İxracatın əhəmiyyəti - Deniyel Lederman və Uilyam Maloni (+Qeydlər)


İnkişaf üçün ölkə iqtisadiyyatlarının nə ixrac etdiyi əhəmiyyətlidirmi? Əgər əhəmiyyətlidirsə, sənaye siyasətləri bazar tərəfindən formalaşdırılan ixracat səbətini inkişaf etdirə bilərmi? Bu kitab qeyd edilən suallara müxtəlif konsept və iqtisadi siyasət yönündən yanaşır. Sənaye siyasəti ilə əlaqədar nəzəri arqumentləri araşdıran müəlliflər, sektorları inkişafa yönəldən indikatorları və cari sənaye siyasətlərini təhlil edirlər. Eyni məhsulları ixrac edən (xüsusilə təbii resurslar), lakin fərqli nəticələr əldə edən ölkələrin təcrübələri çox analitik və maraqlı formada bir-biri ilə müqayisə olunur. Müəlliflər qloballaşan dünyanın iqtisadi reallıqlarını nəzərə alıb, ölkələri nə istehsal etməyə deyil, əsasən necə istehsal etməyə fokuslanmağı məsləhət görürlər. 


Kitab mənə maraqlı olan iqtisadi araşdırmalara toxunduğuna görə diqqətimi çoxdan idi cəlb etmişdi. İqtisadi siyasətin olduqca əhəmiyyətli və həmişə aktual kateqoriyası, sənaye siyasəti həm ölkəmiz, həm də digər ölkələrin iqtisadiyyatlarını başa düşmək üçün çox mühüm əhəmiyyət kəsb edir. "İxracatın əhəmiyyəti?" bu baxımdan olduqca informativ elmi ədəbiyyatdır. Kitabı oxumaq istəyənlər mütləq yüksək miqdarda elmi məlumatlar, iqtisadçı adı və qrafiklərə hazır olsunlar. Elmi araşdırma və iqtisadi təhlil aparan şəxslər üçün isə kitabı heç də mürəkkəb və qəliz kitab kimi görməyəcək, əksinə, öz araşdırmaları üçün rahatlıqla istifadə edə biləcəklər. Aşağıda kitabı yükləmək üçün keçid və kitabın mütaliəsi əsnasında etdiyim qeydlər yer alıb. 

Kitabı PDF formatda yükləmək üçün keçidi istifadə edin: https://yadi.sk/i/Z-7SQYQJ3KAh7C

Qeydlər
1) Resurs lənətinə inanan bütöv bir nəsil araşdırmaçıların yaranması üçün 2 fakt məsuliyyət daşıyır: Birincisi, istehsal dinamosuna çevrilməyən ölkələrin "bilik iqtisadiyyatından" kənarda qalması faktı, ikincisi, hələ Adam Smitdən başlayaraq təbii resursların aşağı insan və fikizi kapitala, məhsuldarlıq artımına və aşağı sektorlararası əlaqələrə səbəb olması faktı. 

2) Ticarət iqtisadçısı Yakob Vayner (Jacob Viner) qeyd edirdi ki, istehsalın kənd təsərrüfatının üzərində heç bir məxsusi üstünlüyü yoxdur. Vaynerin iddialarına əsaslanan Martin və Mitra inkişaf etmiş və etməkdə olan ölkələri araşdıraraq, ümumi faktor məhsuldarlığının kənd təsərrüftında sənayedən daha çox olduğunu aşkar etdilər. 

3) Adam Smitdən bu yana klassik kənar təsirlər iqtisadiyyatının prinsiplərinə oxşar arumentlər səsləndirilirdi ki, bəs təbii resurslara əasaslanan iqtisadiyyatlarda aşağı insan və fikizi kapitala, məhsuldarlıq artımına və zəif sektorlararası əlaqələr formalaşır. Halubki, Blomström və Kokko qeyd edirlər ki, Şimali Avropada Saab, Volvo və Nokia kimi dünya markaları meşə sənayesi və nəqliyyat sektorunun digər sektorlara sirayət etməsinin nəticəsində formalaşıblar. Təbii ki sual yarana bilər ki, bəs niyə görə belə vahid iqtisadi inkişaf resurslarla zəngin Latın Amerikasında formalaşmayıb? Maloni (Maloney) iddia edir ki, bu iki səbəbə görə olub: insan kapitalının timsalında milli təhsil və innovasiyaya investisiyanın qoyulmaması texnoloji və elmi cəhətdən geridə qalmışlığa səbəb oldu. İkincisi, təbii resurslar innovasiyanı sıxışdıraraq ölkələrin sənayeləşmə ərəfəsində texnologiyanın idxalına əsaslanan renta gəlirlərinin formalaşması əvəzinə, süni inhisar rentasının əldə olunmasına əsaslanan sektoru formalaşdırıb. 

4) 4-cü bölmədə təhsil ilə iqtisadiyyat arasında olan əlqələrin araşdırılması və iqtisadi siyasət vasitəsi ilə özəl sektora təhsili dəstəkləmək üçün stimulların verilməsindən bəhs edən elmi aradşırmalar haqqında çoxlu məlumatlar yer alıb. Müsbət kənar təsir kimi təhsilin istehsalata və sənaye sektorlarına təsiri və “bacarıq premiumları” haqqında qeydlər diqqəti cəlb edir. Brambilla, Lederman, və Porto (2012) niyə görə ixracatla məşğul olan şirkətlərin yerli bazarlara fokuslanan şirkətlərdən fərqli olaraq daha yüksək ixtisaslı kadrları işə götürdükkləri haqqında maraqlı araşdırma aparıblar. Qısaca olaraq onu qeyd etmək lazımdır ki, xarici müştərilərə məhsul və ya xidmət satan firmalar, xarici dil bilən, daha yaxşı keyfiyyətə malik məhsul və xidməti təmin etməyi bacaran və digər bilikləri ilə əlavə dəyər yaratmağı bacaran ixtisaslı kadrları işə götürürlər, nəinki yerli bazarlara fokuslanan şirkətlər. Lakin bu bir qanunauyğunluq formasında hər yerdə özünü doğruldan hipotez kimi özünü doğrultmayıb. Brambilla və başqaları Latın Amerikasında icra etdiyi araşdırmaya əsasən, sektorları 3 hissəyə bölüb: yüksək, orta və aşağı reytinqli sektorlar və müəyyənləşdirlib ki, hər bir sektorda istehsalat və ticarət yönümlü məhsul və xidmət yaradılsa da, ixracat yönümlü sektorun bacarıq premiumları baxımından daha yaxşı göstəricilərə malik olduğunu deyilən bilməz. 

5) İxracatın ortalama dəyəri adambaşına düşən ÜDM ilə düz mütənasib formada qalxır. Buna baxmayaraq, ölkə müxtəlif keyfiyyət variasiyalarına sahib məhsul və xidmət ixracını icra etsə, gəlirlilik baxımından daha aşağı risk səviyyəsinə malik olacaq, çünki bəzən kasıb ölkələrə aşağı keyfiyyətə malik məhsul və xidmət ixrac etmək də kifayət qədər gəlirli ola bilər. 

6) Məhsul və xidmətlər uzun zaman periodu üçün müxtəlif üsullarla və iqtisadi inkişafa müxtəlif formada təsir gücünə malik olmaqla istehsal oluna bilər. Günümüzün reallığı olan yüksək texnoloji məhsul və xidmətlərina digər sənaye sahələri üçün müsbət kənar təsirlər formalaşdırabilmə potensialı onların necə istehsal olunmasından asılıdır. 

7) Ölkənin hansı tip məhsul ixrac etdiyinin əhəmiyyəti yüksəkdir. Kənar təsirlər, renta gəlirlər və digər bir çox iqtisadi faktor bütün məhsullara eyni dərəcədə aid edilən xüsusiyyətlərdir. Buna baxmayaraq, iqtisadi siyasət yönündən hansı sənaye sahəsinin inkişaf etdirilməsi ilə əlaqədar konkret qayda-qanun yoxdur, çünki kənar təsirləri ölçmək olduqca çətin bir şeydir.  

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi