Bob adlı küçə pişiyi - Ceyms Bouen
Джеймс Боуэн - Уличный кот по имени Боб
"Bob adlı küçə pişiyi" romanı küçələrdə özünə həyat qazanmağa çalışan Ceymsin (yazıçının özünü) və onunla dostlaşan sarı pişik Bobun başına gələn macəraları əhatə edir. Bu dostluq onların ikisinin də həyatını dəyişir və daha maraqlı, daha ümid dolu günlərə aparır...
Deməli, Bob küçə pişi olub. Günlərin bir günü gəlib Ceymsin mənzilinin qapısının önündə durur ki, bəs gəl dostlaşaq. Beləcə də onlar dostlaşırlar. Ceyms onun xəstəliklərini müalicə etdirir və bu dostluq Ceyms kimi itirilmiş insana böyük ümidlər bəxş edir. Bob da özünə sahib tapır. Onlar bir-birindən faydalanmağa və daha həyatsevər olmağa başlayırlar.
Bob və Ceyms |
Kitabın müsbətləri arasında onun bir evsiz insanın əzab-əziyyətlərini, keçirdiyi mənəvi sarsıntıları, psixoloji gərginlikləri, sosial çətinlikləri və ən əsası şəxsi xaosunu təsvir etməsini göstərmək olar. Belə kitablar cəmiyyətin çox vaxt biganə qaldığı evsizlərə qarşı stereotipqırıcı xüsusiyyət qazandırır. Biz onları hər dəfə müxtəlif yerlərdə görürük, amma hekayələrini, başlarına gələnləri bilmirik. Onların şəxsi dramlarından xəbərsiz onlara qarşı bəzən ikrah, bəzən də laqeyd münasibət bəsləyirik. Halbuki, onlar da insandırlar və ən əsası biz hamımız eyni deyilik. Biz problemlərə, maneələrə qarşı eyni reaksiyanı verə bilmirik. Bəzən elə zərbələr gəlib bizə dəyir ki, biz sadəcə hərəkətsiz qalmalı oluruq. Hərəkətsiz qaldıqda isə cəmiyyət səni çevirib edir evsiz-eşiksiz birisi, çünki sən işləmirsən, çalışmırsan, əlavə dəyər yaratmırsan. Heç kimə lazım deyilsən. Halbuki, sadəcə fərqlisən. Mənən daha həssassan və zəifsən. Ceyms də belə birisinə nümunədir. Düzü onun niyə belə birisi olduğunu başa düşə bilmirik. Bu süjetdə olan bir boşluqdur. Bəlkə də, yazıçı istəməyib ki, onun keçmişi haqqında öyrənək. Ona görə də bu məqama hörmətlə yanaşıram və onu mənfilər arasına daxil etmirəm.
Kitabın bəzi hissələrinin səmimi olması və real hadisələrə əsaslanması çox yaxşıdır. Məlumat aldığım qədəri ilə kitabda uydurma və qeri-real heç nə yoxdur. Yazıçı Bobu özünə götürdüyü andan etibarən addım-addım onu necə öz evinə öyrəşdirdiyini və onunla birlikdə necə həyatını qazanmağa cəhd etdiyini gözəl təsvir edib. Mən də pişikləri çox sevirəm. Özünü sevdirməyi bacaran bu canlılar, məncə, xoş və pozitiv hislər oyadır həmişə. Elə kitabı oxumaq qərarını verməyimin də əsas səbəbi bu oldu.
Romanın əsas mənfiləri mənim üçün yazı üslubu və təsvirlər kontekstində oldu. Mən mütaliə ərzində Bobu yaxşı təsəvvür edə bilmirdim. Təhkiyə birinci şəxsin təkindən təşkil olunub və Bob haqqında biz sadəcə onun dilindən eşidirik. Buna baxmayaraq zəif yazı üslubu və təsvirlərin yerinə oturuşması üçün lazım olan xırdalıqların olmaması, dilin imkanlarından lazım olan dərəcədə istifadə edilməməsi, bizə Bobu təsəvvürümüzdə canlandırmaqda böyük mane törədir. Ceyms isə əksinə mənim üçün çox açıq və aydın görünən obraz oldu. Onun cəmiyyət həyatında özünə yer tuta bilməməsi, yaşadığı şəxsi problemlər, mənəvi gərginliklər və psixoloji qeyri-stabillik oxucu üçün kifayət qədər aşkardır. Bob isə bir pişik kimi təsəvvürdə çox solğun canlanır. Məncə, Bobun da səsinin romanda yer alması əla olardı. Təbii ki, onların bir-biri ilə deyil, müstəqil, öz aləmlərində olan səslərini növbələşmə əsasında oxucuya çatdırılması daha maraqlı olardı. Yaranacaq paralellik yaxşı kombinasiya rolunu oynayıb bədiilik baxımından da yerinə düşərdi. Bu həm əsərə şablon təhkiyənin və formatın tətbiq olunmasının qarşısını alardı, həm də hal-hazırda müşahidə olunan problemlərin meydana çıxmasını əngəlləyərdi.
Pişiyi bir obraz kimi romanlara uyğunlaşdırmaq yaxşıdır, amma bunu uğurlu etmək çox vacibdir. Pişiklərin yer aldığı romanların sayı çoxdur. Pişiklər haqqında yazılan əsələr də kifayət qədərdir. Haruki Murakami öz əsərlərində pişik obrazlara çox yer verir. Onları bu canlıların təbiətlərinə uyğun çox diribaş, mistik və dinamik bir obraz kimi təsvir edir və oxucu onları heç vaxt unuda bilmir. Şübhəsiz ki, Murakami böyük yazıçıdır və onun yazdığı janr sürrelizm və ya magik realizmdir və Ceyms Bouen belə ustalıq dərəcəsindən çox uzaqdır. Bob obrazı hər nə qədər real pişiyə əsaslansa, onu bu canlı növünün xarakteristikasına uyğun fonda görmürük. Bu səbəblərə görə də, kitaba yüksək qiymət vermək olmur. Buna baxmayaraq maraqlı mütaliə obyekti kimi seçib-oxumaq olar.
Xülaseyi-kəlam, belə səmimi və rahat kitablar da lazımdır. Bəzən ağır gedən fəlsəfə, ya da satirik bədii ədəbiyyat insanı yorur. Qeyd etdiyim problemlər olmasa idi, lap əla olardı, amma edəcək bir şey yoxdur. Oxuduqdan sonra müəyyən xoş təəssüratların qalması və ən əsası beyni çox yormaqdan uzaq olması kitabın ən əsas üstünlüyüdür.
Comments
Post a Comment