Hara tələsirik?
Bakının timsalında şəhər həyatının necə də dinamik olduğunu müşahidə edirəm və heç də ürəyim açılmır. Heç nə etməsək belə, həmişə harasa tələsir və şəhər dinamizminin içində itib batırıq. Qəribə yarış və status hərisliyi zaman anlayışını elə didib dağıdır ki, onu ancaq rəqəmlərdə görüb, sadəcə nostalgiya çərçivəsinədək cılızlaşdırırıq. Halbuki, dünyanın hər hansısa yerində, təsadüfi kəndində sadə bir kəndçi tələsmədən ev təsərrüfatının idarəçiliyi ilə məşğul olur: heyvanların yemləyir, bağ-bağatına əl gəzdirir, əkin əkir və s. Onun üçün zaman daha canlı və hiss edilən anlayışdır. O, hər gün qulaqcıqdakı rəqəmsal musiqini deyil, təbiəti dinləyir. O, qaz sobasının istisinə deyil, yaz vaxtı nəm çır-çırpının hikkəli alovuna qızınır. O, sosial şəbəkələrdə deyil, canlı insanlarla ünsiyyət qurur. O, film deyil, ulduzlu səmanı izləyir. O, sadəcə yaşayır. Şəhər insanı üçünsə zaman sadəcə mexanizmdir və plandakı məqsədlərə çatmaqda əsas meyardır.
Sakitləşməyə, səmimiliyə, təmizliyə ehtiyac böyükdür. İnsan öz təbiətini təbiətdən uzaq öyrənə bilməz. Sakitləşmədən, tələsməkdən can qurtarmadan, ehtirasdan azad olmadan biz daima ac qalacağıq.
Sanki, ruhumda qara dəlik var. Hər şey onun içində yox olur, heçliyə çevrilir. O böyüyür və güc qazanır. Boşluğun içində tələsməkdən mənasız nə var?
Eynşteyn Nisbilik nəzəriyyəsi yaratdı ifadəsi doğru deyil, o sadəcə kəşf edib bunu, Yaradıcı olan Allahdır
ReplyDelete