Başağrıdan insan/ The Bothersome Man

40 yaşlı Andreas qəribə bir şəhərə gəlib çıxır. Ora necə və niyə gəldiyi haqda heç bir anlayışı yoxdur. Ona hər cürə şərait yaradılır. İş, ev, hətta həyat yoldaşı da təqdim olunur, lakin o, hiss edir ki, nə isə qaydasında deyil. Andreas şəhərdən qaçmaq istəsə də, görür ki, bu mümkün deyil. Sonradan Hüqo ilə tanış olur. Hüqo evinin zirzəmisinin divarında tapdığı çatdan qəribə səslər gəlir. Beləliklə də yeni dünyaya olan maraq hər şeyə üstün gəlir...

Elə bir dünya təsəvvür edin ki, orada hər şey təmiz, səliqəli və idealdır. Müdürünüz sizi demək olar ki, hər gün nahar etməyə dəvət edir, sizə qarşı çox yaxşıdır və hər gün qədərindən çox işləyib-işləmədiyiniz haqqında suallar soruşur. Bundan əlavə, işə ürəyiniz nə qədər istərsə, o qədər də fasilə verə biləcəyinizi bildirir. Yediyiniz yeməyin heç bir dadı yoxdur, spirtli içkilər sizi sərxoş etmir, uşaqlar yoxdur, onlar sadəcə dünyaya gəlmirlər, eləcə də ölüm yoxdur, intihar cəhdləri isə əbəsdir. Cinslərarası münasibətlərdə heç bir intriqa və lazımsız problemlər yoxdur, çünki heç bir xüsusi yanaşma yoxdur. Siz bir başqa əks cins üçün növbəti obyektsiz. Sizə bir şey deyim, bura elə bir yerdir ki, ancaq əbədiyyət anlayışı ilə müqayisə etmək olar. Bir yerdə ki, insanlar doğulmurlar və ölmürlər, ora ancaq cəhənnəm ola bilər! Əbədiyyətdə isə heç vaxt fərdilik anlayışı sağ qala bilməz. İndividuallıq gec-tez hansısa müəmmalı və qaranlıq ali iradəyə təslim olub onun içində həll olur. 
Andreas

İş orasındadır ki, rejissor Cens Liyen (Jens Lien) dini mənzillərin təsvirindən çox, müəyyən konseptual elementləri istifadə eədərək antiutopik cəmiyyəti nümayiş etdirib. Xüsusilə də, film Norveç kinematoqrafiyasının məhsuludur. Oralarda belə mövzular çox aktualdır. Cəmiyyət o qədər inkişaf edib ki və dövlət sistemi də öz növbəsində o səviyyədə vətəndaşına şərait yaradıb ki, insanlar çətinlik görməyərək darıxdırıcı həyat yaşayırlar. Yəqin eşitmiş olarsınız, bəzən deyirlər ki, Norveçdə insanlar sırf yenilik olsun deyə intihar edirlər. Bütün bu deyilənlərin timsalında "Başağrıdan insan" bir növ bu problemlərə işıq salan, onları tənqid edən filmdir. 

