Qara qu quşu - Black Swan - Чёрный лебедь
Balerina Nina "Qara qu quşu" baletində baş rolu ifa etmək hüququ qazanır, lakin bu əsər onun daxili dünyasına nüfuz edərək yavaş-yavaş reallıqla xülyalar dünyası arasındakı sərhədi aradan qaldırır. Filmdə romantizm üçün xarakterik ikiləşmə, səhnə və şəxsi həyat qarşıdurması və qəhrəmanın fiziki olaraq öz əksinə çevrilməsi elementləri yer alıb.
Yalnız izlədikdən sonra mən necə də möhtəşəm film izlədiyimin fərqinə vardım. Psixoloji baxımdan film heç də sadə olmasa da, ilk dəqiqələrdən son dəqiqələrədək nəfəs dərmədən filmi izləyirsən. Hər bir epizodun gözəlliyi və hekayəsi məni valeh etdi. Azacıq nağıl elementləri və şəxsi dramların birləşməsindən gözəl bir əsər çıxıb.
Balet haqqında başqa filmlər eşitməmişdim. Başqa sözlə, kinematoqrafiya oxşar motivli və süjetli filmlər baxımından heç də zəngin deyil. Elə əsas məsələ məhz budur: balet haqqında nə bilirik? Məntiqi nəticə olaraq aydın olur ki, aktyor heyətinin üzərinə necə də böyük yük düşüb. Balet dünyasına qərq olmaq və onu incəliklərə qədər öyrənib əks etdirmək kimi vəzifə heç də asan deyil. Daxili qorxular, mübtəlalar və arzular kimi ideya xətlərindən ibarət konstruksiyalar həm rejissor, həm də aktyor və aktirasalar üçün böyük məsuliyyətdir.
Janr baxımından nə demək olar? Rejissor bu məsələdə çox individualdır. İstəyirsənsə rəqabət haqqında triller görəsən və görürsən. İstəyirsənsə freydsayağı drama (ana qız problemlərinin edip kompleksi formatında təhlili) görəsən, yenə heç bir problem yoxdur görürsən. Yaxud da filmi incəsənətin mahiyyəti haqqında mistik hekayə kimi də qəbul edə bilərik. Hər şey izləyicinin üstünlük verdiyi motivlərdən asılıdır. Mənimsəmə isə izləyicinin təcrübəsi və dərketmə dərinliyindən asılıdır. Bunu Aranovski möcüzəsi adlandırardım.
Baletmeystrin fikrincə, Nina (natali Portman) ağ qu quşu rolu üçün idealdır, amma qara qu quşu üçün kifayət qədər ehtiraslı deyil. Qara qu quşu rolu onun rəqibi Lilidə (Mila Kunis) daha yaxşı alınır. Nina Lilini rəqib kimi çox qəddarcasına qəbul edir və onu fantaziyalarında öldürür. Əslində isə bu öz halüsinasiyalarında intihardan başqa bir şey deyildi. Bu dəlicəsinə istəməyin və bu istəyin nəticəsində reallığın itirlməsi və şəxsiyyətin məhvidir.
Əslində qara qu quşu rolu üçün Ninanın yararsızlığının səbəbləri onun keçmişindədir. Film müddətində Ninada bir çox gündəlik psixi natarazlıqları sezmək mümkündür: onun bədənin müxtəlif nahiyyələri vaxtaşırı qanayır (sadəcə ona elə görsənir), cinsi münasibətlər ona heç də yaxşı olmayan məsələləri xatırladır və o, işin tələb etdiyi ehtirası ortaya qoya bilmir, uğur qazanacağına olan inamsızlığı isə onu rahat oturmağa imkan vermir. Bu və bir çox digər məqamlar Ninanın mövcud vəziyyətini izah edir.
Xüsusilə Ninanın əks cinsə qarşı heç bir maraq göstərməməyi onun uğurunun əsas təhlükəsidir. Bu da onun bütün perfeksiyonizm fonunda psixoloji baxımdan infantil olduğunu göstərir. O, uşaqlıqdan anası ilə birlikdə müxtəlif plyuş oyuncaqların əhatəsində yaşayıb. Ninanın bütün libido enerjisi sadəcə professional sahədə uğur qazanmağa yönəlib. Filmdəki rejissor (Toma) dəfələrlə ona şəxsiyyətin "qaranlıq tərəfi"nə qərq olmağı məsləhət görür (Freyd terminologiyası üzrə ata fiquru). Təzyiqlər nəticəsində Ninanın libido enerjisi iyrənc hallüsinasiyalar formasında üzə çıxır. Qəhrəmanımız psixozu aktivləşdirən şəxsiyyət ikiləşməsi və digər dağıdıcı fəsadları yaşayır.
Comments
Post a Comment