Mo Yan - Şərab ölkəsi

Kitabın ingilis dilində adı: Mo Yan - The Republic of Wine
Kitabın rus dilində adı: Мо Янь - Страна вина      
                

                                   Süjet və ümumi ab-hava 


Çin. Ötən əsrin 90-cı illərinin əvvəlləri. Çzyüqo adlı şəhərə dedektiv Din Qouer təşrif buyurur ki, yayılmış bəzi xəbərlərin doğru olub olmadığını araşdırsın. Belə ki, deyilənə görə yerli məmurlar aşbazlara balaca uşaqları bişirtdirərək yeyirlər. Bununla əlaqədar Çzyüqoda artıq "ətlik körpə" sənayesi əməlli başlı inkişaf etməkdədir. Din Qouerlə paralel olaraq yazıçı Mo Yan Çzyüqonun yerli yazıçısı və şərabçı Li İdou adlı bir nəfərlə yazışır. Li İdou da öz növbəsində yazıçıya poçt vasitəsiylə Mo Yanın personajı olan Din Qouerlə əlaqəli, lakin reallığı qeyri-müəyyən, absurd və mistik olan müxtəlif kiçikhəcmli hekayələr göndərir. Nəticədə romanda müxtəlif maraqlı obrazlar və hadisələr yaranır. 


Romanda ifrat dərəcədə yemək, şərab içmək və bütün bunları icra etmək üçün sərf olunan qəddarlıqdan bəhs olunur. Bütün bunların vəhdəti bizə absurd və hallüsinasiyalı əbədiyyət təqdim edir. Bu elə bir əbədiyyətdir ki, hər dəqiqə müxtəlif obrazlar yaranır və məhv olur. Hər şey sehrli folklor, romantik inqilab, mistik maostizm fonunda baş verir. Romanı satirik adlandırmaq mümkündür, lakin bu satira Qoqolun və Pelevinin satirasından fərqli olub, göz yaşları ilə gülmək kimi üslubda deyil. Ümumiyyətlə isə onu qeyd etmək lazımdır ki, Mo Yanın "Şərab ölkəsi"ndə yaratdığı kimi ədəbi konstruksiya yaradıb sona qədər onun tamlığımı qorumaq çox böyük istedad və bacarıq tələb edir. Reallıqla illzüziyalar, fantaziyalar aləminin bir-birinə qarışması və harmoniyaya daxil olması heç də hər yazıçının bacara biləcəyi bir şey deyil. 


Yazıçı Mo Yan haqqında


Daha çox Mo Yan təxəllüsü ilə tanınan çinli yazıçı Guan Moye (sadələşdirilmiş Çin dilində: 管谟业; ənənəvi Çin dilində: 管謨業; pinyin yazı metodu ilə: Guǎn Móyè; doğum tarixi: 17 fevral 1955-ci il) roman və kiçik hekayələr müəllifidir. ABŞ-da nəşr olunan məşhur "TIME" jurnalında yazdığı məqaləsində Donald Morrison yazıçını “Çinin ən məşhur, əsərləri tez-tez qadağan edilən və kitabları piratçıların hədəfi olan yazıçılarından biri” adlandırmış, Cim Leç (Jim Leach) isə onu Çinin Frans Kafkası və ya Cozef Helleri hesab etmişdir. Qərbli oxucular Mo Yanı daha sonralar əsasında “Qırmızı kalış” (“Red Sorghum”) filmi çəkilmiş “Qırmızı kalış” və “Kalış şərabı” romanlarından tanıyırlar. 

Çin dilində “Danışma!” mənasının verən “Mo Yan” yazıçının təxəllüsüdür. ABŞ-ın Bəşəriyyətə Mili Dəstək qurumunun (National Endowment for the Humanities) sədri Cim Leç ilə müsahibə zamanı o bildirmişdi ki, bu ad 1950-ci illərdə Çindəki inqilabi-siyasi vəziyyətlə bağlı olaraq, ata-anasının ona düşüncələrini cəmiyyətdə danışmamaqla bağlı xəbərdarlığı ilə əlaqədardır. Bu təxəllüs eyni zamanda Mo Yanın Çinin siyasi və seksual tarixinin yeni şərhini verən əsərlərinin ana xətti ilə bağlıdır.

Mo Yanın əsərləri əsasən sosial şərh xarakteri daşıyır və o, Lu Xunun sosial realizmi və Qabriel Qarsiya Markesin sehrli realizmindən güclü şəkildə təsirlənmişdir. Ənənəvi Çin ədəbiyyatı baxımından isə yazıçı Uater Marginin xalq ədəbiyyatına əsaslanan klassik epik romanından təsirlənmişdir. Mo Yan eyni zamanda “Qərbə Səyahət” və “Qırmızı palatanın yuxusu” əsərlərinin də onda təsir yaratdığını qeyd edir.  Xarici əsərlərin tərcümələrini oxuyan Mo Yan dünya ədəbiyyatını oxumağı güclü şəkildə təbliğ edir. 2009-cu ildə Frankfurt Kitab Yarmarkasının açılışı zamanı o, öz nitqində Hötenin “dünya ədəbiyyatı” ideyasını müzakirə edərək bildirirdi ki, “ədəbiyyat ölkələri və xalqları ayıran sərhədlərə qalib gələ bilər”. Mo Yanın əsərləri “hallüsinasiyalı” realizmlə xarakterizə olunan və “qara yumor”dan ibarət tarixi epik romanlardır. İdeologiyanın təsirinə baxmayaraq onun əsərlərinin əsas mövzusunu insanın acgöz və satqın xarakterinin tükənməzliyi təşkil edir. (Daha ətraflı: vikipedia/Mo Yan)


Üslub


Ümumi olaraq roman iki yazıçı arasında olan yazışmanı nümayiş etdirir. "Li" çin dilində 10 litrlik deməkdir. Bu baxımdan əslində Li İdou yazıçı Mo Yan tərəfindən uydurulmuş insan obrazı deyil, əslində şərabın özüdür. Başqa sözlə, yazıçı əslində şərabla danışır. Romanın sonlarına doğru yazıçı özünü də romanın personajı kimi romana daxil edir və beləliklə də biz əslində romanın yazılış üslubu haqqında daha dolğun təsəvvürlərə yiyələnirik. 

Roman şəraba olan eşqdən ilhamlanan insanın məhsuludur. O, şərabı o qədər çox sevir ki, onun təfəkkürünün bir hissəsinə çevirərək, onun haqqında hər şeyi öyrənərək, roman vasitəsiylə obraz miqyasınadək kiçildərək müəyyən yaradıcıllıq nümunəsi ortaya qoymuşdur. Bu nümunə öz növbəsinə inqilabi romantizm və inqilabi realizm kimi dəyərləndirilər bilər. Əslində konkret janr baxımından tam və dolğun fikir söyləmək mümkün deyil. 

Din Qouer isə bir obraz kimi təmiz ideologiyanın hakim olduğu ölkənin vicdanlı, təmiz və şəffaf üzvü - işçisidir. Din Qouer obrazı mükəmməl deyil. Doğrudur o, insan təbiətinin zəifliklərinə sahib olsa da, tərkib hissəsi olduğu sistemə sadiqdir və vəzifəsinin öhdəsindən layiqincə gələcək, amma sistemin özü elə onu ləkələmək qərarına gəlir. Yazıçı bu ssenari ilə satirik fikirlərini ortaya qoyur. Ümumiyyətlə "Şərab ölkəsi" adı çox simvolikdir. Yazıçı əslində birbaşa Çin haqqında yazır. 


                                              Nobel mükafatı


Hər şey romanın strukturundan və süjet xəttinin açılış tərzindən asılıdır. Süjetin özü hər nə qədər orijinal olursa da olsun, yenə də hər şey ideyanın çatdırılmasından asılıdır. 1901-ci ildən etibarən verilməyə başlanan "Ədəbiyyat Üzrə Nobel Mükafatı" yazıçılara və ədəbiyyatşünaslara onların istedad və bacarıqlarını ədəbi sahədə yüksək səviyyədə təzahür etdirə bilmək bacarığına görə verilir. 

"Şərab ölkəsi" absurdluq prizmasından reallıqları göstərir. Bu sadəcə müasir Çin reallıqları deyil, bu ümumbəşəri reallıqlardır. "Şərab ölkəsi"ni hərfi mənada başa düşmək mümkünsüzdür. Çünki hər bir sözün və cümlənin öz hökmü var. 

Çin


Əsərdən sonra Çin haqqında necə də az bildiyimizi başa düşdüm. Çin qədim və güclü mədəniyyətə sahib ölkədir. Uzun illərdir ki, Çin fəlsəfəsi, ədəbiyyatı və elmi onlar üçün sağlam addımların əsasını təşkil edir. Son dövrlərdə də dünya ölkələri arasında lider mövqeyinə çatması heç də təsadüf deyil. 

"Şərab ölkəsi" bizə Çini fərqli yöndən, xalq folkloru yönündən tanıdır. "Onun nağılları və müasir həyatı birləşdirən ağlasığmaz reallığına görə" Nobel mükafatı alan Mo Yan bizlərə Çinin timsalında hər hansısa ölkənin, mədəniyyətini və ya sivilizasiyasını necə dərk edə biləcəyimizi göstərdi. Ədəbiyyat sahəsində bu həddindən artıq böyük kəşfdir. 

Ümumiyyətlə şərq ədəbiyyatı özündə mifik poetizm, çoxşaxəlilik, simvolizm, romantika və s. kimi xüsusiyyətləri ehtiva edir. Şərqin timsalında Asiya qitəsi dünyaya bir çox görkəmli yazıçı, şair, filosof, dramaturq və esseistlər bəxş edib. Çin ədəbiyyatı da bu sıraya daxildir və çox maraqlı bir məqamı aydınlaşdrımağa ehtiyac var: dünya üzrə ədəbiyyat və kinematoqrafiya üçün iyirminci əsr çox yaddaqalan olmuşdur, lakin Çin ədəbiyyatında hər şey fərqli yöndə inkişaf edib. Ölkənin siyasi prosesləri müxtəlif istedadlı və bacarıqlı ağılları tamamilə yeni tərzə - özlərinin və ətraf-aləmin yeni, mifik və simvolik obrazlarını yaratmağa məcbur edib. Belə olduqda müxtəlif prosesləri və şəxsləri daha rahat tənqid və ifşa etmək mümkündür. Bu baxımdan postmodernizm Çində tam fərqli məcrada axmağa başladı, lakin öz tövhələrini unikal tərzdə təqdim etməyə müvəffəq oldu. Belə ki, Mo Yan miflərlə tarixi və müasir cəmiyyəti birləşdirən hallusinasiyalı realizm janrının əsasını qoydu. Bu Qabriel Qarsia Markezin magik realizmi kimi deyil. "Şərab ölkəsi" bir neçə qatdan ibarət olub, yalnız dərinliyinə getdikdə öz gözəlliyini göstərən əsərdir. 


Romandan seçmələr



  • Yaxşı buraxın onu. Bir daha təkrar edirəm: ata danışanda uşaqlar sözünü kəməməlidir. Niyə görə onlar balaca uşaqları yeyirlər? Hər şey çox sadədir: ona görə ki onlar, inəklər, qoyunlar, donuzlar, itlər, qatırlar, dovşanlar, toyuqlar, ördəklər, göyərçinlər, eşşəklər, dəvələr, atlar, kirpilər, sərçələr, qaranquşlar, vəhşi və ev qazları, pişiklər, siçovullar, safsarlar və vaşaqlardan doyublar və ona görə də onlar uşaq yeməyə başlayıblar. Bizim ətimiz mal ətindən daha yumşaq, qoyun ətindən daha dadlı, donuz ətindən daha ətirli, it ətindən daha yağlı, qatır ətindən daha yumşaq, dovşan ətindən daha bərk, toyuq ətindən daha hamar, ördək ətindən daha dəyərli, göyərçin ətindən daha sadə, eşşək ətindən daha canlı, dəvə ətindən daha delikat, at ətindən daha elastik, kirpi ətindən daha mükəmməl, sərçə ətindən daha səviyyəli, qaranquş ətindən daha dadlı, onun tamında ev qazlarının ətindəki kimi jmıx dadı yoxdur, pişik ətindən daha ciddi, siçovul ətindən daha qidalı, safsarın əti kimi üfünətli deyil, həm də vaşaq kimi nadir tapılan deyil. Bizim ətimiz insanlarda ən dadlı ət sayılır.
  • Nə vaxt ki, ətrafdakıların hamısı nəyisə yaxşı kimi dəyərləndirirlər, heç kimin cəsarəti çatmaz ki, həmin şeyin yaxşı olmadığını desin. Kütlənin tərcihlərində möhtəşəm güc və hakimiyyət gizlənir. 
  • Əgər bu dünyada nədənsə qorxmaq lazımdırsa, o zaman bu iki sözdən qorxmaq lazımdır: "ciddiyə almaq". Hər şeyi ciddiyə alan bir kəs uğursuzluğa məhkumdur.
  • Biz özümüzü gözəlliyəvə yalnızca gözəlliyə istiqamətləndiririk. Əgər gözəllik yaradılmayıbsa, o zaman o həqiqi deyil. Mükəmməllikdən yaradılan gözəllik də həqiqi deyil. Həqiqi gözəllik eybəcərliyin dəyişdirilməsi nəticəsində yaranır. 
  • Şərabın mahiyyəti uçuşun dərk edilməsidir.
  • Şərab azadlıq sferasıdır.

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi