Florensiyalı Cadugər - Salman Rüşdi
RU: Салман Рушди - Флорентийская чародейка
EN: Salman Rushdie - The Enchantress Of Florence

Özünü "Moğor del Amor" adlandıran uzunboy, sarısaç səyyah Qüdrətli Əkbər şahın sarayına elə bir hekayəni danışmaq üçün gəlir ki, həmin hekayə bütün şəhəri öz sehrinə salır. Qonaq iddia edir ki, o, Əkbətr şahın babasının bacısı olan Qara Gözün oğludur. Qara Göz cadugərlik bacarıqlarının olduğuna inanılan möhtəşəm gözəllik sahibəsi kimi tanınırdı. On, əvvəlcə Özbək, sonra Şah İsmayıl Xətai tərəfindən əsir götürülür, lakin sonda florensiyalı cəngavər Arqaliaya qismət olur. Florensiya şəhərinin əhalisi Moğol şahzadəsinin şəhərə bədbəxtlik gətirəcəyini düşünərək ona qarşı birmənalı münasibət bəsləmir.
"Florensiyalı cadugər" kişilərin dünyasında öz taleyinə özü hakim kəsilən bir qadının əhvalatıdır. "Florensiyalı cadugər" bir-birini tanımayan iki şəhəri - inam, arzu və oğullarına duyduğu məyusluq haqqında gecə-gündüz fasiləsiz olaraq düşünən Qüdrətli Əkbərin yaşadığı Böyük Moğol imperiyasının hedonistik paytaxtını və humanist fəlsəfə ilə qeyri-insani işkəncələri özünə sığışdıran zərif avropa şəhəri Florensiyanı bir-birinə yaxınlaşdırır. Bu iki şəhər bir-birinə o qədər yad və uzaqdır, lakin cadugərin sehri onları bir-birinə möhkəmcə bağlayacaq. Görəsən, həqiqətəndəmi bu əhvalat doğru əhvalatdır? Moqor düzünümü deyir? İtmiş Moğol şahzadəsinin başına nələr gəlib? Əgər Moqor del Amor yalan danışsa, Əkbər şah onu edam etdirməlidirmi?
Salman Rüşdi haqqında çox eşitmişdim və ən əsası da "Şeytan ayələri" əsəri haqqında bir çox məlumatları kütləvi informasiya vasitələrindən və eləcə də sosial mediadan əldə etmişdim. Qismət belə oldu ki, onun "Florensiyalı cadugər" əsəri ilə yaradıcıllığına baş vurdum. Əsər məndə çox dərin təəssüratlar oyatdı. Tarixi faktlar (bəzi səhvlərlə birlikdə), coğrafi məlumatlar, tarixi şəxsiyyətlər və şərq-qərb mədəniyyətləri haqqında bu dərəcədə xırdalıqlara malik, bədii və incə dillə yazılmış əsərlər çox azdır. Azacıq mütaliə belə kifayət edir ki, əsər öz möhtəşəmliyini heç bir iradəyə boyun əymədən, obyektiv olaraq nümayiş etdirməyə müvəffəq olsun. Yazıçının istifadə etdiyi lüğət əladır, yaratdığı obrazlar da, epizodlar da təhrikedici xarakterə sahibdir. İstifadə edilən simvollar və metaforalar, epitet və metanimiyalar özünəməxsus yaradıcıllıq nümunəsindən savayı bir şey deiyl. Rüşdinin qeyri-adi təxəyyülü bizə əsl zamanda səyahət təcrübəsi yaşadır. Onun azadlıq və avtoritarlıq, tanrı ilə bəndə arasında əlaqə, yaradılış və təxəyyülün təbiəti haqqında istifadə etdiyi təsvirlər oxucu üçün əvəzolunmaz düşüncə yemidir. Belə əsərləri oxuyandan sonra deyirsən: bax budur bədii ədəbiyyat! Budur söz sənəti! Budur azadlıq! Toxun ona!

16-cı əsrin fəlsəfi və mənəvi ideyaları ilə bəzənən əsər, müxtəlif obrazların əslində müxtəlif nəzər nöqtələrindən eyni şeyi axtardıqlarını göstərir. Bir tərəfdə Allahın varlığını ancaq özündən soruşan və ilahi idarəetmə iddiasında olan Qüdrətli Əkbər şah var, digər tərəfdən də xəyalpərəst, lakin həqiqətən də qeydi-adi güclərə sahib olan Moqor del Amor var. Onların bir-biri ilə görüşü zaman anlayışına meydan oxuyur və illərin içindən ""Florensiyalı cadugər"i dirildir. Rüşdi tarixin dili və kişilərin prespektivindən istifadə edərək qadınların həyatını, onların kişilərin vasitəsi ilə özlərini ifadə etmək əhvalatlarını danışır bizlərə. Həm də kişilərin qadınlar vasitəsi ilə necə də üzləşdikləri mənəvi maneləri dəf etdirmək imkanına sahib olduğu təsvir olunub. Qəribə tarazlıq və xoş ab-hava yazıçının qələmindən çıxan hər bir hərfin üzərində hökmran olaraq, oxucunun beynində böyüyür, genişlənir və əbədiyyət qazanır. Sosial konstruksiyonizm prinsiplərindən ustalıqla istifadə edən yazıçı "Qara göz" adlı fövqəl gözəllik sahibəsini ilk öncə cadugər kimi təqdim edir və tədricən onu real dünyaya inteqrasiya etdirir və ona özünüifadə üçün zəruri olan bütün refleksiya ləvazimatlarını da verir.

Romanda fahişələr bütün digər obrazlarla eyni səviyyəli, hətta bəzən onlardan daha üstün birisi kimi təsvir edilib. Bu da maraqlı sayılacaq məqamlardan hesab edilməlidir. Dünyanın özü qədər qədim hesab edilən bu "peşə" sahibələri əsərdə mənən boş birilərini deyil, tam əksinə mistik və ecazkarlıq dolu və təzadlarla zəngin obrazları calandırıblar. Yazıçı onlardan gen-bol istifadə edərək əsərin magik realizmliliyini daha da artırıb, lakin bunu sırf insani prizmadan gerçəkləşdirib. Bəzən izahı olmayan, qeyri-adi hadisələr məhz fahişələrin xeyir-duasından sonra baş verirdi.
Bütün bunlara baxmayaraq əsəri bütünlüklə tarixi roman adlandırmaq da düzgün olmaz. Moğol imperiyası, orta əsrlərin avropası sadəcə fon kimi istifadə olunub və əsasən obrazların üstünə diqqətini toplayan Rüşdi, əsasən metafiziki mövzuların aktuallığından istifadə edərək tək-tək fərdlərin hekayəsini nəql edib. Tarixi darıxdırıcı elmi kontekstdə araşdırmaq yerinə belə poetik və ədəbi tərzdə öyrənmək öyrənməyin əsl təbiətini açan cəhətə malik deyil, bəs nədir? Tarixi faktların və hadisələrin, coğrafi məkanların və öz növbəsində də şəxslərin, magik realizm, fantastika, möcüzə, mif və mistika ilə təchiz edilməsi və beləliklə də müəyyən tarixi süjetə tekstoloji libas geydirilməsi bizim üçün həm də iyirmi birinci əsrdə oturub, iyirminci əsrdə miflərin elmi nöqteyi-nəzərdən təhlili kimi postmodern tendensiyanın aktuallaşmasını dərk etdirə bilər, həm də tarix kimi elmliliyi mübahisə doğuran sahəyə alternativ yanaşmaların formalaşdırılmasında açar rolunu oynaya bilər. Digər maraqlı cəhət də ondarn ibarətdir ki, bütün bu proseslər icra olunan zaman obyektiv məntiqi qane edə biləcək dərəcədə dəlil və sübutlar və zəruri bütün elmi və bədii bünövrənin yazıçı tərəfindən təmin edilməsi bizə onu deməyə əsas verir ki, əsər uzun illərin araşdırmalarına əsaslanır. Hərçənd, Şah İsmayıl Xətai fars hökmdarı kimi qələmə alınıb, bunu qərbdə Səfəvilər haqqında məhz fars dövləti olması faktının geniş yayılması ilə əlaqələndirmək olar. Bu məqam həqiqətən də Azərbaycan oxucusunu məyus edə bilər. Hətta prinsipial olaraq mütalidənə imtina etdirmək dərəcəsinə də çatdıra bilər. Yenə də, Səfəvilər, Qızılbaşlar və qonşu ərazilərdə baş verənlər haqqında məlumatların yer alması kitabı sırf Azərbaycan oxucusu üçün maraqlı edə bilər və bir çox digər məlumatlar düzgün olaraq qeyd olunub. Çaldıran döyüşü, böyük coğrafi kəşflər və Şah İsmayıl Xətai ilə əlaqədar bədii təsvirlər diqqəti cəlb edir. Şiəlik tənqid olunur. Hiss olunur ki, yazıçı burada Osmanlıların tərəfkeşliyini çəkir. Çünki, onların bədii prespektivini böyüdür və daha böyük göstərir.

Kitabın özü cadugərdir, çünki oxucya cadu edir. Təhrikedici xronologiya və qəribə ab-havası ilə qiraətçi tərəfindən xüsusi diqqət və qayğı göstərilməsə onun sehrini duymamaq mümkün deyil.
Seçilmiş hissələr:
1. Qəddar döyüşlərdən sonra kişi xüsusi itiliklə həyatın necə də zərif bir şey olduğunu dərk edir. Onun ruhu zəifləyir, həyatı az qala çilik-çilik olacaq qiymətli qədəh tək xüsusi qüdrət ilə qiymətləndirməyə başlayır, sanki. Belə anlarda bütün kişilər qorxaqlaşır, onlar ancaq bir şey haqqında düşünürlər - qadın qoynunda itib-batmaq, ancaq qadınların söylədiyi məhəbbətin şəfaverici sözlərini eşitmək. Onlar bir şeyi, sevginin ölümcül labirintlərində azmaq istəyirlər. Belə hallarda kişi yaxşı düşünülməmiş davranışlara yol verə bilər və taleyini kəskin şəkildə dəyişəcək sözləri verə bilər. Şah İsmayıl ilə də belə oldu, o, şahzadənin qara gözlərinin içində qeyb oldu.
2. Etiraf etmək lazımdır ki, qadın heç də ideal canlı deyil və haqqında söhbət gedən gənc xanımın da öz zəifliyi olub - o, qalibin tərəfində olmağı sevirdi.
Seçilmiş hissələr:
1. Qəddar döyüşlərdən sonra kişi xüsusi itiliklə həyatın necə də zərif bir şey olduğunu dərk edir. Onun ruhu zəifləyir, həyatı az qala çilik-çilik olacaq qiymətli qədəh tək xüsusi qüdrət ilə qiymətləndirməyə başlayır, sanki. Belə anlarda bütün kişilər qorxaqlaşır, onlar ancaq bir şey haqqında düşünürlər - qadın qoynunda itib-batmaq, ancaq qadınların söylədiyi məhəbbətin şəfaverici sözlərini eşitmək. Onlar bir şeyi, sevginin ölümcül labirintlərində azmaq istəyirlər. Belə hallarda kişi yaxşı düşünülməmiş davranışlara yol verə bilər və taleyini kəskin şəkildə dəyişəcək sözləri verə bilər. Şah İsmayıl ilə də belə oldu, o, şahzadənin qara gözlərinin içində qeyb oldu.
2. Etiraf etmək lazımdır ki, qadın heç də ideal canlı deyil və haqqında söhbət gedən gənc xanımın da öz zəifliyi olub - o, qalibin tərəfində olmağı sevirdi.
İstifadə olunan resurslar:
1. Виктория Хоусон - МИСТИКА И РЕАЛИЗМ „ФЛОРЕНТИЙСКОЙ ЧАРОДЕЙКИ” РУШДИ: КЛЮЧИ К ХРОНОТОПУ
2. Goodreads sosial şəbəkəsi
Comments
Post a Comment