Aleksandr Soljenitsın - Xərçəng korpusu

RUS: Александр Солженицын - Раковый Корпус
ENG: Aleksandr Solzhenitsyn - Cancer Ward

"Xərçəng korpusu" Aleksandr Soljenitsının əsəri olub, elə yazıçının özünün 1954-cü ildə Daşkənddə onkoloji xəstəlikdən müalicə təcrübəsinə əsaslanır. 1963-66-cı illərdə qələmə alınan əsər, ölümcül xəstəliklərə düçar olan insanların yaşadıqlarını möhtəşəm bədiliklə təsvir edir. Eləcə də "xərçəng" xəstəliyinə tutulmuş Sovet hökümətinə tənqidlər edilir. Yazıçı özü əsərini povest kimi dəyərləndirirdi. 

Roman ilk dəfə baş redaktoru Aleksandr Tvardovski olan "Yeni dünya" jurnalında dərc edilməyə qəbul edilmişdi. Hətta müəlliflə müqavilə də bağlanmışdı. Romanın birinci hissəsi SSRİ Yazıçılar Birliyinin nəsr bölməsində fəal şəkildə müzakirə edilmişdi. Həmin dövrdə mərkəzi idarəetmədə mövcud olan senzura "Xərçəng korpusu"nun nə "Yeni dünya" jurnalında, nə də SSRİ-nın başqa bir yerində işıq üzü görməyinə imkan vermədi. Buna baxmayaraq, roman qeyri-rəsmi nəşriyyatlarda çıxırdı və qısa müddət ərzində qərbdə başqa xarici dillərə tərcümə edilərək də yayıldı. "Xərçəng korpusu" "Dairədə birinci" (В круге первом) əsəri ilə birlikdə ona Nobel mükafatının verilməsində mühüm rol oynayıb.

Rusiyada və postsovet məkanında həmişə susmalı olduğu halda bunu etməyən insanlar olub. Onlardan biri də Soljenitsın idi. O, elə yazıçılardan və aydınlardan birisidir ki, cəmiyyətin ən aşağı təbəqəsindən qalxıb. Belə insanlar mənzərəni bütünlüklə görmək iqtidarında olurlar. Ona görə də onların istər bədii yaradıcıllıqları olsun, istərsə də qeyri-bədii tövhələri sadə insanlara, adi vətəndaşlara yaxın olur. 
Aleksandr Soljenitsın 

SSRİ onu "Yeni dünya" jurnalında dərc olunan "İvan Denisoviçin bir günü" əsərindən tanıdı. Onun bu hekayəsi rus ədəbiyyatına tamamilə yeni janrı - düşərgə ədəbiyyatını gətirdi. "Arxipelaq QULAQ" isə Stalin rejiminin əsirlərinin məktublarına əsaslanan islah əmək düşərgəsinin reallıqları idi. Bu əsərə görə o, ölkədən qovularaq mühacirat həyatı yaşamalı olmuşdu. Vətənindən ayrı düşən, yad ölkələrdə yaşamalı olan Soljenitsın hər zaman humanizmin tərəfində olub. Bəlkə də elə buna görə o, xərçəng xəstəliyinə qalib gəlib, islah əmək düşərgələrinin ağır şərtlərinə tab gətirib və dəfələrlə ona qarşı törədilmək istənilən sui-qəsdlərdən sağ çıxa bilib. Belə mübariz insanın istənilən kitabı bizə həm keçmişimizi, həm də gələcəyimizi əks etdirən ayna kimidir. 

Romanın süjeti kifayət qədər sadədir. Belə ki, hadisələr Daşkənd Tibb İnstitutunun nəzdnində fəaliyyət göstərən, çirkli və daima ağzına qədər insanla dolu olan xərçəng korpusunda cərəyan edir. Soljenitsın müəyyən bir palatanın pasiyentlərinin müalicəsi, ölümlə mübarizəsi və onların daxili dünyasında baş verənlər kimi mikro hadisələrin fonunda, ideoloji mübahisə və münaqişələr, siyasi fəaliyyətlər kimi makro hadisələri birləşdirib gözəl bədii dill ilə təhkiyə edir. Obrazların arasında keçmiş məhbus, Stalin sisteminin adepti və həm də sistemin xəbərçisi, məktəbli, alim, kitabxanaçı və inşaat işçisi var. Belə zəngin obrazlılıq yazıçıya şərait yaradıb ki, həmin dövrün SSRİ reallıqlarını oxucuya daha yaxşı çatdırsın. Mütaliə etdikcə oxucu özü çox şeyi müqayisə edir, analiz və sintez vasitəsi ilə də formasiyanın ruhunu hiss edir. Həm bir postsovet insanı kimi mövzu mənə maraqlı olduğuna görə, həm də haradan gəlib haraya getdiyimizi dərk etməkdən ötəri dəridən-qabıqdan çıxan birisi kimi, "Xərçəng korpusu" mənə əməlli-başlı zəngin material təqdim etdi. Yazıçının müstəsna bədii imkanları və yazı üslubu olmadan bunu etmək mümkün ola bilməzdi. Ona görə də Soljenitsından ilk kitabı oxumaq kifayət etdi ki, həm onun digər əsərlərini oxumaq qərarını verim, həm də ona heyran olum. 

Əsərin ən əsas ideyası ondan ibarətdir ki, kimliyindən və vəzifəsindən asılı olmadan (obraz müxtəlifliyini yada salaq) insanlar sağalmaz ağır xəstəliklər vasitəsi ilə eyniləşirlər. Əvvəllər yüksək ranqlı məmur, ya da aşağı vəzifəli kitabxanaçı gəlib eyni palatada ölümcül xəstəliklə mübarizə aparır. Əvvəllər bəlkə də, onları çox şey bir-birindən fərqləndirirdi (hərgah sovet cəmiyyəti elə qurulmalı idi, orada bərabərslizlik və sinfi cəmiyyət olmasın, halbuki belə əsərlər sübut edir ki, bu heç də belə olmayıb), amma xəstəlik, indiki halda, xərçəng onları bir sırada addımlamağa vadar edir. Nəticədə dərdlərini, bəd günlərini, arzularını və xəyallarını bir-biri ilə bölüşmək məcburiyyətində olurlar. Ən əsası isə, palata həyatı, xəstəxanada stasionar müalicə kimi proses çox gözəl təsvir olunub. Mən bunun nə olduğunu çox yaxşı bilirəm. Buna səbəb hərbi xidmət illərində 1 aya yaxın revmatizmdən palata rejimində müalicə almağım olub. Palataların öz qayda-qanunları, yazılmamış qaydaları və münasibətlər çox özünəməxsus şeydir. "Xərçəng korpusu"nu oxuyaraq onları xatırlayırdım. Onu da qeyd etmək yerinə düşər ki, əsəri o adamlar anlamaqda çətinlik çəkə bilər ki, qeyd etdiyim kimi xəstəxana həyatından tamamilə bixəbər olsunlar. Yazılanların həqiqi ruhunu və atmosferini hiss etmək üçün ordakılara bənzər şeylərin azacıq bir qismini yaşamış olmaq çox vacibdir. 

İnsanlar ağrısız, işgəncəsiz, rahat, şad-xürrəm həyat yaşamaq istəyirlər. Onlar həyatda qalmaq və arzularını yerinə yetirmək üçün çalışırlar. Adi bir məktəblinin, məhbusun, kitabxanaçının timsalında biz sadəcə xəstəliyə düçar olmuş insanların ölüm qorxusunu yox, həm də öz-özlərinə və ictimaiyyətə verdikləri hesabatı görürük. Əsərdə təhkiyənin tez-tez obraz dəyişdirməsi də məhz bu amala xidmət etməyin doğurduğu bədii fənd idi. İlk cümlələri Rusanov kimi partiyanın əməkdar işçisinin, rejimin sevimli elementinin, xəbərçisinin gözləri ilə oxumağımız, daha sonra Kostaqlotov kimi min-bir əziyyətlə öz fərdiliyini və insanlığını qorumaq istəyən, haqqını tələb etməkdən qorxmayan obrazla sonlandırmağımız, elə belə səbəbdən deyil. Yazıçı bir növ gizli ismarıclar ötürür ki, Rusanov kimi insanların vaxtı var. Onlar gəldi-gedərdilər. Eynilə Sovet sisteminin özü kimi. Hər nə qədər bir müddət meydan sulayıb at oynatsalar da, sonda geriyə Kostoqlotov kimi əsl səmimi vətəndaşlar qalacaq və cəmiyyəti məhz onlar formalaşdıracaq. Həm də ağrısız yaşamağn sadəcə bədənlə məhdudlaşmadığını da müşahidə edirik. Məsələn, Kostoqlotovun hormonoterapiya haqqında öyrəndiklərindən sonra bunları deməsi, insana onun həyatdakı yeri və rolu haqqında düşünmək üçün maraqlı başlanğıc nöqtələri təqdim edir: İlk öncə məni həyatımdan məhrum etdilər. İndi də məni...özümü davam etməkdən məhrum edirlər. Bundan sonra kimə və nəyə lazım olacam? Üzdəniraqların ən pisi! 

