Yevgeniy Zamyatin - Biz - 1-ci hissə
Yevgeni Zamyatinin antiutopiya janrının banisi olub olmadığı ilə əlaqədar kifayət qədər çox mübahisə və müzakirələr olsa da, "Biz" əsərinin klassik antiutopiya olduğu ilə əlaqədar şübhə etməmək lazımdır. Yazıçının özü nə dərəcədə "antiutopiya" janrının əsasını qoyduğunu bilirdi? O, özü, əsərini maşınlı cəmiyyəti, kollektiv şüuru - şüursuzluğu və insanın doymayan istəklərini tənqid etmək üçün yazdığını deyiridi. Nəzərə almaq lazımdır ki, əsər 1917-1920-ci illərdə, Ruisyanın ən qeyri-sabit illərində yazılıb. Həmin dövrdə Zamyatinin peyğəmbərliklərinin mənbəyi ilə əlaqədar müəyyən təsəvvürlərə gəlmək olduqca maraqlıdır. Çünki Zamyatinin dedikləri artıq müasir cəmiyyətimizdə kifayət qədər reallaşıb. Xüsusilə də rəqəmlərlə insaların vəhdətləşməsi məsələsi. Əgər Zamyatin "Biz" əsərində rəqəmləri insanların adında və bədənində istifadə edirdisə, müasir insalar və yazıçılar rəqəmlərlə daha da dərin səviyyədə mübarizə aparırlar.
Əsər nə dərəcədə anti-sovet keyfiyyətindədir? Çünki qeyd etdiyim kimi Zamyatin "Biz" əsərini 1917-1920-ci illərdə yazıb və o, SSRİ-nın qurulma prosesini diqqətlə izləyirdi. Həm izləyirdi, həm də nəticələr çıxarırdı. "Biz" əsərini anti-sovet mətni kimi qəbul edə bilərik. Romandakı vahid dövlət və totalitarizm fəlsəfəsi və ideyaları mahiyyət baxımından sovet hökümətinin kökündə yatan ideyalarla eynilik təşkil edirdi. Bu olduqca maraqlı məqamdır. Eyni zamanda bəzi inqilabçılar Zamyatini onları çox tez tənqid etməyə başladığını da qeyd edirdilər.
Biz Zamyatinin dünyasını əsərin baş qəhrəmanı olan D-503 adlı obrazla tanımağa çalışırıq. Hər şeydən öncə onu qeyd etmək yerinə düşərdi ki, yazıçı D-503-ün fikirlərini silopsizm fonunda təqdim edir. Yəni individual şüurun yeganə və mütləq həqiqət olduğu subyektiv idealizm müstəvisində. Bu ifrat eqosentrizm kimi də qiymətləndirilə bilər. D-503 idealları olan, vahid dövlətə sadiq, vahid dövlətin nəaliyyətləri ilə fəxr edən nümunəvi fərddir. O, İNTEQRAL adlı maşının tikintisində iştirak edir. İnteqral isə bütün kainatı fəth etməyə göndəriləcək olan qurğudur. Nəticədə insan qeyri-müəyyənliyi məğlub edəcək və allahlıq dərəcəsinə yüksələcək: 120 gündən sonra İNTEQRAL-ın tikintisi başa çatacaq. İlk İNTEQRALIN fəzaya daxil olacağı gün yaxındadır. Min il bundan öncə sizlərin qəhrəman əcdadlarınız vahid dövlətin hakimiyyətini bütün dünyada bərqərar etdilər. Sizlərin üzərinə isə daha da məşəqqətli addımlar atmaq şərəfi düşüb: şüşəli, elektrikli və alovpüskürən İNTEQRALLA kainatın sonsuz tənliyini inteqrasiya etmək. Sizlər başqa planetdə yaşayan və ola bilsin ki hələ azadlığın vəhşi formasında yaşayan canlıları xeyirxah şüura tabe etməli olacaqsınız. Əgər onlar bizim riyazi xoşbəxtlik gətirdiyimizi başa düşməsələr, onları xoşbəxt olmaq üşün məcbur edəcəyik. Silahdan əvvəl biz sözləri sınaqdan keçirəcəyik.
Müxtəlif oxucular üçün romanın kuliminasiya nöqtəsi müxtəlif yerlərdə ola bilər. "Mən həmin doğma insana doğru atıldım, yuxusuzluq, yuxularım, kölgələr və sarı dünya haqqında danışdım.
- Sizin vəziyyətiniz ağırdır. Belə görsənir ki, sizdə ruh yaranıb.
Ruh? Bu ki qəribə, qədim və çoxdan unudulmuş sözdür. Biz hərdən "qəlb qəlbə", "layqeydlik" və "qəlbsındıran" kimi sözlər istifadə edirdik, amma "qəlb"...
- Bu çox təhlükəlidir dedim.
- Müalicəsi yoxdur."
Yuxarıdakı kiçik dialoq romanın pikidir. Belə ki, uzun müddət sistem tərəfindən uyuşdurulan cəmiyyət üzvlərindən bəzilərində hərdən "ruhun yaranışı" və "fantaziya" kimi teylorsayağı xoşbəxtliyi təhdidləyən xəstəliklər yaranır və çox güman ki, belə üzvlər kənarlaşdırılır. Müəyyən qədər "ruh" terminini qəbul etmək çətindir. Yazıçı burada mənəvi dünyanın kəşfini və oyanışını simvolizə etmək istəyib. D-503 bunu düşüncələrinin gücü ilə etmir. O, ruhunu əks cinsin köməkliyi ilə oyadır. Bu müxtəlif qeyri-adi sevgi macəraları, intim münasibətlər və hallüsinogen vəziyyətlərdən sonra olur. Əvvəllər D-503 üçün mən anlayışı yox idisə, sonradan o, dəhşətli dərəcədə eqoist birisinə çevrilir. Əgər o, əvvəllər sadəcə "Biz" termini ilə yaşayırdısa, sonradan "mən" anlayışı onun bütün varlığını sardı. D-503 çox qəribə tranformasiyalar keçirdi. İnqilabçı oldu və sistemin rəhbəri ilə dialoq yaratdı. Daha sonra isə illüziyaların fərqinə vardı. Sistemə geri döndü və "şüur"-un qələbəsinə inanmağa davam etdi.
D-503-ün ruhunun yaranması sistemə qarşı etirazedici xüsusiyyətlərin yaranması ilə eynilik təşkil edir. Burada çox maraqlı məqamlar ortaya çıxır: əslində sistemlərə qarşı etirazlar yarananda, onun ideallığına şübhələr formalaşanda, sistemlərin bütün qanun və qaydaları, normaları və təşkilatçılıqları öz dəyərini itirir. Zamyatinin təsvir etdiyi dünyada da məhz belə bir məsələ aktuallıq təşkil edir. Sistem - Vahid Dövlət, üzvlərinin fantaziyalarından dəhşətli dərəcədə qorxurdu. Çünki fantaziyalar sistemin üzvlərini necə istismar edib ona yalanlar dediyini üzə çıxara biləcək gücə sahib idi. Ona görə də sistem fantaziyanın "düşmən"-i olan məntiqi silah kimi istifadə edir. İnsanlaa riyazi xoşbəxtlik təqdim edir və onları istədiyi kimi idarə edir.
D-503-ün qul olmağa qarşı olan qəribə sevgisi məni ilk səhifələrdən etibarən cəlb etmişdi. O, azadlığın ağır yük və böyük məsuliyyət olduğunu dəfələrlə qeyd edirdi. Azadlıq məsələsinin lazımsız olduğunu və hər şeyin əvvəlcədən ölçülüb biçilərək kimlərsə tərəfindən müəyyən olunmalı olduğunu qeyd edir.
Azadlıq və seksizmdən sonra təhlil üçün nəzərə çarpan ən əsas bir digər məqam totalitarizmdir. Roman totalitarizmin insana onun maddi ehtiyacları vasitəsiylə necə yaxınlaşdığını və onu kölə halına saldığı gözəl təsvir olunub. Artıq bir dəfə ehtiyaclarının ödənildiyini görən insanda sistemə qarşı inam yaranır. Əgər sistem bunu bütün üzvlərinə qarşı edirsə və hər şeyi planlaşdırıb şəxsi həyatı məhv edirsə, totalitarizm bərqərar olmuşdur deməkdir.
"Dumanlı Andromeda" və "Cəsur Yeni Dünya" əsərlərindəki kimi "Biz" əsərində də vəhşi dünya hələ də mövcudluğunu qoruyur. Süni cəmiyyət vəhşi cəmiyyətdən özünü yaratdığı "yaşıl divar"la ayırıb. Əksər antiutopiya müəllifləri bu məqama xüsusilə müraciət edirlər və əsərlərində yer ayırırlar. "Biz"-də divarın bəşər övladının kəşf etdiyi ən dahiyanə kəşf olduğu deyilir. Digər bir nəticə isə ondan ibarətdir ki, vəhşilik və sünilik əslində hər bir müasir insanın daxilində öz varlığını qoruyub saxlayır - instinktlər və şüur (mədəniyyət, əxlaq və s.).
P.S. Digər antiutopiya janrında olan əsərlər haqqında yazdığım şərhləri (resenziyaları) oxumaq üçün aşağıdakı "antiutopiya" keçidinin üzərinə vuraraq keçid əldə edə bilərsiniz.
Yevgeniy Zamyatin - Biz - 2-ci hissə
Comments
Post a Comment