də boyun. Boyunbağısız boyun da kasıb, lüt görsənir. Əsas odur yerdəki muncuqlara ayaq basıb yıxılmayasan. Allah qorusun, ağır travma almaq olar.
Bax beləcə düz 1 il bundan öncə belə bir kəskin dəyişiklik yaşadıq. İndi isə yaşadıqlarımız kəskin deyil. Yavaş-yavaş, aramla baş verən dəyişikliklərdir.
Deyəsən qapı döyülür...
P.S. Elə də "Xatirələrim" yazmışam, elə bil 50 il bundan öncəni anidən xatırlayan və yazıb-pozmaq ehtirası ilə əlinə qələm alan yazıçı, ya da ictimai xadiməm.
Comments
Post a Comment