Yevgeniy Zamyatin - Biz - 2-ci hissə


Yazının 1-ci hissəsini oxumaq üçün tıklayın

"Biz" əsərinin bizə təqdim etdiyi fəlsəfi baxış bucağı olduqca düşündürücüdür. Bir məqamı isə xüsusiylə başa düşmürəm: digər resenziyalarla tanışlığım nəticəsində gördüm ki, bəzi oxucular əsəri olduqca absurd və fraktal adlandırırlar. Bəli əsər fraktal (dağınıq? mürəkkəb) xüsusiyyətə malikdir, amma niyə absurd? Niyə oxucular bu sualı verirlər: görəsən belə bir şey həqiqətən də ola bilərmi? Niyə də olmasın axı?! Gözlərin azacıq açılması və beyinin azacıq işləməyə başlaması bizə günümüzdə baş verən bütün hadisələrin məntiqi nəticəsini göstərir: dünya üzrə dilindən, dinindən, irqindən, yaşadığı ölkədən və ideallarından asılı olmadan müxtəlif bioloji məlumat mərkəzləri yaradılır. Gün keçdikcə insanlar haqqında hər şey şəffaflaşır. Bizi idarə edənlər bizim haqqımızda hər şeyi bilmək istəyirlər. Bütün bu sosial şəbəkələr və bürokratiya bizim idarə olunmağımız üçün münbirt şəraitdir. Hər şey planlaşdırılmalı, ölçülüb biçilməli və şəffaf olmalıdır. Bəyəm bütün bunlar Zamyatinin dünyası ilə ziddiyətmi təşkil edir? Numerlər? Siz bankda növbəyə dayanırsınız və sizin nömrəniz olur. Siz müvəqqəti olaraq Həsənov Şamil yox 134 nömrəli müştəri olursunuz. Yaxud da, kimlərsə ağıllı idarəedicilər daima bizi hipnoz edir. Bəyəm bütün bunlar günü bu gün mövcud deyilmi? Müasir konspirativ nəzəriyyələrlə də tanış olmaq olar ki, onların da kökündə yatan ideyaların "Vahid Dövlət" ideyası olduğunu görmək mümkündür. 

Əsərin baş obrazının timsalında biz düşünən insanı görürük. O, düşünür, analiz edir, müqayisə edir və s. Bu eyni zamanda da çox əhəmiyyətli nəticələrdir. Biz yaşayırıq. Biz insanıq. Bizlərdən kimlərsə daima oyaq qalmalıdır. Bi yuxuya gedib mənliyimizi, şəxsiyyətimizi sistemlərə yem etməməliyik. Sistemlər sadəcə bizə xidmət edən təşkilati quruluş olmalıdır, yoxsa reallığımız tamam başqa şeylərdən xəbər verir: sistemlər 3-4 nəfər insanın hakimiyyət ehtirasını gerçəkləşdirmək üçün sadəcə vasitədir. Biz insanıq. Biz daima xoşbəxtlik axtarışındayıq. Təəssüf ki, onun nə olduğunu bilmədən axtarışına başlamışıq. Odur ki, işimiz çətinləşir. 

"Biz" əsərində mən və biz anlayışları arasında fərq yoxdur. Çünki heç kim bu haqda düşünmür. "Biz" individualizmə xas deyil. İndividualistik cəmiyyətdə bərabərlik anlayışı da çox fərqli və qeyri-ənənəvidir, hər kəs o qədər özünəqapalıdır ki, hamı bərabərdir. 

Romanda sonra özümü qəribə hiss etdim. Depressiya? Xeyr. Depressiya düşüb düşməmək insandan asılıdır. Ən azı mən depressiyaya düşmədim, amma bəşəriyyətin təsvirlərdəki istiqamətdə hərəkət etdiyini biləndə həm özümə, həm də məndən sonrakılara qarşı olan ümidlərin zəifləyir. Bəlkə də, yazılmış bu romanlar kimi bəzi qəhrəmanlar ortaya çıxıb sistemi terrorla hədələyəcək, amma yenə də bunun olma ehtimalı ilbəil azalır. 

Paradoksaldır ki, həm romandan öyrəndiklərimiz, həm də günümüzün yalanları deyir ki, həm sistemin özü, həm də kütlə sadəcə xoşbəxtlik axtarışındadır. Ona görə də "Biz" romanının məğzi xoşbəxtlik axtarışı nəticəsində yaranan cəmiyyətin təsviridir. Şəxsiyyətsiz substansiyalar (vahid dövlətin numerləri) texnokratik sistemin mexanizmində vəziyyətlərindən razı vintikdirlər.  

