Parazit/ Parasyte: The Maxim
17 yaşlı Siniçi İzuminin bədəninin bir hissəsi, daha dəqiq olsaq, sağ əli xüsusi parazitə yoluxub. Bu parazitlərin haradan və niyə görə peyda olduqları bilinmir, amma bilinən ən əsas məsələ odur ki, onlar insan bədəni ilə qidalanırlar. Siniçi bu məxluqla bir bədəndə birlikdə yaşamağa uyğunlaşmalıdır, çünki həmin bədən hər ikisi üçün eyni dərəcədə - sağ qalmaq üçün lazımdır. "Parazit" yarı insan, yarı bədheybət, amma çox güclü dostluqdan bəhs edən maraqlı bir animedir, izləməyə dəyər.
"Tokyolu Qhul" animesindən sonra "Parazit"in mövzusu mənə bir o qədər də qeyri-adi və müstəsna təəssüratlar yaşatmasa da, arada dağlar qədər fərq var. Ən azı onu deyə bilərəm ki, "Parazit" möhtəşəm obrazyaratma texnikasına, təkrarsız musiqi müşayiəti və fəlsəfi səhnələri ilə bir çox kiçikhəcmli (əsasən 30 seriyayadək olan) animeləri üstələyir. Belə olmasa idi, hər iki mövsümü izləyib bitirəndən sonra "Buna bir bax! O nə idi elə?!" kimi təəssüratı və təcrübəni yaşamazdım. Çox şad oldum ki, bu animeni izləmək qərarını verdim və sərf etiyim vaxt birmənalı olaraq israfdan tamamilə uzaq keçdi.
"Tokyolu Qhul" animesindən sonra "Parazit"in mövzusu mənə bir o qədər də qeyri-adi və müstəsna təəssüratlar yaşatmasa da, arada dağlar qədər fərq var. Ən azı onu deyə bilərəm ki, "Parazit" möhtəşəm obrazyaratma texnikasına, təkrarsız musiqi müşayiəti və fəlsəfi səhnələri ilə bir çox kiçikhəcmli (əsasən 30 seriyayadək olan) animeləri üstələyir. Belə olmasa idi, hər iki mövsümü izləyib bitirəndən sonra "Buna bir bax! O nə idi elə?!" kimi təəssüratı və təcrübəni yaşamazdım. Çox şad oldum ki, bu animeni izləmək qərarını verdim və sərf etiyim vaxt birmənalı olaraq israfdan tamamilə uzaq keçdi.
"Parazit"in süjeti klişedən tamamilə fərqli, çox ciddi fəlsəfi əsaslara malik və dinamikdir. Sanki tırtılın kəpənəyə çevrilməsini müşahidə edirik. Bu çox maraqlıdır, çünki müəyyən nöqtəyə gəlib çatanda sual verməmək olmur. Sual verirsən ki, nələr dəyişdi? Bəlkə əksinə heç nə dəyişmədi? Dəyişdisə niyə və ən əsası hadisələrin axınına müdaxilə etmək qərarını verəndən sonra hansı qurbanları vermək lazımdır? Sual verdikcə anlamağa başlayırsan ki, Siniçi adi bir qəhrəman deyil. Naruto kimi populist, Kaneki kimi əzilən, Layt Yaqami və L kimi təmkinli obrazlardan fərqli olaraq Siniçi bizlərdən birisidir. Onu başa düşmək daha asandır. Sadə məktəbli oğlan və hansısa kosmik konspirasiyanın kəsişməsi kəskin kontrast yaratsa da, təşkilatçılar elə edirlər ki, izləyici öz beynində dalana dirənməsin. Şübhəsiz, Siniçinin fiziki və intelektual təkamülünü izləyib bəşəriyyət və insanlığı narahat edən suallar ətrafında düşünmək çox maraqlı vizual təcrübə yaşadır. Sağ qalmaq konsepti ilə insani dəyərlərin arasnda yaranan mübarizə, altruizm və empatiyanın yad bir göz vasitəsi ilə dərk edilməyə çalışması bizə qiymətsiz bədii psixoloji məşq bəxş edir. Hər dəfə digər isnanları xilas etmək və ya ən azından onlara zərər vurmamaqla əlaqədar yaşanan mikromünaqişələr animenin əsas mahiyyətinin bir şaxəsidir və izləyiciyə ötürülən xüsusi siqnaldır.
Əgər bir şeyi yaxşı başa düşmək və ya yenidən kəşf etmək istəyiriksə, gərək elə baxş bucağı tapıb onu oradan müşahidə edək ki, ənənəvi biliklərimizin dominantlığı bizə yeni şeyləri öyrənməkdə maneə olmasınlar. Siniçinin sağ əli - Migi, yadplanetli şürunun nümunəsi kimi sıfırdan insan cəmiyyətini öyrənir. Öyrəndikcə də dəyişir, amma bunu çox biruzə vermir. Bax həmin o Migi sıfırlanmış anime izləyicisidir. Bir növ uzun illərlə alışdığımız anlayışlar, qayda-qanunlar, bütün dəyərləri birdən-birə yenidən kəşf etməli oluruq. Bu da bizə imkan yaradır ki, fərqli düşüncə tərzi və yanaşması ilə əvvəllər düşünmədiklərimizi bir daha düşünək. Eqzistensializm və digər əlaqədar fəlsəfi mövzular obrazları bir-birinə bağlayan, onları daima irəli hərəkət etdirən yanacaq rolunu oynayır. Məhz belə məqamlar animeyə yüksək intellektuallıq qatır. Təbii ki, animelərdə əgər əkşn və dinamika olmasa idi onlara anime demək olmazdı. "Parazit"də də döyüşlər, mübarizə, qan və dəhşət elementləri kifayət qədər boldur.
Musiqi tərtibatı baxımından isə ayrıca danışmaq lazımdır. Az qala hər səhnəyə xüsusi mahnı bəstələnib. Çox az səhnədə eyni fon musiqisini eşitmək olur. Aşağıdakı siyahıdan 2-3 musiqi seçib dinləsəniz nə demək istədiyimi anlayacaqsınız. Musiqi məsələsi bu animeni mənə sevdirən ən əsas səbəblərdən oldu.
Comments
Post a Comment