Nişangahdakı ruhumuz

Müəyyən müddətdən sonra insanın simasında uşaq yaşlarından bəri mövcud olan ilahi parıltı yoxa çıxır. Çünki bizi öldürürlər. Hərbi təlimlərdəki kimi ruhumuzu nişangah hesab edib ona odlu silahlarla çoxlu atəş açırlar və güllələr hədəfə dəyir. Bəs yaxşı bizi öldürmək istəyənlər kimlərdirlər? Nə istəyirlər? Əgər ölmüşüksə, dirilə bilərikmi? 

Atəş açanlar sırasında bizim özümüz də varıq. İnsan ruhunu qaranlıq və üfunətli həbsxanada həbs etməyə, hansısa dərinlikdə qazıb gizlətməyə meyillidir. Özümüzlə tək qalmaqdan imtina etdiyimiz gündən etibarən ruhumuzun səsini və müstəqil düşüncəmizi kənar təhriklər üzündən özümüzə yadlaşdırdıq. 

Mənim üçün bir çox anlayışlar əhəmiyyətini itirsə də, həmişə beynimdə ilişib qalan və mən tərəfdən kor-koranə inama məruz qalan ruh anlayışına qarşı biganə qala bilmirəm. Mənə elə gəlir ki, ruh bizim hər birimizdə eynidir. Müəllimdə və şagirddə, cinayətkarda və zərərçəkəndə, müdirdə və işçidə, qulda və quldarda da eynidi, fərqli deyil. İçinə bütün kainat sığışan bu əbədi enerjiyə qulaq versək, onun hər şeyi bildiyini və bizim xoşbəxtliyimizi istədiyini eşidə bilərik. Biz onun fərqindəyik, amma eşitmirik. Biz onu tanıyırıq, amma tez-tez unuduruq. Mən onun varlığını hiss edən kimi bədənimim çəkisi tonlarla ölçülür. Onu hiss edən kimi məsafə anlayışı əhəmiyyətini itirərək, nə isə çox çox uzaqlardakı hərarəti mənə yaxınlaşdırır. Bəs yaxşı niyə bizi əhatələyən təhsil, səhiyyə, iqtisadiyyat və digər sistemlər bizim ruhumuzu hədəf seçiblər? Çünki nə vaxtsa onların özlərini də öldürdülər. Bu yolxucu xəstəlik kimi yayıldı. Kimsə nə vaxtsa möhkəm xəstələnib və irsi xarakter alaraq böyük və xəstə nəsil yetişib. Buna baxmayaraq azacıq cəhd və biz ruhumuzu yenidən kəşf edə bilərik. Biz unutmamalıyıq ki, əbədiyyət qanadlarında ruhumuz bədənimizi axtarıb tapıb. Zaman məkan kəsişməsində də biz onu axtarıb tapmalıyıq. 

Bizi əhatə edən yalanlar və saxtakarlıqlar kimi güllələr ruhumuzu gündən günə daha da çox yaralaya bilər. Bizə atəş edənlərin hərbi arsenalı kifayət qədər zəngindir. Lakin diqqətlə fikir versək, əslində ruhumuzun nişangah olmadığını görərik. Ruhumuzu sadəcə nişangahın qarşısına qoyublar. Bir kəsin başındakı almanı nişan alan oxatanı xatırlayıram, amma bizim vəziyyətimizdə atılan oxlar həmin şəxsin üzünü tanınmaz hala salıb. Alma isə bütöv halda yerdə ora-bura diyirlənir. Bu qırmızı almaya iştahla baxıram.

Mən tanımadığım insanlarla birlikdə hərbi formada və hərbi təlimdə nişangaha doğru atəş açıram. Yerə düşən gilizlər və atəş səsləri qulağımı tutmuşdu. Qəribə cingilti getdikcə artırdı. Uzun müddətdən sonra kimsə hərarətlə bağırdı: Əla! Biz onu məhv etdik! Özümü pis hiss etdim. Az qalsın yıxılacaqdım. Ağlamaq istədim. Üzərindən çox az keçmişdi ki hamının əlindəki silah yerə düşdü, o cümlədən mənimki də. Qəribə ağrı hissi sifətləri turşutdu. Kimlərsə əridi, kimlərsə toza döndü, kimlərsə isə sadəcə buxarlandı. Nişangaha doğru baxanda oradan üzümə düşən işıq selini gördüm. Qəribə hərarət heç nəyə bənzəmirdi. Biz onunla qovuşduq və mən göylərə ucaldım...

31.03.2015, Bakı, otağım. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Kamal Abdulla - Sehrbazlar dərəsi

Monten - Təcrübələr