Qorki "Biz" haqqında yazır: "Biz" əsəri çox pis əsərdi. Onun qəzəbi qoca qarının qəzəbi kimi qupqurudur"; Çukovskiy: "Dostoyevskinin yazdığı bir cümlədə bütünlüklə "Biz" əsərində qat-qat çox ağıl və qəzəb var". Rus ədibləri arasında bu fikirlərə bənzər başqa fikirləri də axtarıb tapmaq mümkündür. Şəxsən mən də əsərin yazı üslubundan çox narazı qaldım. Zamyatin sözləri tək-tək istifadə edir və müəyyən təsadüfi metaforalardan istifadə edir. Sanki, hansısa robot süni intellektində sözlər və cümlələr kombinasiyası yaradıb. Kitabı oxumağa başlayan kimi darıxmağa başladım. Əsərin ortalarına doğru müəyyən maraq qığılcımları yaransa da, yenə də əsərin darıxdırıcı cümlə quruluşlarından can qurtarmaq mümkün olmur. Bəzən bəzi cümlələri bir neçə dəfə oxumalı olursan ki, bəlkə yazıçının nə demək istədiyini, onun düşüncə tərzini başa düşəsən. Bütün bu mənə görə mövcud çatışmazlıqlar əsərin təsiretmə miqyasını azaldır. Daha sadə desək, bu əsərdən bir çox digər əsərlər start götürüb, amma nədənsə digərləri qədər yaxşı səviyyədə totalitarizmi və antiutopiyanı təsvir etməyib. Haksli və Oruell oxuyucusu kimi mən deyə bilərəm ki, Zamyatində oxuyub, müqayisə edib proqnoz vermək alınmır. Zamyatin bütün öz fantaziyalarını açıb buraxıb və nəticədə oxucuda belə bir fikir yarana bilər: əgər mən yazıçı ilə birlikdə düşünmürəmsə, sadəcə təsvirləri seyr edirəmsə, onda bu mənə niyə görə maraqlı gəlməlidir? Digər antiutopiyalardan fərqli olaraq Zamyatinin "Biz"-i qeyri-təbiidir - canlı deyil, o yaşamır, qurudur və müasir oxucu üçün aktual deyil. Bunu bəzi intellektuallar özünəməxsus fənd kimi də qəbul edirlər, lakin "1984" və "Cəsur Yeni Dünya" əsərləri kimi bədiilik dərinliyi olmadığına görə dünyanın bir çox ölkəsində əsər artıq uzun illərdir ki, darıxdırıcı və qeyri-aktual adlandırılır. Əgər biz məsələni Azərbaycan oxucuları müstəvisinə daşısaq, bu yaxınlarda əsərin tərcüməsi oldu və tərcüməyə qədər əsəri əsasən cəmiyyətimizdə rus dillilər və ruslar oxuyub. Başqa sözlə, əsərin özü haqqında məlumat belə Azərbaycan oxucusuna çox çox uzaq idi. Obrazlar canlı deyil. Nə isə, sanki, cansız materiallardan hazırlanıb. Məhz bütün bu məqamlara görə Zamyatini yazıçı hesab etməyənlər də var. Lakin əsər ölkədən və sistemlərdən asılı olmadan oxunmalıdır, klassika bütün zamanlar və cəmiyyətlər üçün aktualdır. 

Elə bilməyin ki, "Biz"-də yer alan təsvirlərin gerçəkləməyi absurddur. Əksinə, ehtimalı çox yüksəkdir. Sistem bizi "biz"-ləşdirir ki, əbədiyyətini bərqərar etsin. Yeganə mübarizə yolumuz "mən" anlayışını unutmamaq və unutdurmamaqdır. "Mən" şəxsiyyət deməkdir. Şəxsiyyət pis də olsa, yaxşı da olsa müstəqilliyin, azadlığın və qeyri-riyazi xoşbəxtliyin əsasıdır. 

P.S. Digər antiutopiya janrında olan əsərlər haqqında yazdığım şərhləri (resenziyaları) oxumaq üçün aşağıdakı "antiutopiya" keçidinin üzərinə vuraraq keçid əldə edə bilərsiniz. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Kamal Abdulla - Sehrbazlar dərəsi

Monten - Təcrübələr