Hətta ağır xəstəliyin cəngində olsa da, insan öz ideologiyası uğrunda fikrini ifadə etməli və ondan imtina etməməlidir. Obrazların arasında belə dialoqların yaranmağı və qeyd etdiyim kimi müxtəlifmiqyaslı mübahisə və münaqişələrə səbəb olması insan mənəviyyatının və arzularının, həyat eşqinin sonsuzluğuna olan parlaq işarələrdir. Lakin təəssüflər olsun ki, sistemlər insanları müxtəlif həbsxanalara həbs edərək onların şüurunu əridir və nəinki bir insan kimi, ümumiyyətlə canlı varlıq kimi onları təhrif edir. Bu kontekstdə əsas obraz Kostoqlotovun islah əmək düşərgələrində qazandığı qəribə təfəkkür - hər şeydə və hər yerdə məhbəsi və zorakılığı görməsi buna əyani sübutdur. Kostoqlotovu başa düşən oxucu, əsəri də bütünlüklə dərk edir. Şəxsən mən əsəri oxuduqca bu insanın dövlət aparatı tərəfindən necə də mənən sındırıldığını görürdüm. Belə olan halda da insan öz mahiyyətini itirir. Geriyə qalan fiziki sağlamlıq da hətta ondan üz döndərir. Kostoqlotovun xərçəng xəstəliyinə düçar olması onun ikitərəfli tələdə olduğunu sübut edən, başına sonu görünməyən lənətlərin yağış kimi töküldüyünü göstərən metafizik reallıqdır. Bir şeyi də unutmayaq: bizlərdən heç birimiz istəsək belə Kostoqlotovu sona qədər başa düşə bilmərik. Onun kimi qazamat, islah əmək düşərgəsi görən, ancaq və ancaq təzyiqlərə, zorakılığa və təşkilatlanmış əclaflığa məruz qalan insanlarla, bunları görməyən insanlar arasında dəmir pərdə var. Minlərlə belə insan həmin dövrdə SSRİ-nın ərazisinə yayılmışdı. Onlar öz həiqətlərinin uğrunda azacıq da olsa nə isə etdiklərinə görə belə damğalanmışdılar. Bu adi oğurluq, adam öldürmək deyildi. SSRİ və Stalin lənətinin mahiyyətində dayanan ən əsas xarakterik xüsusiyyətlərdən biri də o idi ki, türmə kimi yerə öz idealları uğrunda mübraizə aparan, həqiqi demokratiya tələb edən və xalqın güzəranını fikirlərşən insanlar düşürdü. Həqiqi oğrular, quldurlar və digər üzdəniraq nifaq sahibləri isə sistemin hesabına və elə sistemin özündə simbioz həyat yaşayırdılar. Düşünmək olar ki, hər ik itərəfin, həm sistemin, həm də disidentlərin öz həqiqəti var idi və onlar bir-biri ilə haqlı olaraq da mübarizə aparırdılar. Aamma bu qeyri-bərabər döyüş idi yoldaşlar. İnsanın sistem tərəfindən korlandığı, tanınmaz hala salındığı yerdə hansı dövlətçilik ənənəsindən və ictimai iqtisadi rifahdan söhbət gedə bilər? Hansı sosial ədalət və əxlaqi-mənəvi dəyərləri görmək olar? Heç birini. Mən Kostoqlotov kimi insaların ruhunu yad edirəm və təəssüf edirəm ki, mənim həmnövlərin insanlar vaxtilə belə sistemlər quraraq və indi də bunu fərqli formada icra edərək ictima deqradasiya və fərdi faciələrə səbəb olublar. Sistemlərin əsl üzünü görmək üçün Kostoqlotov kimi obrazlarda əks olunan ictimai reallıqları müşahidə etmək yetərlidir. Aleksandr Soljenitsın da bunu ustadcasına bədii formada təsvir edib. Ən əsası, Kostoqlotov elə yazıçının özüdür. 

Ölüm təhlükəsi bəzən təkcə bir yerdən yox, bir neçə yerdən qaynaqlana bilir. Belə olan halda sağ qalmaq şansı çox azdı. SSRİ kimi sistemdə dövlət tərəfindən məruz qaldıqları ölüm təhlükəsi, digər tərəfdən də bədənin içində özünə yer eləmiş xərçəng kimi xəstəlik səbəbindən sağ qalmaq mübarizəsi çox ağır, keşməkeşli həyatdan xəbər verir. Əsərdə bu çalarları əsasən bir əsas obraz - Kostoqlotovun timsalında görürük. Yazıçı özü Stalin rejimi tərəfindən sürgünə mərzu qalmışdı və onun düşərgə həyatı elə Stalinin ölümü ilə də sonlanmışdı. Odur ki, Kostoqlotovu yaxşı başa düşəsək, biz həm də yazıçının özünü yaxşı başa düşmüş olarıq. Rusanov kimi antiqəhrəman isə bizə sistemi simvolizə edən, onun mənəvi dəyərsizliyini, vicdansızlığını və əclaflığını göstərən bədii sütundur. 

"Xərçəng korpusu" bir oxucu kimi məndə nələrisə dəyişdi. Mənən dəyişən, bərkiyən və irəliyə daha da inamla və cəsarətlə baxan oxucu yazıçının nail ola biləcəyi ən ali uğurdur. Bu əsər hər nə qədər sovet dövrü üçün aktual idisə, postsovet dövründə artıqlaması ilə aktualdır. Buna səbəb gələcəyimizin keçmişimizin aynası olmağı ilə əlaqədardır. Keçmişimizi, xüsusən də onun adi vətəndaşlarının, əzab-zəiyyət çəkən, təqib olunan, haqsızlığıa məruz qalan fərdlərinin timsalında öyrənməliyik ki, bir daha ölümcül səhvlərə yol verməyək. Yol verməyək ki, dövlətçilik ənənələrimiz bərpa olsun və sağlam cəmiyyətə sahib olaq. 

Ən xoş ümidlərlə! 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi