Qara laqun/ Black Lagoon

Adi bir yapon ofis işçisinin müasir piratlar tərəfindən oğurlanması və daha sonra da öz komandalarına dəvət edilməsi, onu əvvəllər bixəbər olduğu yeni dünyaya atılmağa sövq edir. Rok düşünürdü ki, darıxdırıcı korporativ həyat tərzindənsə hərəkətliliyin bol olduğu pirat həyatı yaxşı olacaq, amma bu seçimin də özü ilə birlikdə gətirdiyi çətinliklər oldu...

Özümə sual verirəm ki, niyə görə bu anime diqqətimi çəkdi? Niyə görə onu izlədim və ondan kifayət qədər razı qaldım? Deyərdim ki, buna əsas səbəb baş obraz Revi oldu. Çünki, kobud, öldürməyi sevən, amansız, özünə qarşı səmimi, olmaq istədiyi kimi olan bir qadın obrazı mənə hansısa xəyallarımı xatırladı. Öyərşdiyimiz qadın tipindən çox fərqlənən və qəddar olsa da, hardasa qəlbinin dərinliyində incə olan Revi "cool"dur. Özümü Rok kimi çəlimsiz, fağır, humanist və özgə bir obrazın timsalında daha çox tapırdımsa da, ona qarşı məndə heç bir ciddi simpatiya formalaşmadı. İki əsas obraz - Revi və Rokun bir-birini necə dəyişdirdiyini, bir-birinə necə təsir etdiyini izləmək çox maraqlı idi. Aralarında yaranan gizli sevgi və hörmət onları çətin yollarda daha rahat addımlamağa kömək edirdi. Ayrı-ayrı dünyaların iki insanı bəzən bir-birilərinə qarşı doğma ruh ola bilir. Bax bütün bunlar məni "Qara laqun"a dartıb gətirən səbələrdir.

Animedə bəyəndiyim digər xüsusiyyət də ondan ibarət oldu ki, obrazların müxtəlifliyi yüksək səviyyədə idi. Hər obrazın bir milliyətə, bəzisinin bir neçə milliyətin qarışığına sahib olması ona qloballıq qatırdı. Eləcə də mafiya və klanlararın da müxtəlif etnik kimliyə sahib olması süjeti maraqlı edirdi. Süjeti maraqsız edən, daha doğrusu ona fraqmentasiya qatan vahid xəttin olmamasıdır. Məsələn, birinci mövsümdə bir neçə hadisə və macəranın baş verməsi, eləcə də ikinci mövsümdə də iki böyük hadisələr zəncirinin realizə olması məndə elə təəssürat yaradırdı ki, sanki mən hansısa dördbucaqlı fiqur formasında olan ərazinin başına dolanıram. Bol odlu silah səsləri, ölüm, həyəcan, intriqa, dava-dalaş və çirkli oyunların olması bizə adrenalinartırıcılığı simulyasiya etsə də, hər şey sonda süjtə gəlib dirənir. Onun da pərakəndə olması məndə heç də birmənalı olmayan təəssüratları oyatdı. Həm də rus mafiyası məsələsi çox şişirdilib. Hər şeyi bacaran və mütləq güclü qüvvələr animeyə statiklik qatır. 

Animeni digərlərindən fərqləndirən xüsusiyyətdən birisi də odur ki, burda xeyirlə şərin mübarizəsindən, işıqlı qüvvələrlə qaranlıq qüvvələrin qarşıdurmasından və ya konkret olaraq sürünün qabağında gedən hansısa qəhrəmanın igidliyindən söhbət getmir. Bəlkə də bu səbəbə görə animenin vahid süjet xətti yoxdur. 

Dünyada hər şeyin heç də göründüyü kimi sadə olmadığını, arxa fonda çalışan mexanizmlərin iş prinsiplərini əks etdirməsi baxımından "Qara laqun" həm realistikdir, həm də öyrədici. Unutmayaq ki, hətta ən ekstremal, ümidsiz və iyrənc yerlərdə belə insan çətinliklə də olsa öz insanlığını qəlbinin dərinliyində qoruyub-saxlayır. Hər bir epizodun sonunda nə isə qəribə hislər hiss edirsən. Sezirsən ki, baş verənlər əslində heç də birbaşa düz üzə deyilmiş şeylər deyil, nələrinsə formasını dəyişmiş halıdır. Uzun sözün qısası, "Qara laqun"u yetkin insanlar üçün nəzərdə tutulmuş yaxşı anime hesab edirəm. 

P.S. Musiqi müşayiəti əla idi. Animeləri elə buna görə çox sevirəm. Nümunələrlə tanış olmaq istəsəniz, aşağıda sizin üçün şərait yaratmışam. 😅😅↓↓


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi