Nə vaxtsa ağlıma gəlməzdi...


Nə vaxtsa ağlıma gəlməzdi. Bəli bəli nə vaxtsa ağlıma belə gəlməzdi ki, mən böyüyüb başa çatdığım evin pəncərəsindən ətraf küçələrə baxanda hansısa qlobal problemlər, gələcək haqqında fikirlər, ümidlər, planlar, qayğılar, içimdəki boşluq hissini doldurmaq, özümü axtarıb tapmaq, arzularıma nail olmaq kimi məsələlər haqqında düşünəcəm.
Vaxt var idi ki, yeni il ərəfələrində eyvanımızdan görsənən gül dükanına baxıb orada yeni il yolkalarının qurulub qurulmadığını diqqətlə izləyirdim. Mənim üçün bir növ yeni il ərəfəsi məhz həmin dükanın yolka satışı ilə eyniləşmişdi. Əgər orada al-əlvan işıqlar sayrışmağa başlayırdısa, deməli, yeni il yaxınlaşmışdı. Bilmirəm, mən uzaqdan həmin al-əlvan işıqları görəndə çox sakitləşirdim, bayram əhval-ruhiyyəsinə daxil olurdum, sevinirdim. Sonradan isə yeni il bir bayram kimi mənim üçün əhəmiyyətini itirdi. Uşaq vaxtı ağlıma belə gələ bilməzdi ki, mənim üçün bayram anlayışı nə vaxtsa əhəmiyyətini itirəcək və anlayış kimi, ruhi rahatlıq kimi, rahatlıq mənbəyi kimi öləcək. Amma əslində isə bu bir çox şeyin başlanğıcını qoydu. 

Məsələn, ağlıma belə gəlməzdi ki, illər sonra həmin o pəncərədən maşın yoluna baxanda yalnız olduğumu hiss edəcəm və bu problem məni o qədər qayğılandıracaq ki, bütün digər işlərimə maneə olacaq. Bu maneələri aradan qaldırmaq üçün mən öz daxili dünyama doğru hərəkətə başlayacam və elə öz içimdə də itib batacam.

Ağlıma belə gəlməzdi ki, nə vaxtsa həmin o pəncərədən baxacam və Karl Marks, Ziqmund Freyd, Adam Smit kimi dahilərin əsərlərini oxumaq barədə planlar quracam. 

Məsələn, ağlıma belə gəlməzdi ki, pəncərədən qarşıdakı binanın işığı yanan mənzillərinə baxanda, yaşadığım sosiumun üzvlərinə eyni zamanda həm nifrət, həm də məhəbbət bəsləyəcəm. Bəzən xəyallarımda onların qayğısına qalacam, bəzənsə top atəşinə tutacam. Yox ağlıma gəlməzdi ki, nə vaxtsa həmin insanların övladları ilə birlikdə hansısa dağın başında vətən keşiyində olacam və həmin insanlar da mənim valideynlərimin yaşadığı binaya baxıb eyni hissi bölüşəcəklər. Mənim içimdə isə uzaqlarda olanda bəzi populyar hisslər öz əcəli ilə ölməyəcək, intihar edəcək. 

Ağlıma belə gəlməzdi ki, pəncərədən göyə baxanda uşaqkən səmimi qəlbdən, hərarətini hiss edərək inandığıma qarşı xəyanət edəcəm və onu özümdən uzaqlaşdıracam. Əvəzinə isə çətin bir səyahətə başlayacam. Gecənin qaranlığında göyə baxanda "Andromeda dumanlığı" qalaktikasını görməyi bacaracam və bəşəriyyətin hələ əlaqə yaratmadığı sivilizasiyalar haqqında xəyallar quracam.

Ağlıma belə gəlməzdi ki, mən nə vaxtsa pəncərədən baxıb var olmağın, varlığın necə də ağır bir yük olduğunu anlayacam, kədərlənəcəm.

Ağlıma belə gəlməzdi ki, pəncərədən baxarkən şəhərin o qəribə uğultsunu eşidəcəm və sarsılacam. Əslində şəhərin canlı varlıq olduğunu və müstəqil şüurunun olduğunu başa düşəcəm. Canlı varlıq kimi çox qorxulu olduğunu və insanlara qarşı qəddar olduğunu öyrənəcəm. Qanla qidalandığını görəcəm. Amma heç kimə deməyəcəm. 

Ağlıma belə gəlməzdi ki, mən səhər tezdən pəncərədən baxarkən ora-bura tələsən insanlardan birisinə çevrilib qayğılar içində mənzili bilinməyən istiqamətdə tələsəcəm. Heç bir şeyə vaxt çatdırmayacam və qara dəlik kimi bütün aqressiyanı özümə toplayıb insan təbiətinə və cəmiyyətinə lənətlər oxuyacam.

Elə yenə həmin pəncərədən baxanda ağlıma da gələ bilməzdi ki, mən nəyisə dəyişdirmək, nəyisə yaxşılaşdırmaq haqqında düşünəcəm. Bu haqda o qədər çox düşünəcəm ki, nəticədə utopiyalara aşiq olub özümü romantik adlandıracam. Ali cəmiyyət anlayışı ilə özümü ovunduracam və özümü cari cəmiyyətlərə yadlaşdıracam. 

Ağlıma belə gəlməzdi ki, içimdə bu qədər təzadı barındıracam. Həmin təzadların tikanları içimi didib dağıdıb qanadacaq və mən ağrıyacam. Niyə özümüzü bu dərəcədə çox yorduğumuz haqqında düşünəcəm. Çirkinliyin və şərin niyə var olduğunu, niyə belə düşündüyüm haqqında hələ deyəsən çox baş yoracam. 

Ağlıma belə gəlməzdi ki, mən bütün bunları yazacam.

Ən əsası isə, ağlıma belə gəlməzdi ki, gecənin bir yarısı nə vaxtsa tərtəmiz uşaq gözlərimlə çölə baxdığım həmin o pəncərədən baxmaq istəyəndə özümü görəcəm. Bu dünyanın sadəcə zavallı məndən ibarət olduğunu və artıq gecə olduğunu başa düşəcəm. Tək-tük maşın səslərinin necə də gözəl olduğunu və sakitləşdirdiyini düşünəcəm. İnanın ki, bütün bunlar heç vaxt ağlıma belə gəlməzdi. 

25.03.15 - Bakı

Comments

  1. Çox gözəl yazıdı,həqiqətən.Çox bəyəndinəm.Əhsən sizə

    ReplyDelete
    Replies
    1. Təşəkkürlər Şəhla xanım. Diqqətinizə görə minnətdaram. Hörmətlə.

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Kamal Abdulla - Sehrbazlar dərəsi

Monten - Təcrübələr