Corc Oruell - Yaşasın fikus!
Kitabın rus dilində adı: Джордж Оруэлл - Да здравствует фикус! (Да будет фикус)
Kitabın ingilis adı: George Orwell - Keep the Aspidistra Flying
Viktoriya erasında fikus İngiltərədə çox məşhurlaşdı. Orta sinif fikus bitkisini o qədər çox istifadə etməyə başladı ki, sonunda bir çox musiqilərə, zarafatlara və hətta Corc Oruell kimi möhtəşəm yazıçının romanına belə mövzu təşkil etdi.
Fikusun bu dərəcədə məşhurlaşma səbəbi onun zəif gün işığı ilə qidalanıb otağın aşağı keyfiyyətli çirkli havasını təmiz havaya çevirməsindədir. Çünki həmin illərdə evlər ilk öncə yağ lampaları, daha sonra kömürə əsaslanan işıqlandırma və isitmə sistemləri ilə təchiz edilirdi. Beləliklə də, evlərdə atmosfer kifayət qədər çirkli olurdu, lakin fikus adlanan cəsur bitki bu problemlərin öhdəsindən kifayət qədər yaxşı gəlirdi. Odur ki, fikus orta sinfin nümayəndələri arasında ən lazımlı bitki hesab olunmağa başladı.
Corc Oruellin özü "Yaşasın fikus!" əsərinin qəhrəmanı Qordon Komstokdan bir o qədər də fərqlənmir. Belə ki, azacıq araşdırmalar göstərir ki, Corc Oruell də Qordon Komstok kimi çox yoxsul olmuş, özünə uyğun iş tapmaqda çətinlik çəkmiş və ehtiyaclarını ödəməkdə böyük sıxıntılar çəkmişdir. Onun mənəvi əzabları daxilindəki boşluğu qidalandırıb böyütmüş və nəticədə ruhunu cari cəmiyyətindən çox uzaqlara aparmışdır. Bədii ədəbiyyatda bilavasitə yazıçının həyatını əks etdirən belə əsərlərə rast gəlmək mümkündür (elə bu məqamda Cek Londonun "Martin İden" əsərini xatırlamamaq mümkün deyil. Həm "Martin İden", həm də "Yaşasın fikus!" əsərləri böyük həyat dərsləri verirlər. Eyni zamanda hər iki əsərin əsas obrazı elə yazıçıların özləridirlər.).
Oruell "Yaşasın fikus!" əsəri və Qordon Komstok obrazı ilə Londonun sıx və kütləviləşmiş cəmiyyətini tənqid etdi. İnsanların süni xoşbəxtliklərini ifşa etdi. Rəngarəng və cəlbedici görsənən hər şeyə tənqidi yanaşdı. Yaradıcıllığın necə qiymətləndirilmədiyini və dəyərdə olan saxta anlayışları göstərdi. Düşünən insanın yaxşısı və pisi ilə, cəmiyyətin yaxşı və pis anlayışlarını müqayisə etdi. Nəticələr isə sadəcə möhtəşəmdir. Oruell möcüzəsi kimi fenomen bütün düşünən insanların ortaq dəyərinə çevrildi.
İnqilab? Sol? Bəli Oruellin üstüörtülü fikirləri var. İnsani dəyərləri məhv edən müstəmləkəçi kapitalistik iqtisadi sistemin tənqidi ilə əlaqədar dialoqlar heç də az olmadı. Qordon pul anlayışına müharibə elan etmişdi. Biznes allahına ibadət etməkdən imtina etmişdi. Çünki onun ruhu azad və istismardan kənarda idi.
Bu möhtəşəm əsər haqqında çox yazmaq olar. Qordon Komstok fikus bitkisi kimi azla yetinib böyük işlər görməyə qadir canlıdır. Qordon Komstok azadlığın rəmzidir. Fikusla Qordon oxşar olsalar da, fərqli təyinatlı və fərqli cəbhələrdədirlər. Buna baxmayaraq, görünür bir yerdə yaşasalar yaxşı olar. Axı insana təmiz hava vacibatdır. Yaşasın fikus yox, yaşasın Qordon Komstok kimi azad, vicdanlı, düşünən insanlar. Yaşasın insanlıq.
Comments
Post a Comment