Leviafan - Левиафан
"Leviafan" filminə yazacağım resenziya istəsəm də, istəməsəm də belə nağılvari olmalı idi. Çünki uzun müddətdir ki, nə isə yazmaq istəyirəm, lakin hansısa fikirlərin üzərində konkret olaraq dayanmaq mümkün olmur və ən əsası mən süjetlərin şablon təqdimatı metodikasından istifadə etmək istəmirəm. Film şərin insan varlığına necə hopub onda artıq uzun illərdir ki parazitlik etdiyini, nəticədə isə bəşəriyyətin necə də hissələrə ayrılaraq parçalandığı haqqındadır. Cəmiyyətlərin, mədəniyyətlərin, şəxsiyyətlərin və ən əsası özünüdərkin məhvi. Realizm? Hiperrealizm? Yoxsa hiperrealizmdən də yüksək nə isə bir şey? Hər şey təsvirlərdəki kimidir? Film qəddardır. Zərbələr. Zərbələr həddindən artıq çoxdur.
"Leviafan"-da müsbət və mənfi obrazlar yoxdur, sadəcə insalar, sadəcə reallıqlar var. Sadə riyazi üsullarla filmi təhlil etmək, müəyyən nəticələrə gəlmək mümkün deyil. "Leviafan" həyatın özü qədər elementardır, cəmiyyətimizə profildən qısa baxışdır.
Leviafanın tarixi çox qədimdir. Müxtəlif sivilizasiyalarda Leviafan dəniz bədheybəti kimi təsəvvür olunurdu. Qədim mif olduğundan din (xristianlıq) də öz məqsədləri üçün ondan istifadə etmişdir və bəzən hətta şeytanın özü ilə eyniləşdirmişdir. Başqa sözlə, böyük güc. Böyük gücün simvolu kimi əslində Leviafan müasir həyatımızda da mövcudluğunu qoruyub saxlayıb. Nikolay Leviafanla qarşı-qarşıya gəldi. Onun əzəməti qarşısında aciz oldu. Sizə bir sirr verim. Leviafanın gücü bizim yuxularımızdadır. Biz hələ ki yuxudayıq. Ona görə də Leviafan istədiyi kimi bu dünyanı gəzir dolaşır və vəhşilik lavasını günahsızca yuxuda yatan insanların üstünə püskürür. Bu lavanın istisi bizi oyada bilməz. Biz özümüz oyanmağı seçməliyik.
Comments
Post a Comment