Masqaraçı quşunu öldürmək


Filmin ingilis dilində adı: To Kill a Mockingbird

Filmin rus dilində adı: Убить пересмешника

Masqaraçı quşu ən zərərsiz quşdur. O bizim şadlığımız üçün oxuyur. Masqaraçı quşları bağlarda giləmeyvələri dimdikləmirlər, anbarlarda yuva qurmurlar, onlar sadəcə bizlər üçün mahnı oxuyurlar. Bax ona görə də masqaraçı quşunu öldürmək günahdır. - Harper Li - Masqaraçı quşunu öldürmək. 


Alabamalı hüquqşünas Atikus iki övladını anasız böyüdür. Yaşadığı "Cənub" regionunda irqi problemlər səngimək bilmir. Fanatizm və nifrətlə dəstəklənən böyük iqtisadi böhran illərində, müdrik, mülayim, təmkinli nitqə sahib və yüksək səviyyədə ədalı hüquqşünas, ağ qadına qarşı zorakılıqda təqsirləndirilən zəncini tamamilə yalançı ittihamlardan qorumalıdır. Atikusun övladları məhz bu məhkəmə ilə əvvəllər bilmədikləri, görmədiklərini öyrənəcəklər.

Bu hekayə iki uşağın öz fantaziyalarından, xeyirxahlıq, şər, mərhəmət, ədalət və qeyri-bərabərlik kimi anlayışların formalaşdığı "böyüklərin dünyası"na keçidi haqqındadır. 

Bizlərdən hər birimiz üçün böyümək adlanan o çox arzulanan proses həmişə vaciblik təşkil edib. Biz böyüklərə baxıb onları ideal, cəsarətli görmüşük. Onlar bizim qəhrəmanlarımız, sığınacaq yerimiz olublar. Əslində isə uşaq olarkən biz özümüz idealıq. Böyüdükcə böyüklərin bizə qoyub getdiyi dünya bizi kirlətməkdən başqa heç nə etmir. Zamanla bütün bəşəri şər öz varlığı ilə qəlbimizə yerləşib masqaraçı quşunu öldürür. Əsas qayda da məhz o idi ki, masqaraçı quşunu öldürməyəsən. Masqaraçı quşunu öldürmək böyük günahdır. Çünki masqaraçı quşu sadəcə canlı deyil, o bizim ruh halımız, təmizliyimiz və insaniliyimizdir. Monolit sosial mövhumatlar isə daima daxilimizdəki humanizmi - masqaraçı quşunu öldürür. Filmdə hadisələrin cərəyan etdiyi sosiumun necə də stereotipli və küt olduğunu biz bir neçə dəfə müxtəlif epizodlar vasitəsiylə şahidi oluruq. 

 “Qızım, dediyimi yadda saxlasan həmişə insanlarla daha yaxşı dil tapa bilərsən: əgər özünü qarşındakının yerinə qoyub məsələyə həm də onun mövqeyindən baxmasan onu heç vaxt yetərincə başa düşə bilməyəcəksən..” 

Atikus Finç obrazı aktyor Qreqori Pek (Gregory Peck) tərəfindən ideal canlandırılmışdır. Bu obrazın simsasına bir dəfə baxmaq kifayət edir ki, biz qarşımızda çox güclü şəxsiyyətin olduğunu başa düşək. O, haqq-ədalət keşikçisi və müdrik insandır. Atikusun üzünə tüpürülən anda izləyicinin ruhu sarsılmalıdır. Atikus insan ideallarının canlı formada olan təzahürüdür. Onun çiyinlərində həmişə belə insanları daşıya biləcəyi, lakin kütlənin anlayamadığı yüklər olur. Hələ neçə-neçə Atikor Finç kimi insanlar haqq-ədalət haqqında düşünərək və danışaraq ağır qurbanlar verməli olacaqlar. Onun övladları ilə söhbəti, üsniyyəti, ətrafdakı insanlara qarşı hörməti və anlayışı məni heyran etdi. Filmin bizlərə təqdim etdiyi ən əsas dəyər Atikus obrazıdır. Bu obraz nümunədir. 

Qarşımızda bir neçə janrın kəsişməsi var: dedektiv, ailə dramı, fəlsəfi dram. Uşaqlar üçün olmayan uşaq filmi. İrqi problemlər, satqınlıq, əclaflıq kimi motivlər filmin auditoriyasını böyüklər üçün olduğunu aşıq-aşkar göstərir. Heç bir əlavə maska və bəzəksiz rejissor (Robert Myulliqan) uşaq dünyası vasitəsiylə böyüklərin aləmini göstərir. Filmin ilk dəqiqələrindən nə isə qeyri-adi bir şeylə qarşılaşdığımızın və irəlidə üzərində düşünməli olacağımız çox şeyin olduğu hissinə qapılmışdım. Bu filmdə səmimilik və istilik var. Eyni zamanda filmin adı filmdə tamamilə özünü sübut edir ki, bu da mənim üçün çox böyük əhəniyyət kəsb edir. 

Film 1963-cü ildə “Ən yaxşı kişi rolu” “Ən yaxşı uyğunlaşdırılmış ssenari” və “Ən yaxşı rəssam işi” nominasiyaları üzrə Oskar laureatı olur. 

P.S. Obrazları bir-bir təhlil etməklə kifayət qədər uzun yazı yazmaq mükündür, lakin film ümumi resenziya xarakterlidir və xırdalıqlarına qədər təhlil olunmaqla özümüzü yormamalıyıq. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Kamal Abdulla - Sehrbazlar dərəsi

Monten - Təcrübələr