Neon iblis - The Neon Demon - Неоновый демон
Dünyanın daxilində mütləq boşluq yerləşir. Bu boşluğun içində diqqətəlayiq nə isə, ya da ən azından həqiqətə yaxın nə isə varsa, o da gözəllikdir - Dzünitoro Tanidzaki
16 yaşlı cazibadər Cessi (Jesse) Los Ancelasa gələrək müvəffəqqiyətli model olmağı arzulayır. Din (Dean) adlı gənc fotoqraf ona bu işdə köməklik edir. Sahədə inamla addımlamağa başlayan Cessi hamının diqqətini özünə çəkir. Qısa müddət ərzində ətrafında olan bütün qadınlar onun gözəlliyinə və gəncliyinə paxıllıq etməyə başlayır. Bu paxıllıq idarə edilməz dərəcəyə çatanda isə heç kimin gözləmədiyi hadisələr baş verir. "Neon iblis" qadın qəzəbi, qısqanclığı və rəqabəti, ən əsası isə qadın gözəlliyi haqqında estetik və vizual baxımından olduqca özünəməxsus filmdir.
Cessi əsl obyektiv gözəllik nümunəsidir. O, çox gözəldir, incədir, təravətlidir. Gözəl bir gül kimi açılan, gözəlliyi ilə aləmə car çəkən bu qız, öz gözəlliyini dərk edir və onun narsizminin qurbanına çevrilir. Sonradan bir mələk kimi ucalıb, lakin cənnətdən qovulması sadəcə möhtəşəm deyiləcək dərəcədə əla bir filmin reallığına çevrilib. Bu reallıqlar "Neon iblis" filminin cərrah dəqiqliyi ilə çəkilmiş estetik üslublu vizuallığı ilə izləyicilərə ötürülə bilir. Ortada doğru-düzgün süjet xətti yoxdur. Filmi sadəcə üç böyük hissəyə ayırmaq mümkün olur: 1-ci - giriş və adaptasiya, hansı ki, siz burada obrazları tanımağa başlayırsınız və başa düşürsünüz ki, bu dəfə nə isə fərqli bir filmlə rastlaşmısınız və yaxşı olar ki, səssizliyə riayət edib düşüncələrinizi söndürəsiniz. 2-ci hissə - qeyri-müəyyənlik və proqnozlar, bu hissədə izləyici düşünməyə başlayır və öz aləmində peyğəmbərliklər irəli sürür, lakin hadisələr tuneli bizi tamam başqa bir yerə gətirib çıxarır. 3-cü hissə - sonluq. Nöqtənin qoyuluşu və "necə olmalıdırsa elə də olacaq" reallığının zor gücünə həm izləyicilər, həm də Cessiyə dərk etdirilməsi. Bu hər nə qədər ağrıverici olsa da, dərinlikdə axan yeraltı çaylar kimi insan təbiətinin üzdə olmayan motivləri də son sözü deməkdə hamıdan çox haqq sahibidir.
Film bizə rəqabət anlayışının qadınların timsalında necə baş verdiyini göstərir. Əslində bu prosesin mahiyyəti hər iki cinsdə eynidir, sadəcə motivlər və formalar müxtəlifdir. Yenə də qadınların dünyasının fərqliliyi haqqında bir çox şeyi başa düşürük. Onların dünyanı daha abstrakt yöndən dərk etmələri və bəzi şeylərə emosional yanaşmaları hərdən mənə gülməli gəlsə də, çox vaxt reallıqla barışmalı oluram və dərinliyə getməməyi seçirəm. "Neon iblis"də bu məsələlər mübaliğəli əks olunsa da, həqiqət payı da kifayət qədərdir. Xüsusilə xarici ölkələrdə bəzi mövzuların bizim kimi cəmiyyətlərdən fərqli olaraq düşünülməsi filmdə əks olunan halların yaranmasını stimullaşdıra bilər.
Filmdə fetişizm, nekrofiliya, homoseksuallıq, qara məzhəkə, zorakılıq, hannibalizm elementlərinin olmağı məni bir qədər tərəddüd qarşısında qoyur ki, dostlarıma və yaxınlarıma bu filmi izləmək üçün məsləhət görüm. Bilirsiniz də, olur bəzən kiməsə məsləhət görürsən və sonda pis birisinə çevrilirsən. "Bu nədir mənə demisən bax?" ifadəsinin istər səsli, istərsə də çöhrəvi ifadəsi mənə xoş olan bir şey deyil. Ona görə də bu filmi məsləhət görüləsi filmlər arasında "pis film" kimi dəyərləndirirəm, özümçünsə necə deyərlər əladır. Əsas da onu qeyd edim ki, film dar izləyici kütləsinə malikdir. Geniş izləyici kütləsi belə filmləri həzm edəcək dərəcədə yaxşı təşkil olunmuş həzm sisteminə - şüura malik deyil.
Cinsi sinifləşdirmə baxımından filmdə yer alan qadın obrazlarla kişi obrazlar arasında çox böyük fərqlər var. Qadın obrazlar ölümcül və zəhərli sancmanı özündə daşıyan ilana bənzəyirlər. Onlar çox gözəldirlər, bədənləri əsl riyazi qanunauyğunluqların təcəssümüdür və sadəcə gördüklərinə inanırlar, kişilər isə əksinə, çox qorxaq və naqis görünürlər. Sadəcə Din izləyicidə müsbət emosiyalar oyada bilər, lakin onun da ciddi söz sahibi olmaması bizi ona qarşı biganə olmağa vadar edir. Qadınlara isə biganə qalmaq mümkün olmur. Xüsusilə maraqlıdır ki, model qadınlar soyuqluq və sünilik saçırlar. Sanki, onlarda həyat dayanıb. Onlar yaşamırlar. Cessi isə əksinə əsl həyat eşqinin və gözəlliyin qovuşduğu kəsişmə nöqtəsidir. Ona görə də biz Cessinin hamıdan fərqli olduğunu başa düşürük və ona simpatiya bəsləməyə başlayırıq.
Filmlərə biz gözlərimizlə baxırıq, amma musiqi ilə hiss edirik. Kliff Martinesin hipnotik bəstələri filmdə tutqun energetikalı atmosfer yaradır ki, insanı, sanki dərin və qorxulu quyuya atır və müəyyən ritmlərlə (temporitm) insanın emosiyalarına zərbələr vurur. Biz bu quyudan filmin irəliləyən dəqiqələrində çıxmalıyıq. Filmin ən özünəməxsus üstünlüyünü formalaşdıran cəhəti isə qeyd etdiyim kimi vizuallığıdır, hansı ki, bu vizualllq ideal operator və montaj işinin nəticəsidir. Xətti prespektivin və ideal harmoniyanın əsas alınaraq görülmüş iş birmənalı olaraq estetik nəticə ortaya qoyur. Rejissor işinin yüksək səviyyədə olması ilə bizə başa salır ki, biz həm şok terapiyasına, həm də xoş təəccüb dalğasına ev sahibliyi edəcəyik. Mütləq həzz və onun tamamilə əksi arasında gedib-gəlmək kimi təcrübənin yaradılması rejissor işinin möhtəşəmliyinə dəlalət edən növbəti işarədir.
Sonluğu belə gözləmirdim. Səbəb isə ondan ibarətdir ki, filmin böyük hissəsi passivdir. Bu passivlik çox maraqlı vizual effektlər və özünəməxsus süjetlə müşayət olunsa da, izləyici sonluq haqqında nəyisə proqnoz verməkdə çox çətinlik çəkir. Sonluğun özü isə mahiyyət etibari ilə yeganə rasional yekunu və mümkün olan hadisələr zəncirinin ən sanballı nümayəndəsinin reallaşmasından başqa bir şey deyil. Belə bir məğz bizə bir daha hər zaman güclünün qalib gəldiyini sübut edir. Güc isə nəinki daxili görünüş baxımından, xarici görünüş cəhətdən eybəcərdir.
Ən güclü qadın instinkti - hamıdan gözəl olmaq! Bu ideyanın dəb və moda sənayesinin timsalında izləyicilər çatdırmaq, filmin sonlarına yaxın əsas obraz dəyişikliyi etmək nadir ssenari nümunəsidir. Bunu icra etmək olduqca çətindir, çünki çox yüksək səviyyəli rejissorluq qabiliyyəti tələb edir. Nikolas Vindinq Refn (Nicolas Winding Refn) bu baxımdan əsl incəsənət işi icra edib.
Elli Fanninq (Elle Fanning), Karl Qusman (Karl Glusman), Ceyn Maloun (Jena Malone), Ebbi Li (Abbey Lee) kimi aktrisalardan xüsusi olaraq razı qaldım. Möhtəşəm performans və əla ifa filmin ən əsas başucalığıdır, lakin Kianu Rivasın epizodik rolda iştirakı məni məyus etdi. Doğrudur, bu filmdə kişi obrazlar çox az idi, amma Kianu kimi əfsanəvi aktyorlar gərək qısamüddətli və epizodik rollara razılaşmasın. Hərçənd son zamanlar bu aktyorun hansı filmə gəldi razılıq verməsi çox qəribədir.
Film psixoloji triller olaraq qiymətləndirilir. Bəzi səhnələr dəhşətli dərəcədə iyrənc, bəziləri qorxulu və bəziləri də şizofrenik və qeyri-realdır. Əsas olan odur ki, biz sadəcə gözlərimizi ekrandan çəkə bilmirik. Mankaylıq dərəcəsinin sadəcə kişilərdə deyil, həm də qadınlarda ola biləcəyini göstərməsi baxımından "Neon iblis"i stereotipqırıcı xüsusiyyətə malik olduğunu görürük. Bu çox gözəl məqamdır. Qadınların manyaklıq dərəcəsindən bəhs edən filmlər çox azdır. Qadınlarda olan heyvani hislər, vəhşiliklər və iyrəncliklər. Müasir izləyici üçün də son vaxtlar məhz belə əsaslı filmlərə ehtiyac var. Obrazların bol kosmetikalı və onlarla plastik əməliyyata məruz qalmış bədənləri ilə xəstə təfəkkürləri əsl gözəlliyi məhv etdi. Əsl gözəlliyin məhv olması ilə də dünya ondan zövq almaq həzzindən məhrum oldu, amma dünya həm də belə gözəlliyi daşıyacaq dərəcədə güclü deyilmiş.
Comments
Post a Comment