Ostin Kleon - Rəssam kimi oğurla

ENG: Austin Kleon - Steal Like an Artist: 10 Things Nobody Told You About Being Creative
RUS: Остин Клеон - Кради как художник. 10 уроков творческого самовыражения

Bu kitab Ostin Kleonun Nyu York Universitetində tələbələrə verdiyi mühazirədən sonra yaranıb. Müəllif tələbələrə yeni başlayan rəssam olduğu günlərdə başqalarından eşitmək istədiyi 10 məsləhətini verib. Sonradan mühazirənin mətni internetdə sürətlə yayılmağa başladığına görə, müəllif fikirlərini dərinləşdirib və bu mövzuda kitab yazmaq qərarını verib. 

Ostin Kelon gənc yazıçı və rəssamdır. O, yeni rəqəmsal erada dünyadan baş çıxarmaq üçün təklif etdiyi bir çox yaradıcı işləri ilə tanınır. Müəllifin "Rəssam kimi oğurla" kitabından savayı "Newspaper Blackout" adlı kitabı da var ki, harada onun 2010-cu ildə nəşr olunan şeirlər və köşə yazılarından ibarət kitabdır. Onun rəsm və mətn işlərini The New York Times, The Wall Street Journal kimi jurnallarda, eləcə də 20?200.com, NPR's Morning Edition, PBSNewshour kimi veb-səhifələrdə görmək mümkündür. Pixar, Google və TEDx-in tədbirlərində də tez-tez iştirak edir. "Rəssam kimi oğurla" - kitabın adı diqqətimi cəlb etmişdi və əlimə keçən kimi oxudum. Belə şəxsi inkişaf və motivasiya xarakterli kitablarla əlaqədar zəngin təcrübəm var. Odur ki, yazdıqlarıma güvənə bilərsiniz. 

Kitabı iki böyük hissəyə bölmək olar. 1-ci hissə - konkret və faydalı hissə və 2-ci hissə - mənasız, təkrarçı və lazımsız hissə. Daha dəqiq olsun deyə faiz nisbəti və ya ona oxşar rəqəmsal ifadə vasitələrindən istifadə etməyəcəm, çünki bu rəqəmləri qeyri-dəqiqlik məqsədi ilə istismar etməkdir. Lakin belə iki təzadlı hissənin bir kitabda yerləşməsinə təəccüblənmirəm. Adətən nəşriyyatlar müəllifləri həcmartırma kimi axmaq işlərlə məşğul olmağa vadar edirlər. Hər iki tərəfin də əsas diqqət mərkəzi gəlir olduğuna görə, müəllif çıxılmaz vəziyyətdə qala bilər. Açıq-aydın hiss olunur ki. 1-ci hissə müəllifin real əqli işlərinə əsaslanır, lakin ikinci hissədə, harada ki, yüngülçəkili məsləhətlər verilir, hər şey həcmartırma üçündür. Həmin məsləhətlərin real əlavə dəyəri yox dərəcəsindədir. 

Kitabı 50% faydalı hesab etmək belə kifayət qədər yaxşı nəticədir. Yazıda öz şəxsi üslubun, iş tərzi və özfəaliyyət kimi məsələlərdə yaxşı məsləhətlər və konkret istiqamət göstərdiyiniə görə "Rəssam kimi oğurla" maraqlı nümunədir, lakin qeyd etdiyim o "problemli" ikinci hissə imkan vermir ki, kitabı şəxsi inkişaf klişelərindən fərqli, ən azından bir addım öndə bir iş kimi dəyərləndirək. Xərcləri tənzimləmək, xoşbəxt həyat yaşamaq və digər məişət məsələlərini yazı və yaradıcıllıqla əlaqələndirmək olar, amma kitabda bu maraqlı və özünəməxsus bir şey kimi alınmayıb, əksinə itələyici təsir bağışlayır. Bütün bunların fonunda kitabın marketinqi əladır. Həm qərb ölkələrində, həm də Rusiyada "Rəssam kimi oğurla"nın belə yaxşı satılması və tanınması birmənalı olaraq eksklüziv nəşr formatı və aqressiv marketinq strategiyasına əsaslanır. Nə demək olar. Kitabın içindəki ideya və dəyərləri istehlak etmək əvəzinə, müasir dövrümüz bizi kitabın özünü, fiziki obyekt kimi, yəni sərt üz qabıqlı və kağızlı əmtəə kimi istehlak etməyə məcbur edir. 

İkinci bir məqam da ondan ibarətdir ki, istər bədii olsun, istərsə də qeyri-bədii kitab, hər bir halda oxucuların gözündə onların formalaşmış, oturuşmuş yazı üslubu standartları var ki, onlara əməl etmək mütləqdir. "Rəssam kimi oğurla" kitabının mütaliəsi bəzən mənə hansısa bloq yazısını və ya köşə yazısını xatırladırdı. Müəllif müəyyə uğyunlaşdırma cəhdləri edib, daha doğrusu, mətn kontentinə əlavə kontent növlərinin vasitəsi ilə müxtəlif üsulları icra edib, amma oxucu kimi bu mənə maraqlı olmadı. Əksinə, yarana biləcək səmimi yazıçı-oxucu münasibətlərinə xələl gətirdi. 

Belə janrlı kitablarda deyiləsi çox şey olmur. Mütaliə əsnasında bəyəndiniz bəyəndiniz, bəyənmədiniz eynilə bəyənmədiyinizi bildirəcək konkret təəssürat formalaşacaq. 

Comments

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi