Kabaçok kimi həyatım/ My Life as a Zucchini

Kabaçok 9 yaşlı oğlan uşağının ləqəbidir. Anasını bədbəxt hadisə nəticəsində itirən Kabaçok, polis Reymondla dostlaşır. Reymond onu uşaq evinə aparır. Orada Kabaçok yeni dostlar qazanır. Bir müddət onlarla dostlaşmağa və uşaq evinə uyğunlaşmaqda çətinliklər çəksə də, sonradan Reymondun və yeni dostlarının köməkliyi ilə əsl dostluğu, sevgini və yeni ailəsini tapa bilir. "Kabaçok kimi həyatım" unutduğumuz şeyləri xatırlamaq və uşaqların təmiz və saf dünyasına səyahət etməyə çağırış edən möhtəşəm ekran əsəridir. 

66 dəqiqəlik qısa xronometraja baxmayaraq, "Kabaçok kimi həyatım" kifayət qədər emosional çalarları öz içinə sığışdırıb. Bir növ, elə bir işlə qarşı-qarşıyayıq ki, o bizə zamanın nisbiliyini bir daha sübut edir və hər şeyin əslində hislər müstəvisində olub-bitdiyini göstərir. Lakoniklik və latentlik qəribə sadəliyə, bu da öz növbəsində məxsusi vizual təama səbəb olub. Hər bir obraz zamanla inkişaf edir və öz şəxsi keyfiyyətlərini yeni prizmadan göstərir. Obrazlar - uşaqlar, vaxt keçdikcə izləyiciyə doğmalaşır və izləyici onların qayğılarını özününkü kimi hiss etməyə başlayır. Kabaçok uşaq evinin vasitəsi ilə həyata atılır. Reymondun və yeni dostlarının vasitəsi ilə uzaq düşdüyü ailə şəfqəti, mehribançılıq və sevgi ilə yenidən tanış olur. 
Kabaçok

Müəyyən epizodlarda biz böyüklərin dünyası ilə uşaqların dünyası arasında yaranan qaçılmaz körpüləri görür, onları bir-biri ilə müqayisə edir və müəyyən nəticələr çıxarırıq. Ən əsası isə, filmə canlılıq və humanizm qatan onun çəkiliş formatıdır, yəni texniki yönləridir. Müəyyən ekspressivlik çatışmazlığına rəğmən, uşaqların xüsusi tipdə və formada təsvir olunması impressionizmdən xəbər verir ki, bu da olduqca çətin vəzifənin öhdəsindən uğurla gəlindiyini sübut edir. Süjet, ssenari və ya digər mühüm elementlər heç də hər zaman vacib olmur. Xüsusilə də məsələ uşaqlarla əlaqədardırsa, bu məqam daha da aktuallaşır. Bəzən ideyalarla obrazların yaradılışı arasında formalaşdırılan adaptasiyalar daha ön plana çıxır. Əsl yaradıcıllıq odur ki, həmişəki dünyaya və bayağı reallıqlara yeni nəfəs qata bilsin. "Kabaçok kimi həyatım" məhz belə bir filmdir. Yoxsa onu digər yetim uşaqlar haqqında olan ekran əsərlərindən fərqləndirən başqa unikal xüsusiyyət olmazdı. Məhz sadalananlar çərçivəsində qiymətləndirmə aparanda biz başa düşürük ki, fransız kinematoqrafiyası, sözün həqiqi mənasında, əsl müasir incəsənət işi ortaya qoyub və onu izləməməklə nələrdənsə məhrum qalmaq olar. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi