Arkadiy və Boris Struqatskiy qardaşları - Dünyanın sonuna milyard il qalmış
Kitabın rus dilində adı: Аркадий Стругацкий, Борис Стругацкий - За миллиард лет до конца света
Təqdimat

Tipik sovet evində, tipik sovet ab-havasında kainatı narahat edən mövzularla məşğul olan insanın (insanların) mövcudluğu və onların başlarına gələn əhvalatlar. İnsan təfəkkürünün sərhəd tanımaması və möhtəşəm kəşflər...
Süjet
Struqatskiy qardaşları
"Səkidə piknik" (Пикник на обочине) əsəri ilə mən Struqatskiy qardaşlarını tanımağa başladım. Qardaşlar dövrünün ən öndəgedən fantast-yazarlarından hesab olunurdular. Onların dəsti-xətti fərqlənirdi. Belə ki, onlar sadəcə macəra və ya kosmologiyadan istifadə edərək nə isə maraqlı şeylər yazmırdılar. Onlar fantastika janrının imkanlarından istifadə edərək çox ciddi fəlsəfi-etik, elmi-əxlaqi mühakimələr yürüdürdülər. Bu artıq nə isə ciddi bir şey idi. Çünki onlara qədər olan bir çox fantastlar əsasən janrın romantikası və ya texniki yönlərinə fokuslanmışdılar.
"Allah olmaq çətindir", "STALKER" kimi filmlərlə qardaşların böyüklüyünə əmin olmaq olar. Onlar yeniliyi yarada bilirdilər. Struqatskiy qardaşları ayrıca məktəb kimi qəbul edilir və müasir Rusiyanın ən çox oxunan yerli yazıçılarından hesab olunurlar.
Mahiyyət və nəticələr
İdeya sadə olsa da (bəşəriyyətin inkişafının tənzimlənməsi), fəlsəfi, etik, əxlaqi və elmi yöndən əsaslandırılması və təsviri olduqca mürəkkəb və maraqlıdır. Əsərdə kosmik gəmilər, pafos və ya hər hansısa macəra olmasa da, sadə sovet mənzili, sadə alimlər və arxalarında dayanan böyük güc - elmin gücü var. İdeya və informativlik baxımından olduqca zəngin olan "Dünyanın sonuna milyard il qalmış" əsəri bizə ali sivilizasiya və bizim sivilizasiyamız arasında olan qarşılıqlı əlaqələrə nəzər yetirməyə çağırır.
Ədəbiyyat "yerdənkənar şüur" anlayışını yaradanda bir neçə suallar zənciri də yarandı: "Bu yerdənkənar şüur necədir? Necə olmalıdır? Bizə qarşı münasibəti nədən ibarətdir? Xeyrin, yoxsa şərin təmsilçisidir?". Və əgər yazıçı nə isə möhtəşəm gücə malik olan qüvvə yaratmaq istəyirsə, o, onu humanoid formasında edə bilməz. Əks təqdirdə əsər sadəcə macəra olacaq və fəlsəfi əhəmiyyətini itirəcək. Yox əgər yazıçı bu qüvvəni simasızlaşdırsa, nə isə hər yerdə keçərli unikal qüvvə formasında bizlərə təqdim etsə (biz ona hətta tanrı və ya allah da deyə bilərik), o zaman daha yaxşı nəticələr əldə etmək mümkündür. Struqatskiy qardaşlarının "Dünyanın sonuna milyard il qalmış" əsəri ilə söhbətini etdikləri güc (qüvvə) məhz belə bir şeydir - material təzahürdən ibarət olmayan ali varlıq - üst şüur.
Biz məsələni məğlubiyyət və qələbə kontekstində dəyərləndirə bilərik, amma əslində isə bu varlığın "big bang" kimi təbii elementidir. Biz təbiəti fəth etmək istəyirik. Bunu başa düşmək bir o qədər də çətin deyil. Təbiət (kainat, allah, tanrı və s.) layiqli rəqibdir. Biz onun balası olsaq da, qəribəyik. Layiqli rəqibə məğlub olmaq məyusedicidir, amma utancverici deyil. Bir də mübarizə aparmadan məğlub olan, təslim olan bəşər övladları var. Hansı daha ağırdır?
Deyəsən kainatın sonuna milyard il qalıb. İnsanın da, kainatın da, allahın da müəyyən vaxtı var. Hər şey sonludur. Hər şey vaxtında gözəldir. Nəyisə tələsdirməyə və gecikdirməyə ehtiyac yoxdur. Universal mexanizm var və o işləyir, qoy heç kim narahat olmasın. Bəşər övladı da öz ehtirasını cilovlasa yaxşı olar, yoxsa....
Comments
Post a Comment