Belə bir sual ortaya çıxır: insan ətrafını, yoxsa ətrafı insana uyğunlaşmalıdır? Bəzilərinə görə bu sualın cavabı çox sadədir və konkretdir, amma şəxsən mənə görə, bu cavablandırılması mümkün olan ən çətin sualdır. Odur ki, gəlin ehtiyatlı olaq. Hələ indiyə qədər heç kim belə mövzularda düzgün mövqe sərgiləməyib. İndi bizim bu başağrıdan adamımız, Andreas da qəribə insandır. O, sanki çox şey istəyir. Məsələn, səmimilik, həqiqi sevgi, individuallıq. Qoxuların, ətirlərin, həqiqi musiqinin və dadın olmadığı mühitdə isə buna nail olmaq mümkün deyil. İnsan nə vaxt öz fərdiliyinin zövqünü hiss edir? O vaxtı ki, individual olaraq nədənsə həzz alsın, yaşadığını başa düşsün. Məsələn, bəzən adi bir yeməyin ətri, gözəl musiqi insanı xoşbəxt edə bilir, çünki ona onun yaşadığını, həzz ala bildiyini və fərdiliyini xatırladır. Əgər biləndə ki, bir qadın səni və ancaq səni sevir, bu insanı xoşbəxt edir. Lakin biləndə ki, onun həyatında başqası və ya başqaları var, onda sən özünü məğlub hiss edirsən, çünki həmin qadının qəlbini bütünlüklə öz sevginlə doldurmalı olduğun halda, o, məhəbbət defisitini hiss edib sağa-sola baxıb və əsrarəngiz gözlərini səndən çəkib. Müəyyən mənada hər şey bu qədər sadədir. Amma Andreasın düşdüyü bu qəribə qaranlıq şəhərdə heç də hər şey belə deyil. Orada nə qoxular var, nə yaxşı musiqi var, nə də dadından zövq ala biləcəyin yeməklər. Sistem bütün bunlardan məhrum edərək ideal xoşbəxt cəmiyyət yaradıb. Bir növ, elə bir materialistik kommunizm yaranıb ki, fərdlər hər şeyə eyni dərəcədə sahibdirlər. Elə bir şey yoxdur ki, çatışmasın, amma belə bir bərabərlik çoxlu qurbanları da özü ilə qaçılmaz edib (məsələn, dad hiss etmək, ətir qoxlamaq, uşaq sahibi olmaq, hətta ölmək!). Sistem-fərd münasibətlərini təhlil etmək və insanda hər şeyin emosional müstəvidə baş verdiyini anlamaq baxımıdan "Başağrıdan insan" çox gözəl nümunələrdən hesab edilmədir. 

Lakin "Başağrıdan insan" bir antiutopiya və ya distopiya kimi natamam, naqis və bir çox çatışmazlıqlara sahiblik cəhətdən də özünü göstərir. Oruell, Haksli, Kafka kimi yazıçıları oxumuş birisi kimi, antiutopiya janrında bişib-bərkimişəm. Bu janrı digərlərindən fərqli elən və qabardan, hər şeydə dəqiq olmağı və abstraktizmdən qaçmağı ehtiva etməsindədir. Təəssüf ki, filmdə biz bir çox səhnədə sonu olmayan işarələrə, epizodlara və elementlərə şahidlik edirik. Sanki, rejissor və ya ssenarist demək istədiklərini tam deməyiblər, ya da özləri qəsdən belə ediblər ki, fərqlənsinlər. İkinci halda bu heç də uğurlu nəticəyə səbəb olmayıb. Səbəb də janrın xarakterik xüsusiyyətləri ilə olan münaqişələrdədir. Başqa sözlə, oyunu qaydaların görə oynamaq lazımdır. Əgər komanda janrı öz yaradıcı fikirləri üçün ən ideal növ kimi mənimsəyiblərsə, bu o deməkdir ki, onlar müvafiq janrın qaydalarına hörmət etməli, onunla hesablaşmalıdırlar. "Başağrıdan insan"da bu heç də arzuolunan səviyyədə belə deyil. Ona görə də filmə qarşı münasibətim birmənalı olmadı. Distopiya janrının bir tələbatı kimi dəqiqlikdən kənaraçıxmalar mənə qeyri-ciddi təəssüratlar bağışladı. Belə mövzularda yükün çox böyük hissəsi rejissorun üzərinə düşür. Bəzən bəzi şeyləri təbii olaraq izləyicinin üzərinə də yükləmək olar, amma bir daha təkrarçılıq edib demək isətrdim ki, janrın tələblərinə görə gərək film özü izləyiciyə əziyyət vermədən sual doğuran məqamları aradan qaldırsın. Əks təqdirdə "Başağrıdan insan" antiutopiaya əsəri kimi özünü doğrultmur. Antiutopiyanı antiutopiya edən də məhz onun utopiyanın əksi olması və alternativ təxəyyül və yanaşma tərzi tələb etməsidir. Buna isə heç də bütün izləyicilər malik deyil. İncəsənətdə obyektivlik subyektivliyə qalib gəlməyəndə öz ilahi qüvvəsini tirir. 

Yekunda onu deyim ki, real şəhərin yardımı ilə sürreal cəmiyyətin, qara yumor atmosferinin və antiutopik ideyaların yaradılması çox maraqlı və güclü ismarıcları ötürən ekran əsərini yaradıb. Film birmənalı olaraq izlənməyə dəyərlidir. Bərabərlik, eynilik və bunların arasında qalan fərdiliyin necə mövcud ola biləcəyini müşahidə etmək möhtəşəmdir. 






















Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi