Erix Fromm - Azadlıqdan qaçış (+Qeydlərim)
Əgər insanlıq azadlığın özü ilə gətirdiyi təhlükə və məsuliyyətlərlə birlikdə yaşamağa öyrəşməsə, onda avtoritarizm bərqərar olacaq. İlk dəfə 1941-ci ildə nəşr olunan və indiyədək aktuallğını zərrə qədər də itirməyən, dövrünün və eləcə də müasir zamanın ən öncül düşünürlərindən olan Erix Frommun "Azadlıqdan qaçış" əsərinin məğzini də məhz bu məqam əmələ gətirir. Avtoritat sistemlərin təhlilindən yola çıxaraq, demokratiyanın individə bəxş etdiyi yadlaşma, yalnızlıq və izolyasiya kimi məsələlərin mahiyyəti və köklərindən söhbət açılır. Psixoanalitik məlumatlara əsaslanaraq müasir cəmiyyətlərin xəstəliklərinə diqnoz qoyan Erix Frommun dilindən müasir insanın totalitar qayda-qanunları tələb etməsini öyrənmək çox qəribə oldu açığı. Əsl qaçışdır, azadlıqdan qaçış da budur.
Məğz
Kitabın adına diqqətlə fikir versəniz, adın özü belə olduqca böyük miqdarda informasiya ötürülüşünü həyata keçirir. Bir cümlə ilə ifadə etsək: kitab müasir nəslin gücsüzlüyü və təhlükəsilziyi haqqındadır. Başqa sözlə, insanların kapitalizm kimi iqtisadi inqilabın sayəsində individuallaşma erasına olduqca inamla və əzmlə qədəm qoyması, onların azadlığa qovuşmaları heç də arzuolunan və gözlənilən nəticələri vermədi. İnsan psixikası çox qəribə tərzdə bu azdlıqdan qaçmaq üçün yollar axtarmağa başladı. Bütün o dini, siyasi və iqtisadi sığınacaqların hamısı insanın azadlığından, əslində isə yalnızlığından, sosial heçlikdən, gücsüzlükdən və işəyaramazlığından qaçışı üçün öz-özünə yaratdığı mürəkkəb cəmiyyət mexanizmləridir. Quruluşca mürəkkəb olan bu mexanizmlər insanı öz içində sadəcə kiçik bir zənbərəyə çevirir və onun mənliyini kollektiv konformizmin içinə tullayır. Nəticədə biz illüziyalar aləminə düşürük. Fikirləşirik ki, öz azad iradəmiz və azad seçimlərimiz var. Halbuki, bu sadəcə sistemlərin bizi proqramlaşdırmasından savayı bir şey deyil. Həm də bizə elə gəlir ki, biz çox rahat və yaxşı həyat yaşayırıq.
Erix Fromm |
Ətrafınıza baxın. Bütün bu texnologiyalar bizi bir-birimizdə uzaqlaşdırır, bazarlar özləri artıq bizə nə istəməli olduğumuzu diktə edir və bütün ehtiyaclarımızı tənzimləyir, qayda-qanunlar bizə nəyi necə etməli olduğumuzu əmr edir. Cəmiyyət qarşımıza məqsədlər qoyur ki, bunu, bunu və onu istəməlisən, ona nail olmalısan, ambisiyalara malik olmalısan, amma insan bir ömür yaşayır və kim olduğu haqqında zərrə qədər də məlumat sahibi deyil. Sizcə, budurmu azadlıq? Budurmu əsl yaşayış və insan olmaq?
İnsan kimi dayanmadan fasiləsiz olaraq aclıq bizə güc gəlir. Daha çox və daha çox istəyirik. Düşünürük ki, bütün bu istəklərim müəllifi bizik, əslində isə sistemlərin bizə yeritdiyi süni məqsədlərin yaratdığı xəyali aləmə düşmüşük. Ən pisi də odur ki, bütün bunların müəllifi də bizik və özümüz könüllü olaraq bütün bu yalan və saxtakarlıq dünyasının əsiri olmuşuq.
Depressiya
Belə kitabların yaman depressiv xüsusiyyəti olur. İnsan bir ömür özü ilə əlləşir, axtarır, soruşur, soruşdurur ki, bəs görəsən niyə görə, hansı səbəbə, niyə belədir və ya niyə görə ətrafındakı digər insanlar elə yox, belə edirlər. Əslində bu proses özü maraqlıdır müəyyən mənada, amma Erix Fromm budur çıxır və deyir ki, sizin belə olmağınızın səbəbi budur. O, virtuoz olaraq diqnoz qoyur, amma müalicə etmir. Bu da öz növbəsində depressiyayaradıcı xarakter daşıyır. Sən oturursan və bütün həyatını nəzərdə keçirirsən bir daha. Başa düşürsən ki, əslində yaşadığımız cəmiyyətin axmaq və mənasız qayda-qanunları, hamının, hər kəsin, hər bir kəsin arzuları, istəkləri, məqsədləri, planları və arzuları nəyə xidmət edir. Bir bəni-adəm kimi, insan adlanan canlı kimi, biz sadəcə ideal maşınlarıq. Ətrafımız və özümüz tərəfindən proqramlaşdırılıq. Proqram olmasa sadəcə ət və sümükdən ibarət materiyayıq, olduqca isə sosial fiqur. Ona görə də belə kitabları oxumazdan öncə nəzərə almaq lazımdır ki, kitab bizə çox şeyi tanıtdırır, izah edir. Erix Fromm çoxlarının görmədiyini görə bilir və cəsarətlə bizə nəyin necə olduğunu tərəddüt etmədən izah edir.
Elmi kitab?
Bəzi məqamlarda düşünürdüm ki, görən kitabı sırf elmi kitab kimi dəyərləndirməliyəm, yoxsa elmi-populyar? Çünki bunların arasında həddindən artıq çox böyük fərq var. Əlbəttə, Erix Fromm çox ciddi psixoloji və fəlsəfi aspektlər çərçivəsində yazıb-yaradıb, amma məsələn, düşünürdüm ki, gələcəkdə dissertasiya yazanda onun belə əsərlərinə istinad verməyə dəyər, yoxsa yox? Hər nə qədər möhtəşəm məsələlərdən yazıbsa da, bir qədər elmililik məqamında xaotiklik var ki, bu da öz növbəsində elmin obyektivlik prinsipi ilə bir qədər ziddiyət təşkil edir.
Nəticə
Kəs o halda belə kitabdan faydalandığını iddia edə bilər ki, oxuduqdan sonra özündə nəyisə dəyişdirə bilsin. Əks təqdirdə belə mütaliənin heç bir mənası yoxdur. Elə bil getdin muzeyə, ekspanata sadəcə tamaşa etdin, onun haqqında xəyallar qurdun və sonra da həmişəki məkanlara geri döndün. Əslində sən muzeyə getməlisən, həmin ekspanatların səsinə qulaq verməlisən və şüşə vitrinləri dağıdaraq ekspanatı oğurlamalısan. Həyəcan siqnalı sədaları altında, muzey ziyarətçilərinə dəyib toxuna-toxuna getdikcə bərk-bərk bağlanacaq çıxış qapısına doğru yollanmalısan. Sənə gicəlmiş baxışları ilə baxacaq digər ziyarətçilərin heç nədən xəbəri olmayacaq bəlkə də, amma sən fərqli olacaqsan, çünki heç kimdə olmayan bir şey səndə olacaq. Ancaq belə olan halda "Azadlıqdan qaçış" kimi kitabların oxucuya əhəmiyyəti ola bilər. Kitabı sadəcə nəzəriyyə kimi oxumaq sadəcə bir illüziyanın başqa bir illüziya ilə əvəzlənməsi olar.
Hər bir halda belə kitabları oxumazdan öncə diqqətli olmaq lazımdır, çünki kitab çox şeyi izah edir və müəyyən qrup insanlar var ki, onların həyatının konkret olaraq mahiyyətini və mənasını izah edir. Mən də həmin qəbildən insanlara aidəm və yuxarıda da qeyd etdiyim kimi bu məqam depressiv məqamdır. Ümumilikdə isə, Erix Frommun təhlillərinə heyran qalmamaq mümkünsüzdür.
Qeyd#1 - Azadlıq anlayışı insana anadan olandan bəri məlum olan bir məfhumdur, yoxsa sonradan müxtəlif ictimai həyatın kənar təsirləri nəticəsində insan beynində formalaşan anlayışdır? Onun motivləri nələrdir? İnsan davranışlarını müəyyənləşdirən irrasional və şüuraltı qüvvələrin təhlilini indiyədək Freyddən yaxşı heç kim icra etməyib, amma onun da məhdudiyyətləri var idi. Onun məhdudiyyəti içində olduğu mədəniyyətlə əlaqədar idi. Bu səbəbdən o, hətta bəzi xəstələrini belə başa düşə bilmirdi, normal insanları düzgün qiymətləndirmirdi və cəmiyyətin irrasional davranışlarını ətraflı təhlil edə bilmirdi. Freyd deyirdi ki, insan təbiətən antisosialdır. O, ənənəvi insan və cəmiyyət qarşıdurmasını özündə ehtiva edən modeli mənimsəmişdi. Onun təbirincə desək, cəmiyyətin əsas funksiyası insanı sadəcə əhliləşdirmək və bioloji ehtiyaclarını ödəmək üçün şərait təqdim etmək deyil, həm də onu əsas və dəyişilməz impulslardan təmizləmək və məhdudlaşdırmaqdır. Belə impulsların əzilməsi nəticəsində nə isə sehrli bir şey baş verir: meyllərə təzyiqlərin edilməsi mədəni dəyər daşıyan istəkləri formalaşdırır və beləcə mədəniyyət yaranır. Freyd bunu "sublimasiya" adlandırmışdı.
Qeyd#2 - İndividin iki tip uyğunlaşma (adaptasiya) üslu var: statik və dinamik. Statik adaptasiya insanda yeni heç bir şəxsiyyət keyfiyyəti yaratmır, dinamik adaptasiya isə insanın şəxsiyyətində dəyişikliklərə səbəb olur.
Qeyd#3 - Erix Fromm qeyd edir ki, necə ki, aclıq ölümə səbəb olur, yalnızlıq da psixoloji məhvə səbəb ola bilər. Odur ki, insan sadəcə aclıq və susuzluq kimi təməl ehtiyaclara sahib deyil, həm də sosial müstəvidə ciddi tələbatları var.
Qeyd#4 - Subyektiv özünüdərk. Maraqlı termindir və özündə individin əsasən təbiətdən və digər insanlardan ayrıcalığını ifadə edir. "Mən" anlayışı bununla çox sıx əlaqədədir.
Qeyd#5 - Azadlıq anlayışı insanın özünü müstəqil və ayrı canlı kimi özünüdərkindən asılı olaraq dəyişir. Erix Fromm artan yalnızlıq anlayışını irəli sürür (hansı ki individuallaşmanın ən əsa nəticəsidir) və onu azadlıq anlayışı ilə əlaqələndirir. İnsanın yaşı artıqca öz tənhalığının fərqinə varır. Bu onun üçün qorxulu bir şeyə çevrilir və öz könüllü olaraq müxtəlif qrupların tərkibinə çevrilməyə razı olur və ətraf-aləmlə, cəmiyyətlə bir olmaq istəyi duyur. İndividuallaşma ya tabe olmağa, ya da spontan fəaliyyətlərə səbəb olur.
Qeyd#6 - İnstinktlər canlıların aliləşməsi ilə getdikcə itən bir anlayışdır. İnsanın individuallaşmasının da kökündə onun könüllü olaraq instinktlərdən imtina etməsi ilə əlaqədardır. Canlı növü nə qədər primitivdirsə onun təbiətə uyğunlaşması da bir o qədər rahat olur. Erix Fromm İncildən olan əfsanələr vasitəsi ilə, daha konret cənnətdən qovulmaqla əlaqədar olan əfsanəni fərdin azadlığı ilə çox yaxşı əlaqələndirir.
Qeyd#7 - Sadizm, mazoxizm, faşizm və individual psixologiya arasında yaradılan əlaqələr olduqca maraqlıdır. Bu günədək bu haqda tam doğru-düzgün məlumat sahibi deyildim.
Qeyd#8 - Dağıdıcılıq və məhvetmənin mahiyyəti bu cümlələrdə çox gözəl izah olunub: Dağıdıcılıq məqsədi aktiv, ya da passiv simbioz olan bir şey deyil, obyektin məhvi və kənarlaşdırılmasıdır. Kökləri isə eynidir: gücsüzlük və individin izolyasiyası. Mən dünyanı dağıdaraq onunla münasibətlərimdə öz şəxsi gücsüzlüyümdən canımı qurtara bilərəm.
Qeyd#9 - Həqiqi düşüncələrlə psevdo düşüncələr arasındakı fərqin izahı çox maraqlıdır. Əgər fərd hansısa avtoritetin fikirlərini şüursuz olaraq sadəcə təkrar edirsə bu psevdo düşüncədir. Həmin fərd iddia edə bilər ki, bu onun "öz" fikridir, lakin əslində isə bu belə deyil. Həqiqi düşüncələr isə həqiqətən də fərdin sırf özünə aid olan bir şeydir və bir çox amilin təhlilinə əsaslanır.
Qeyd#10 - İnflyasiya dövlətin imicinə zərər vuran və həm də psixoloji fəsadları olan iqtisadi hadisədir.
Qeyd#11 - Sosial frustrasiyalar sayəsində yaranan psixoloji travmalar nasional-sosializmin güc qazanmasında olduqca böyük rola sahib olub. Nəticədə orta sinif nümayəndələri özlərinin itirilən sərvətləri ilə aqibətlərini ümummilli dəyərlərlə və aqibətlə sintez etməyə başladılar.
Qeyd#12 - Hitler haqqında maraqlı məlumatlar var. Xüsusilə də onun hələ tanınmayan vaxtlarda kirayədə qaldığı evin siçovullarını yemləməsi ilə əlaqədar qeyd edilən əhvalat maraqlıdır. Demə Hitler çörək qırıntılarını siçovulların yuvasına tökərmmiş ki, qırıntıların üstündə düşəcək davanı izləyib zövq alsın, çünki o, ancaq və ancaq güclünün mütləq haqq olduğuna inanırdı və zəifin məhv olmalı olduğunu müdafiə edirdi. Onun "Mənim mübarizəm" kitabında yazdıqlarını sadizm prizmasından dəyərləndirən Erix Fromm, olduqca maraqlı nəticələrə gəlir. Hitlerin psixoloji portreti zəngin psixoloji xəstəliklərlə aşıb-daşır. Onun "xarici hücumlardan müdafiə" kimi sadizmin rasionalizasiyası isə öz şəxsi sadizminin ört-basdır edilməsindən savayı bir şey deyil. Güclülərə məhəbbət, zəiflərə nifrət sado-mazoxist şəxsiyyətin əlamətləridir.
Qeyd#13 - "Azadlıq və demokratiya" başlığı altında olan fəsildə isə Erix Fromm demokratiya və individualizm kimi anlayışlar arasında fərdin həyat yolu fonunda onunla analogiyalar qurur.
Qeyd#14 - Fərdin gücünün maksimal sərhədini onun maksimal dərəcədə, bacardığı qədər öyrənmək müəyyənləşdirir. Bu da öz növbəsində ona şans verir ki, özü-özünü dərk etsin. "Özünü dərk et" insan xoşbəxtliyinin ən əsas qayəsidir.
Qeyd#15 - Arzuların təbiəti haqqında da müasir insanda araşdırılası şey çoxdur. Düşünmək olar ki, bəs müasir insan arzulamaq baxımından heç də kasad deyil, amma həqiqətəndəmi bütün o həmin arzular onun əsl arzularıdır? Yoxsa həmin arzular sadəcə bəzənmiş məqsədlər və hədəflərdir? Müəllif isə cəmiyyət və mürəkkəb sistemlərdir.
əla
ReplyDelete