Mən, Deniyel Bleyk/ I, Daniel Blake
59 yaşlı dülgər Deniyel Bleyk, iki uşaq anası ilə dostlaşıb dövlət sisteminin vətəndaşları üçün yaratdığı bütün "şərait" ilə yaxından tanış olmağa başlayır. Bu səyahət başından sonuna qədər emosiya, ümidsizlik və xəfif məzhəkə ilə zəngindir. Ehtiyatlı olun, çünki rəngli film olmağına baxmayaraq, Deniyelin timsalında sistemlə üz-üzə dayanan fərdin nuru ilə sistemin zülməti arasındakı ağ-qara kadrların arasında özümüzü itirə bilərik...
İki vətəndaş təsəvvürünüzə gətirin: biri infarkt keçirmək məcburiyyətində qalır, digəri isə fahişəliklə məşğul olmağa vadar olunur. Hər ikisi mehriban, vicdanlı, dürüst və tamamilə normal insanlardır. Baxan kimi bilinir ki, bir ömür düzgünlüklə və şərəflə yaşayıblar. İndi isə çətinliyə düşüblər. Deniyel sağlamlığı ilə əlaqədar problem yaşayıb və buna görə də iş həyatından kənarlaşdırılıb, Keti isə ailə dramına görə paytaxt şəhərdən regional yerə köç edib. Hər ikisi dövlət idarəsində, vətəndaşlara qarşı anormal xidmətin təmin edildiyi şəraitdə görüşür və dostlaşırlar. Filmin süjeti bundan sonra ikiqat daha maraqlı və kəskin olmağa başlayır. İrəliləyən dəqiqələr bizə insanların qurduğu mürəkkəb cəmiyyətlərin, bürokratiyanın, dövlət idarələrinin necə də vətəndaşlara düşmən kəsildiyini nümayiş etdirir. Üstəlik abzasın girişində qeyd etdiyim kimi, Deniyelin infarktına və Ketinin fahişəliyinə məhz dövlət səbəbkar olur. Uzun süründürməçiliklər və dolaşıqlıq onları qısa müddət ərzində sağ qalmaq uğrunda insan cəmiyyətinin qaranlıq guşələrinə addım atmalarına məcbur edir.
"Mən, Deniyel Bleyk" filmi sistemlərin reallığını bütün çılpaqlığı ilə göstərən və qurduğumuz cəmiyyətlərin bizim yaşamaq uğrunda verdiyimiz çabaları necə də artırdığını sübut edən filmdir. Yoxsul təbəqənin və ya zəhmətkeş sinifin səsini eşitməmək üçün stol və stul arxasında oturan və simvolik əmək haqqında razılaşan "işçilər"i gördükcə vətəndaş sözünün necə də ucuzlaşdığını və öz əhəmiyyətini itirdiyini görürdüm. Deniyel sistemin içində çəkdiyi əzabları çox gözəl əks etdirə bilirdi. Keti isə patriarx cəmiyyətlərin qadınları istismar etmək üçün tərtib etdiyi tələlərə düşürdü (məsələn, fahişəlik). "Mən müştəri, istehlakçı, xidmət istifadəçisi deyiləm. Mən sosial sığorta nömrəsi deyiləm. Heç vaxt xeyriyyə istəməmişəm və qəbul da etməmişəm. Mənim adım Deniyel Bleykdir, mən insanam, köpək yox! Mən Deniyel Bleykəm, vətəndaşam, nə az, nə də çox, sadəcə vətəndaşam." deyən Deniyelin haqq-hüququnu oğurlayan, özünəhörmətlə və ləyaqətlə yaşamağı ona çox görən dövlət və ya sistemin parçası olmağa razıyıqmı? Bu sualın necə də narahatverici olduğunu yaxşı başa düşürəm və "Vendetta üçün V" filmində də deyildiyi kimi, gündəlik həyatın yeknəsəkliyinin təmin etdiyi rahatlığı pozduğunun da fərqindəyəm, amma iş orasındadır ki, getdikcə hər şey daha da pisləşə bilər. Ehtiyatlı olun.
Ötürdüyü sosial ismarıclar, simvolizə etdiyi əxlaqi dəyərlər və həqiqi demaqogiyaya çağırışı ilə "Mən, Deniyel Bleyk" çox maraqlı filmdir. Baxmayaraq ki, film Birləşmiş Krallığın timsalında çəkilib, izlədikcə başa düşdüm ki, qlobal olan yeganə şeyin dövlət və sistem laqeydliyi olduğunu başa düşürük. Filmin mövzusunu aşağı və orta təbəqə izləyiciləri Çində də, Hindistanda da, Braziliyada da və ya Azərbaycanda da çox yaxşı anlayacaqlar. Çünki film elə onların özləri haqqındadır...
Comments
Post a Comment