İçimizdəki balıq - Nil Şubin
ENG: Neil Shubin - Your Inner Fish: A Journey into the 3.5-Billion-Year History of the Human BodyRU: Нил Шубин - Внутренняя рыба. История человеческого тела с древнейших времен до наших дней
Biz niyə görə belə görünürük? İnsanın milçək qanadı ilə oxşar cəhətləri nələrdir? Böcəklər, balinalar və tər vəziləri necəsə bir-biri ilə əlaqədardırlarmı? Bədənimzin iş prinsiplərini başa düşmək və bir çox ölümcül xətəliklərin qarşısını almaq üçün, biz gərək onların mənşələrinə nəzər salaq. Bunun üçün qurdalar, milçəklər və balıqları bizə yaxından kömək edə bilərlər. Necə? Bax bu sualın cavabı "İçimizdəki balıq" kitabındadır. Onu tapmaq üçün paleontoloji qazıntılar aparmağa ehtiyac yoxdur. Bunu bizim yerimizə Nil Şubin artıq edib. 😏
Nil Şubin dünyanın öncül paleontoloqlarından və anatomiya professorlarından biri olub, 2006-cı ilin aprel ayında "Tiktaalik"i kəşf edib. Tiktaalik balıqlarla suda-quruda yaşayanlar arasında olan keçid canlını özündə ehtiva edir. Bu canlının tetrapodlara bənzər xüsusiyyətləri olub və belə hesab edilir ki, o bütün quru canlılarının ortaq əcdadıdır. Kanadanın Nunavut əyalətində tapılan bu tapıntı Nil Şubinin dünya elminə möhtəşəm tövhəsidir. 😎
Kitab xüsusilə genetika və embrionologiya məsələləri ilə əlaqədar möhtəşəm dərəcədə zəngin və asan dillə məlumatlar təqdim edir. Sözün düzü, etiraf edim ki, sahib olduğum zəif biologiya və zoologiya məlumatları mənə az da olsa çətinlik yaradırdı, lakin müəllif belə halların azalması üçün əlindən gələni edib və orta məktəb səviyyəsində biologiya elmini bilən istənilən şəxs, məncə, bu kitabı başa düşə bilmək iqtidarındadır. Ona görə də kitabda təsvir olunan insan bədənin diş, əl, ayaq, qulaq və digər hissələri ilə digər canlıların DNK nümunələri arasında yaradılan analogiyalar bizə özümüzü tanımaqda yaxından yardımçı olur. Məhz belə kitablar bizə insan adlandırdığımız canlı növünün digərləri ilə olan keçmiş və indiki əlaqələrini, münasibətlərini xatırlatmaqda böyük tövhələr sərgiləyə bilər. Bunu xatırlamağa isə çox böyük ehtiyacımız var. Səbəb kimi isə onu qeyd edim ki, insanların digər canlı növlərinə qarşı göstərdiyi hörmətsizlik və aşağılama kimi münasibətlər təbiətdə olan bütün balansı və harmoniyanı artıq pozmuşdur və bunun axırı haraya gedir, onun haqqında düşünmək ən qorxulu filmlərdən belə qorxulu nəticələri təsəvvürlərə gətirə bilər. 😱
Kitabın əsas diqqət mərkəzi balıqlardır. Balıqların ayrı-ayrı bədən üzvləri insanların ayrı-ayrı orqanları ilə eyni genetik kodlara malikdir. Bu bir çox məqamı aydınlaşdırır, həm də bizə gələcəkdə çoxlu yeni yaranacaq xəstəliklərin qarşısını almaqda yaxından yardım edir. İlk baxışda heç də xarici görünüş baxımından oxşar olmayan canlıların necə də bir-biri ilə genetika müstəvisində belə oxşar olduqlarını oxumaq möhtşəm bir şeydir. Ən əsası yazılanların bütün hamısının elmi əsası var. 💪
Bu kitab, məncə, təkamül nəzəriyyəsinə qarşı olan simpatiyamı artırdı, çünki təbiətdə də, dünya da, kainatda da, heç nə elə-belə boş yerdən yaranmır. Nə isə bir şey başqa bir şeyin nəticəsidir və gələcəkdə tam başqa bir şeyə səbəbkarlıq edir. Hər şey dəyişir, formalaşır, inkişaf edir və təkmilləşir. Həyatın məqsədi də budur. Çox qəribədir ki, biz özümüzü ali canlı varlıq olaraq adlandırırıq, amma bədənimizin milyon illər ərzində hissə-hissə, ilmə-ilmə necə hazırlandığından xəbərsizik. Niş Şubinin "İçimizdəki balıq" kitabı bizdə olan bu boşluğu doldurmaqda əla vasitəçi ola bilər. Bu kitab Şubinin elmi-populyar kitab janrına verdiyi möhtəşəm tövhədir. Daha demə bütün təbiət bizim qohum-əqrəbəmiz imiş. 😅
Nil Şubin |
Əlbəttə kitab giriş xarakteri daşıyır. Sırf elmin özü baxımından kitabda yer alan məlumatlar azdır. Bu baxımdan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabdır və məqsədi hansısa cari bioloqa, zooloqa, ya da əlaqədar başqa elm adamına əlavə istinad materialı təqdim etmək deyil, bir iqtisadçıya, hüquqşünasa və ya tərcüməçiyə öz bədənimiz və onun digər canlılar ilə olan əlaqəsi haqqında məlumatlar verməkdir. Əgər bu və bənzəri mövzular sizə maraqlıdırsa, o zaman kitabı oxuyun, yox əgər belə mövzulara inanmırsınızsa, onda lazım deyil. 😉
Comments
Post a Comment